İran İnqilab Keşikçiləri Korpusunun komandiri Məhəmməd Pakpur PKK-ya hədə tonlu ultimatum göndərib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Tehranda anma mərasimində çıxışı zamanı Pakpur bildirib ki, İranın qərb sərhədinin bir hissəsi PKK-nın nəzarəti altındadır və lazım gələrsə, PKK-nı vurmağa hazırdılar:
«Əvvəllər ölkənin şimal-qərbindəki dağlıq bölgələrə təsir imkanlarımız yox idi. Orada polis idarələrimiz yoxuydu. Bölgə terrorçuların rahat hərəkət etdiyi əraziyə çevrilmişdi. Hər həftə qurulan tələlərə görə əsgərlərimiz şəhid olurdu. Lakin uzun mənzilli toplarla düşməni vura bilirdik. Ölkə rəhbərliyinin əmri ilə 2011-ci ildə bölgədə əməliyyatlara başladıq. Əsgərlərimiz mürəkkəb coğrafi şəraiti olan 3 min metrlik yüksəkliklərə də çıxmağa müvəffəq oldu. Əsgərlərimizin ora gedib çıxa bilməyəcəyini düşünən terrorçular çarəsizlikdən intihar etdilər. Əməliyyatlarda digər yüksəkliklərə də nəzarəti ələ aldıq. Hazırda düşmənin bütün mövqeləri müşahidəmiz altındadır. Hər hansı bir xətaya yol versələr, hava topları ilə onları vurarıq».