XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

27 Noyabr 2018 - 13:38

Gələn il hansı sahələrə daha çox vəsait ayrılacaq? –Nazir açıqladı

“2019-cu il büdcə layihəsinin müzakirəsi zamanı millət vəkilləri tərəfindən irəli sürülən təkliflər müzakirə edilib. Qaldırılan məsələlərin təminatı zamanı həm də makroiqtisadi sabitlik, büdcə dayanıqlılığının təmin edilməsi baxımdan baxılıb. Bəzi xərclərə dəyişiklik edilib”.

Bu sözləri maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2019-cu il büdcə layihəsinin ikinci müzakirəsi zamanı deyib.

Maliyyə naziri bildirib ki, irəli sürülən təkliflərin dəyəri 610 milyon manat təşkil edir: “Artımın əsas hissəsi sosial xərclərə yönəlib. Belə ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün Dövlət Neft Fondundan 200 milyon manat əlavə vəsaitin ayrılması nəzərdə tutulub. Məşğulluq tədbirlərinin keçirilməsi üçün əlavə 80 milyon manat, 2019-2020 ildən başlayaraq dövlət sifarişi təhsil alanların xərcləri və digər təhsil xərcləri üçün 11 milyon manat təhsil xərclərinə əlavə ediləcək, gənclər fondunun xərcləri 2.7 milyon manat artırılacaq ki, bu da 4.4 dəfə artım deməkdir. Gələn il Azərbaycan Milli Elmlər Akademiyasına 800 min manat, səhiyyə xərclərinə 4 milyon manat əlavə vəsait ayrılacaq. Milli Məclisin xərcləri 10.1 milyon manat artırılıb, suvarılan sahələrin artırılması üçün kənd təsərrüfatı xərcləri 40 milyon manat artırılıb.

Ümumilikdə 256 milyon manat islahatların həyata keçirilməsi üçün tədbirlərin maliyyələşməsi üçün nəzərdə tutulub. Bələdiyyələrə ayrılan vəsait 500 min manat dəyərində azaldılacaq. Yeni yaradılan və strukturunda dəyişiklik edilən sturukturlar üçün 5.5 milyon manat vəsait ayrılacaq”.

S.Şərifov onu da vurğulayıb ki, millət vəkilləri tərəfindən səsləndirilən digər təkliflər də hökumət tərəfindən müzakirə ediləcək, növbəti illərin büdcəsində əksini tapacaq: “Onu da qeyd edim ki, həmin təkliflərin dəyəri 7 milyon manat təşkil edir ki, bu təklifin qəbul edilməsi hazırkı durumda real deyil”.

Teleqraf.com