Rusiyadan fərqli səslər yüksəlməyə başlayıb. Maraqlıdır ki, Bəşər Əsədə qarşı səsləndirilən bu fikirlər rəsmi Moskvanın ən mötəbər dairələrindən gəlir.
Strateq.az xəbər verir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin ölkəsinin Suriya böhranına diplomatik, siyasi və hərbi baxımdan çox enerji sərf etdiyini vurğulayaraq, Dəməşqi Kremlin tövsiyələrinə əməl etməyə çağırıb. O, "Kommersant" qəzetinə açıqlamasında Suriyanın bu vəziyyətdən çıxmasına kömək etdiklərini Bəşər Əsəd hakimiyyətinə xatırladıb.
Bəşər Əsədin "qələbə çalmayana qədər döyüşməyə davam edəcəyik" sözlərinə münasibət bildirən Çurkin deyib:
"Əsədin açıqlamasını dinlədim. Təbii ki, bu açıqlamalar Rusiyanın diplomatik səylərinə uyğun gəlmir. Qarşımızda Suriya böhranıyla əlaqədar Vyana və Münhendə əldə olunan atəşkəs sazişinin təmin edilməsi və hərbi fəaliyyətlərin dayandırılması mövzuları var. Bunların üzərində çalışırıq".
Rusiyanın əməliyyatlarından əvvəl rejim güclərinin rəqib qarşısında dayana bilmədiyini yada salan diplomat bildirib:
“Əgər Əsəd rejimi heç bir atəşkəs təmin edilmədən zəfər qazanana qədər döyüşməyin lazım olduğunu düşünürsə, bu böhran çox uzun sürər".
Çürkin Rusiya-Türkiyə münasibətlərindən də danışıb və iki ölkə arasında tam bir qarşıdurma yaşanmayacağına inandığını deyib.