XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

04 Mart 2015 - 07:47

Çörəyin qiymətilə bağlı edilən manipulyasiyalar

corek.jpg

“Artıq dövlət rəsmiləri də bir neçə dəfə bəyan edib ki, çörəyin qiymətində artım olmayacaq”

İlqar Hüseynli: “Birincisi işbazların marağıdır”
Manatın devalvasiyasından sonra bir çox məhsulların qiymətinin qalxaçağı ilə bağlı şayiələr yayılmağa başladı. Əsasən də, ən çox manipulyasiyanın edildiyi mövzu çörəyin qiymətilə bağlıdır. Mütəmadi olaraq, çörəyin qiymətinin artması ilə bağlı fikirlər səsləndirilir.
Ancaq yayılan şayiələrdən sonra məlum olur ki, mağazalrda satılan çörəklərin qiymətində heç bir artım müşahidə edilmir.
Son günlər əhali arasında çörəyin qiymətinin arta biləcəyi ilə bağlı yaranmış narahatlıqlara aydınlıq gətirmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Taxıl Fondunun rəhbəri Zülfüqar Məmmədov açıqlama verib.
Z. Məmmədov bildirib ki, əhalinin keyfiyyətli və bol çeşidli ərzaq məhsulları ilə etibarlı təminatı Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir: “Cənab Prezidentin bu həssas sahə üzrə verdiyi göstərişlər, imzaladığı sərəncamlar və qəbul etdiyi qərarlar, xüsusilə də çörək təminatı sahəsində bolluğun və qiymət sabitliyinin təmin edilməsinə səbəb olub.
“Taxıl haqqında” qanuna uyğun olaraq yaradılmış Dövlət Taxıl Fondunun əsas funksiyası fövqəladə hallarda istehlakçıların taxıl məhsullarına olan tələbatını ödəmək, dövlət taxıl ehtiyatlarını formalaşdırmaq, beynəlxalq öhdəlikləri yerinə yetirmək və lazım gəldikdə daxili taxıl bazarında kəskin qiymət dəyişmələrinin qarşısını almaqdır.
Azərbaycan Prezidentinin tapşırığının icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 30 dekabr 2014-cü il tarixli 406 nömrəli qərarı ilə Dövlət Taxıl Fonduna tədarük edilən taxılın həcmi 500 min tondan 750 min tona qaldırılıb ki, bu da daxili taxıl bazarında kəskin qiymət dəyişmələrinin qarşısını almaq məqsədilə intervensiya aparmağa, istisna hallarda qıtlıqdan sui-istifadə edilməklə qiymət artımına cəhdlərin qarşısının alınmasına imkan verir.
Bu gün Dövlət Taxıl Fondundakı yüksək keyfiyyətli ərzaqlıq buğda ehtiyatları 500 min tona yaxındır. Bununla yanaşı, saxlanma müddəti başa çatmış taxılın istifadəyə buraxılmasından əldə edilən vəsait hesabına əlavə olaraq yüksək keyfiyyətli ərzaqlıq buğdanın tədarük edilməsi istiqamətində Rusiya və Qazaxıstandan olan buğda istehsalçıları ilə danışıqlar aparılır.
Onu da bildirim ki, hazırda Dövlət Taxıl Fondundan un istehsalçıları olan müəssisələrə buğdanın bir tonu 185 manat 60 qəpiyə buraxılır. Belə qiymətlə yerli taxıl bazarına dövlət tərəfindən həyata keçirilən ciddi intervensiyanın nəticəsidir ki, əla növ 50 kq-lıq buğda ununun bir kisəsinin topdansatış qiyməti 16 manat həddində müəyyən olunub. Bu isə, öz növbəsində, ölkədə istehsal olunan çörəyin qiymətinin sabit saxlanması üçün əsas zəmindir, yəni çörəyin qiymətinin yüksəldilməsinə heç bir əsas yoxdur”.
Belə olan təqdirdə çörəyin qiymətinin artması və ya artırılacağı ilə bağlı yayılan dezinformasiyalar kimin marağına xidmət edə bilər? İşbazların, ya ölkədə siyasi sabitliyi hədəf alanların?
Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, manatla bağlı yaşananlardan sonra bəzi işbazların asan qazanca nə qədər meylli olması aydın göründü: “Bəllidir ki, böyük supermarketlər şəbəkələrinin iri anbarları var. Yəni onlar satdıqları malları iri həcmdə alırlar. Manatın qiymətinin düşdüyü gün bəzi malların qiymətini qaldırdılar. Düzdür, bəzi kommersiya növləri bazar qanunları ilə tənzimlənir. Ancaq bu məsələdə baha alıb baha satmaqdan söhbət getmirdi. Asan qazanca meyllilikdi. Dövlətin ciddi müdaxiləsindən sonra belə halların qarşısı alınmağa başlayıb. Bilirsiniz ki, bizm əhalinin çörəyin qiymətinə reaksiyası həssasdır. çünki digər ölkələrdən fərqli olaraq, bizim rasionumuzda çörəkdən çox istifadə edilir. Həm də bu hər gün alınan məhsuldu. Tez-tez çörəyin qiymətinin qalxması ilə bağlı məlumatlar yayılır. Bir növ əhalini psixoloji test edirlər. Bəzi əyalət rayonlarında həqiqətən qiymətin qaldırılmasına cəhdlər olmuşdu. Bu məsələdə iki faktor nəzərə çarpır. Birincisi işbazların marağıdır. Hansı ki, həqiqətən də çörəyin qiymətinin qaldırılmasını istəyirlər. İkincisi isə bu yolla ölkədəki stabilliyin pozulmasında maraqlı olan xarici qüvvələrdir. Artıq dövlət rəsmiləri də bir neçə dəfə bəyan edib ki, çörəyin qiymətində artım olmayacaq”.
Məhəmmədəli QƏRİBLİ