XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

01 Dekabr 2018 - 12:42

Qubad İbadoğlu:"Vergilər Nazirliyi bu layihəni ən azı 6 ay əvvəl təqdim etməli idi"

ADR sədri, iqtisadçı Qubad İbadoğlu dünən Milli Məclisdə təsdiq olunan “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsi ilə bağlı fikirlərini açıqlayıb. Ekspert mətbuatda gedən ziddiyətli şərhlərin səbəbləri barədə də yazıb.

Strateq.az Q.İbadoğlunun şərhini oxuculara təqdim edir:

Fikrimcə, qarışıqlıq aşağıdakı səbəblərlə izah oluna bilər:
Birincisi, bu dəyişiklərin fəlsəfəsi və onun şərtləndirən amillər sadə və izahatlı şəkildə cəmiyyətə çatdırılmır. Əslində Vergi Məcəlləsində edilən dəyişiklərin fəlsəfəsi ondan ibarətdir ki, vergi ödənişləri dövriyyənin əsasında deyil, əsasən mənfəət bazasında hesablanıb, həyata keçirilsin. Bu da bazar iqtisadiyyatı baxımından çox mühümdür. Çünki müəssisələr xərclərinin cari, operativ və mühasibat uçotunu aparmağa, mənfəətini maksimumlaşdırmağa vərdiş etməlidir. Eyni zamanda Vergilər Nazirliyi bu dəyişiklərlə özəl bölmənin, xüsusilə də qeyri-neft sektorunun fəaliyyətini təşviq etmək istəyir. Yeri gəlmişkən, qeyd edim ki, yeni dəyişikliklər nə dövlət bölməsinə, nə də neft sektoruna şamil olunmur.

Bu dəyişikliyi şərtləndirən amillərə gəlincə, Vergilər Nazirliyi istəyir ki, gizli məşğulluğun leqallaşmasında vergi və sığorta vasitələrindən bir alət kimi yararlansın. Bunu zəruri edən səbəblərə sadələşdirlmiş vergidən büdcə daxilolmalarının azalması, xüsusilə də tikinti və ticarətdə mülki-hüquqi xarakterli müqavilələrlə xidmət göstərənlərin faktiki vergi və sığorta ödənişlərinin potensiala adekvat olmaması, eləcə də bu sahədə gizli məşğulluq geniş yayılması daxildir.

İkincisi, cəmiyyət və xüsusilə də fərdi sahibkarlar arasında iqtisadi maarifləndirmə işləri qısa zamanı əhatə edir və zəif gedir. Əslində, Vergilər Nazirliyi bu layihəni ən azı 6 ay əvvəl təqdim etməli və parlament müzakirəsinə qədər onunla bağlı izahat işləri aparmalı idi, müvafiq institutlarla, qeyri-hökumət təşkilatları ilə işləməli, ixtisaslaşmış jurnalistləri məlumatlandırmalı, onlara təlimlər keçməli idir. QHT-lər isə öz növbəsində vergi ödəyiciləri ilə, mətbuatla işləməlidirlər. Bu sahədə problemlər həm də bir çox QHT-lərin, eləcə də jurnalistlərin müvafiq bilik və bacarıqlarının olmaması ilə əlaqədardır.
Nəhayət, cəmiyyətin iqtisadi biliklərinin azlığı burda bir daha açıq şəkildə üzə çıxır. Bu bilikləri ilk növbədə orta məktəblər verməlidir. Yuxarı siniflər şagirdlərinə “İqtisadiyyatın əsasları” dərsi məcburi fənn kimi tədris olunmalı, şagirdlər də bu proqramla vergi işini də mənimsəməlidirlər. Hesab edirəm ki, bu problemi Vergilər Nazirliyi Təhsil Nazirliyi ilə birgə daha tez həll edə bilər. Yeri gəlmişkən, Təhsil Nazirliyi bu sahədə Vergilər Nazirliyinin əməkdaşı olan, akademik Akif Musayevin təcrübəsindən yararlana bilər.
Son olaraq qeyd edirəm ki, “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunun şərhini davam etdirəcəm. Odur ki, suallarınız yaranarsa, müraciət edə bilərsiniz. Sadəcə olaraq bu şərhi daha vacib hesab etdiyimə görə ona qabağa saldım.

Strateq.az