“Bu, növbədənkənar parlament seçkiləri – Ermənistan tarixində ən biabırçı seçkilərdir”.
Trend-in “News.am”a istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə Ermənistan Respublika partiyasının proporsional siyahısına daxil edilən David Şahnazryan bildirib.
Onun sözlərinə görə, təəssüf ki, seçkiqabağı təbliğat kampaniyası belə az davam edib: “Bu, Ermənistan tarixində ən biabırçı seçkilərdir. Təşviqat kampaniyası zamanı hədələr səslənib, hakimiyyət qüvvələri tərəfindən zorakılıq halları qeydə alınıb”.
O vurğulayıb ki, bu gün ölkə üçün çox mühüm gündür: “Mən Ermənistan vətəndaşlarının düzgün seçim etdiyindən şübhə etmirəm. Mən bir seçki bülletenini – çətin ki, hansı bülletenin olduğunu anlayasınız – zərfə, ikisini isə cibimə qoydum. Çünki onları digər 8-i ilə birlikdə zibil vedrəsinə atmaq istəmirdim”.
D.Şahnazaryan saxladığı bülletenləri saat 20:00-dan sonra Ermənistanın Respublika partiyasının qərargahında göstərəcəyinə dair söz verib.