XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

10 Dekabr 2018 - 16:42

Qulu Məhərrəmli:"Gürcüstanda və Ermənistandakı seçkilərin nəticələrinin regiona təsir etmək ehtimalı güclüdür"

“Gürcüstan və Ermənistanda keçirilən son seçkilər Avropa təşkilatlarında xalqın iradəsinin ifadə olunması baxımından müsbət qiymətləndirilir. Təbii ki, burada qonşularımıza rəğbətdən doğan müəyyən subyektivlik axtarmaq olar, amma həmin seçkilərin bu ölkələrdəki siyasi inkişafa təkan verib onları irəli apardığını da danmaq olmaz”.

Bu sözləri tanınmış siyasi şərhçi Qulu Məhərrəmli qonşu ölkələrdə keçirilən prezident və parlament seçkilərinin nəticələrini Strateq.az-a şərh edərkən bildirib.

Ekspert hesab edir ki, bu seçkilər həm Gürcüstanda, həm də Ermənistanda cəmiyyətin diri olduğunu, bu ölkələrin öz inkişaf yolunu dəqiq müəyyənləşdirdiyini, həm də bu yolun demokratiyaya bağlılığını nümayiş etdirdi:

“Qonşu ölkələrdə mövcud faktı danmaq olmaz. Onu da danmaq olmaz ki, seçki hər iki ölkənin demokratik imicini möhkəmlətdi, parlament üsul-idarəsinin üstünlüklərini göstərdi. Xüsusən, Ermənistanın bu seçkilərdən uduşu çoxdur. Düzdür, son proseslərdə bu işğalçı ölkədə gedən proseslərdə kənar əlin olduğu iddia edilir. Amma bununla yanaşı Yerevan hər vəchlə dünyaya sübut etmək istəyir ki, o, Rusiyanın forpostu deyil, Moskvanın yedəyində getmir və guya müstəqil siyasi kurs aparır. Məncə, hər halda Paşinyan Qərbə bu mesajları verə bilir. Son iki ildə ABŞ-ın Yerevandakı səfirliyinin gücləndirilməsi, əməkdaşların sayının dəfələrlə artırılması, ölkənin Fransa və Almaniya ilə əlaqələrinin dərinləşməsi o deməkdir ki, Ermənistandakı proseslər sadəcə kiminsə şıltaqlığı deyil, burada çox ciddi proseslər gedir”.

Q.Məhərrəmlinin sözlərinə görə, istənilən seçki cəmiyyəti silkələyib ümidlər oyatmırsa, insanlarda ümid yaratmırsa, ölkəni irəli aparmırsa, onun heç bir əhəmiyyəti yoxdur: “Məhz bu mənada düşünürəm ki, Ermənistan və Gürcüstanda keçirilən son seçkilər əhəmiyyətli siyasi aksiyalardır və onların bütövlükdə regiona təsir etmək ehtimalı güclüdür”.

Strateq.az