XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

26 Noyabr 2018 - 00:07

Belarus-Ermənistan münasibətlərində gərginlik pik həddə çatdı –İrəvandan Lukaşenkoya ittihamlar səslənməyə başladı

Rusiya ilə Ermənistan, eləcə də Moskvanın digər müttəfiqləri arasındakı boşluq getdikcə daha çox diqqətə çarpır və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) baş katibinin kreslosu ilə bağlı məsələ sürətlə yaxınlaşan yekun səhnəsinin elementlərindən yalnız biridir.

Xatırladaq ki, KTMT baş katibi Yuri Xaçaturov geri çağırıldıqdan sonra Qazaxıstan və Belarus bu vəzifəyə Minskdən namizəd irəli sürdülər. Nəticədə diplomatik iş təcrübəsi olmayan Nikol Paşinyan Belarusun ünvanına sərt bəyanatlar səsləndirdi.

Minsk, Ermənistan baş nazirinin “hərarətini azaltdı”, amma bu ona kifayət etmədi və Nikol Paşinyan yenidən Belarus və Qazaxıstanın, eləcə də onun istədiyini deməyən istənilən ölkənin rəhbərliyi ilə məsələni ayırd edəcəyini bəyan etdi: “Mən nə demişəmsə gücündə qalır və qalacaq…”.

Belarus müxalifətçiləri tərəfindən Nikol Paşinyana göstərilən dəstək də ehtimal oluna biləcək zərbələrdən xəbər verir.

Məsələn, Belarusda yayımlanan Polşa telekanalı “Belsat”ın efirində Belarusun müxalif politoloqu Valeri Karbaleviç bildirib ki, “Minskin Azərbaycana silah çatdırmaq barədə qərarı onun, inqilabçı əhval-ruhiyyəsinə görə Ermənistanı cəzalandırmaq cəhdlərindən biridir”.

Əgər bu məntiqə söykənsək, onda belə çıxır ki, ABŞ-ın Amerika silahı almaq təklifi Vaşinqtonun Ermənistana dəstək verməsi deməkdir. Yeri gəlmişkən, Ermənistanın xarici işlər naziri səlahiyyətlərinin müvəqqəti icraçısı Zoqrab Mnatsakanyan da bu günlərdə “Aravot” qəzetinə müsahibəsində belə imkanı istisna etməyib. Mövzu isə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Boltonun oktyabrın sonunda Cənubi Qafqaza səfərindən sonra aktuallaşdı. Xatırladaq ki, o, Nikol Paşinyana Rusiya yox, Amerika hərbi texnikasını almağı təklif etmişdi.

“Ermənistan suveren dövlətdir və qərarları öz maraqlarına əsaslanaraq qəbul edir. Biz Ermənistanın təhlükəsizliyini möhkəmləndirəcək hər şeyi edəcəyik”, – deyə Zoqrab Mnatsakanyan bildirib. Əgər deyilənləri diplomatik dildən adi dilə tərcümə etsək, onda həmin ifadə belə səslənəcək: “Əgər istəsək, Amerika silahı alacağıq və heç kəs bizə heç nə deyə bilməz”.

Erməni “sasunski cəsurları”, daha sadə desək, siyasi partiyaya çevrilmiş “Sasna Tsrer” qruplaşmasından olan terrorçular isə ümumiyyətlə “Rusiyanı Ermənistandan qovmaq” arzusunda olduqlarını bildirirlər.

Onlar Rusiya ilə münasibətlərdə mövcud “regional güclərdən biri” strategiyasının xarakterinin sıraviyə qədər azaldılmasında, Ermənistanın KTMT və Avrasiya İqtisadi Birliyindən çıxması və Rusiyanın hərbi bazasının Ermənistan ərazisindən çıxarılması istiqamətində münasibətlərə yenidən baxılmasında israr edirlər.

