XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2018 - 09:35

Putin ilin ən böyük “sorğu-sualına” hazırlaşır –Rusiya liderinin mətbuat konfransına 1702 jurnalist akkreditə olunub

Vladimir Putin özünün illik mətbuat konfransını dekabrın 20-də keçirəcək. Rusiya lideri ənənəvi marafon xarakteri daşıyan builki tədbirini populyarlığının xeyli düşdüyü bir vaxtda keçirir.

Kremlin məlumatına görə Putinin sayca 14-cü kütləvi mətbuat konfransına 1702 jurnalist akkreditə olunub.

Putin ilsonu mətbuat konfranslarından öz imicini möhkəmləndirmək, rusiyalıları etibarlı əllərdə olduqlarına əmin etmək və bir də ABŞ başda olmaqla bütün dünyaya müxtəlif siqnallar göndərmək üçün istifadə edir.

Lakin builki mətbuat konfransı rəy sorğularının nəticələrinə görə Putinin populyarlığının çox aşağı olduğu bir vaxta düşür. Rusiya iqtisadiyyatı, belə görünür ki, uzunmüddətli durğunluq fazasına daxil olub, qeyri-populyar pensiya islahatları isə liderin imicinə zərbə vurub. Üstəlik regional seçkilərdə Kremlin dəstəklədiyi bir sıra namizədlər uduzub.

Beynəlxalq səhnədə vəziyyət bir az babatdır. Ukraynanın Krım yarımadasını ilhaq edəndən bəri Rusiyanın Qərblə münasibətləri gərgin olaraq qalır. Qərb Rusiyanı Suriyadakı hərəkətlərinə, ABŞ seçkilərinə müdaxiləsi barədə iddialara görə tənqid edir.

Putinin ilsonu sual-cavab sessiyası əvvəlcədən çox ciddi şəkildə hazırlanır. Dəvət və akkreditə edilənlər yüzlərlə olsa da, sual verənlərin kimliyi əvvəlcədən müəyyən edilir. Yalnız say-seçmə media qurumlarının yerli problemlərdən tutmuş qlobal məsələlərədəkk sualları əvvəlcədən planlaşdırılır.

Bu tədbir bir qədər də teatrlaşdırılır. Beləki jurnalistlər liderin və onun mətbuat katibinin diqqətini cəlb etmək üçün əllərində plakatlar, müxtəlif işarələr və hətta heyvan müqəvvaları tuturlar.

Tədbir həm də uzunluğuna görə ad çıxarıb və 2008-ci ildəki 40 dəqiqədən hazırda 4 saata çatıb.

Ötən il dekabrın 14-də keçirilmiş sual-cavab marafonunda Vladimir Putin 1600 rusiyalı və xarici jurnalistin qarşısında mart ayında keçiriləcək seçkiyə qatılacağını elan etmişdi.

O həmin seçkini 76 faiz səslə udaraq dördüncü müddətə prezident seçilsə də, seçkinin özü ədalətsiz keçirildiyinə görə sərt tənqid edildi. Lakin o vaxtdan bəri ölkənin üzləşdiyi sosial və iqtisadi problemlər Putinin populyarlığına ciddi xələl gətirib.

Rusiyanın aparıcı, müstəqil “Levada” ictimai rəy sorğusu mərkəzinin noyabrda keçirdiyi sorğu Rusiya liderinin populyarlığının son beş ildə ilk dəfə olaraq 60 faizdən aşağı düşdüyünü göstərib.

“Levada”nın dekabrın 19-da elan etdiyi başqa bir rəy sorğusunun nəticələrinə görə Rusiyada Sovet İttifaqının xiffətini çəkənlərin sayı xeyli artıb. Hərçənd elə eyni rəy sorğusu bunu da göstərib ki, adamların SSRİ xiffəti əsasən Rusiya iqtisadiyyatının bugünkü ağır vəziyyəti ilə daha çox bağlıdır.

Putinin bütün vədlərinə baxmayaraq vəziyyətin yaxşıya doğru dəyişəcəyinin əlamətləri görünmür. Audit Palatasının rəhbəri Aleksei Kudrin noyabrın axırlarında demişdi ki, Rusiya iqtisadiyyatı İkinci Dünya Müharibəsinin sonundan bəri “ən uzun və ən dərin tənəzzülünü” yaşayır.

Kudrin bildirmişdi ki, Rusiya ciddi durğunluq girdabındadır və Qərbin hər hansı yeni sanksiyaları vəziyyəti daha da pisləşdirə bilər. Lakin sanksiyalar oldu-olmadı Putin bildirib ki, məqsəd 2021-ci ildədək ümumi daxili məhsulu ikiqat artırmaqdır.

Burası da var ki, dekabrın 20-də keçirilən mətbuat konfransında bir çox jurnalistlər daha bir suala cavab almaq istəyəcəklər: 2024-cü ildə Rusiya Konstitusiyasının Putinin prezidentliyinə verdiyi icazə bitəndən sonra nə olacaq? Bu müddətdən sonra Putin qanuna görə prezidentliyə namizəd ola bilməz.

(Azadlıq radiosu)