“Sasna Tsrer” isə Ermənistanın “Paşinyan parlamentinin” yeni çağırış seçkilərində tələb olunan baryeri aşmaq şansına malikdir və bu, erməni mütəxəssislərinin çoxu tərəfindən də istisna edilmir.

Ermənistanda da, başqa ölkələrdə olduğu kimi, ölkəni narahat edən bir çox bədbəxtlikləri fərdiləşdirməyi sevirlər.

Yerevan analitikləri, hətta Ermənistanın yeni səlahiyyətliləri tərəfindən şişirdilən “Qazprom” un “erməni törəməsi” ilə bağlı qalmaqalı da Rusiya prezidenti Vladimir Putinlə əlaqələndirmək barədə qərar veriblər.

Məsələn, Yerevan nəşri “Lraqir” yazır ki, 6 dekabra (KTMT-nin Sankt-Peterburqdakı sammiti onda keçiriləcək-red.) qədər Ermənistan “Rusiya ilə mübahisəli məsələləri” nizama salmağa çalışır. Onlardan biri də qazın qiymətidir”.

“… Yerevan, energetika nazirinin (Qereqin Baqramyan – red.) dili ilə, faktiki olaraq, bildirdi ki, Rusiya qazına tariflərin azaldılması üçün iqtisadi əsaslar var. Bu vaxt Ermənistanın energetika naziri etiraf edib ki, Ermənistan və Rusiya arasında qaz razılaşması, faktiki olaraq, İctimai xidmətlərin nizama salınması üzrə Komissiyanı tariflərə təsir etmək imkanından məhrum edir. Yəni tariflər haqda qərarlar ən yüksək siyasi səviyyədə qəbul edilir.

Beləliklə, Yerevan, faktiki olaraq, Ermənistanda tariflərə görə məsuliyyəti Putinin üzərinə qoyub. Yəni erməni yetkililərinin dediklərindən belə çıxır ki, Ermənistan vətəndaşının qaza görə nə qədər pul ödəyəcəyi Rusiya prezidentinin qərarından asılıdır. Deməli, Ermənistan vətəndaşlarının Rusiya rəhbərliyinə münasibətinin necəliyi həmin qərardan asılı olacaq. Bax, Ermənistan üçün “cəsarətli”, ümumiyyətlə, son illər tipik olan iddia bundan ibarətdir.

Anti-Rusiya əhval-ruhiyyəsi əvvəlki hakimiyyət vaxtı da olduqca gözə çarpırdı. Amma Nikol Paşinyanın dövründə o, ikiqat çiçəkləndi.

Sonra Ermənistanda təəccüblənirlər: “Hayastan” ümumerməni fondunun illik telemarafonunun nəticəsinə görə niyə belə az vəsait yığılıb? Yeri gəlmişkən, Nikol Paşinyan özü bu barədə bilmirdi, ona demişdilər ki, hər şey qaydasındadır. Amma sonra erməni jurnalistləri onu, necə deyərlər, maarifləndirdilər.

Məsələ ondadır ki, telemarafonun gedişatında Rusiyada yaşayan erməni oliqarxları pul köçürməkdən çəkinməyi üstün tutdular. Təbii ki, bu, təsadüfi deyildi. Mümkündür ki, Moskva ABŞ-dan və ya Fransadan Ermənistana pul axınlarını məhdudlaşdıra bilməsin, amma Rusiyadan – buna dəqiq qadirdir…

Nikol Paşinyan özünün “Mənim addımım” siyasi təşkilatınnda “addımlamağa” davam edir. 24 noyabrda o, tərəfdarları ilə aksiya keçirdi və hətta bütün Yerevan boyu 37 kilometr məsafəni addımladı. Bu ilin yazında Gümrüdən Yerevana qədər marşrut daha uzun idi – 215 kilometr. Ancaq…

Bu küçəölçmələr və seçkiqabağı verilən vədlər Ermənistanın iqtisadi və siyasi problemlərinin həllinə nə dərəcədə kömək edəcək? Özü də qış ərəfəsində? (virtualaz.org)