ABŞ-ın Suriyadan qoşunları çıxarmaq qərarından sonra PKK-ya bağlı kürd qruplaşmaların nəzarətində olan və Türkiyə sərhədinə 25 kilometr məsafədəki Menbiç bölgəsində vəziyyət sürətlə dəyişib. Bu gün Menbiçə nəzarət edən YPG kürd birləşmələrinin Türkiyənin bölgəyə qoşun yeritmə hazırlıqları ilə bağlı Bəşər Əsəd rejimindən kömək istədiyi haqda xəbərlər yayılıb.“Suriya hökumətini və silahlı qüvvələrini Menbiç də daxil olmaqla çəkildiyimiz bölgələri Türkiyədən qorumaq üçün dəvət edirik”-YPG bildirib.
Bu çağırışdan qısa müddət sonra Suriya ordusunun Baş qərargahı Bəşər Əsədə sadiq ordu qüvvələrinin Menbiçə daxil olduğunu bəyan edib. Məlumata görə Menbiçdə Suriya bayrağı qaldırılıb, ordu bölgənin bütün sakinlərinin təhlükəsizliyinə təminat verildiyini bildirib, “ölkənin suverenliyi üçün qüvvələri qorumağa” çağırıb. Habelə bildirilib ki, Suriya ordusu bölgəni istənilən xarici müdaxilədən qoruyacaq.
Türkiyə neçə gündür Suriya ilə sərhədə qoşun yığırdı və Menbiçə girməyə hazırlaşırdı. Menbiç bölgəsinə görə neçə vaxtdır Türkiyə, ABŞ və Rusiya arasında qızğın alver gedirdi. Həmin bölgədə məhdud Amerika hərbi kontingenti yerləşir və onlar İŞİD-ə qarşı mübarizədə kürdlərə dəstək verir. Lakin Ankara bildirir ki, Menbiçə nəzarət edən YPG Türkiyə üçün təhdiddir. Ankaranın bütün cəhdlərinə baxmayaraq ABŞ Menbiçdə kürdlərə dəstəyi kəsmirdi. Lakin bir neçə gün əvvəl prezident Tramp sürpriz şəkildə qoşunların Suriyadan çıxarılması haqda əmr imzalayanda vəziyyət dəyişdi. Tramp Ərdoğanla saatlarla davam edən telefon danışıqlarının yekunu olaraq bildirmişdi ki, ABŞ bölgəni Türkiyənin nəzarətinə buraxmağı qərara alıb.
Türkiyə Menbiçə qoşun yeritməyə hazırlaşarkən belə görünür ki, Bəşər Əsəd Ərdoğanı qabaqlayıb və kürdlərlə anlaşaraq öz qüvvələrini bölgəyə yerləşdirib. Rusiya Menbiçdə baş verən son hadisələrdən “məmnun olduğunu”, kürd bölgəsinə nəzarətin Suriya ordusuna keçdiyini bildirib.
Bu sürətli dəyişikliklərdən sonra Türkiyənin Menbiçə qoşu yeridib-yeritməməsi məsələsi açıq qalır. Türkiyə mənbələri bildirir ki, sabah MİT rəhbəri Hakan Fidan, müdafiə naziri Hulusi Akar və xarici işlər naziri Mövlut Çavuşoğlu Moskvaya gedəcək. Məqsəd Menbiçə planlaşdırılan hərbi əməliyyat zamanı Türkiyə aviasiyasının Suriyanın hava məkanından istifadəsini razılaşdırmaqdır. Suriyanın hava məkanına Rusiyanın zenit-raket sistemləri nəzarət edir.
Amma son hadisələrdən sonra Türkiyənin müdaxiləsi Əsəd ordusu ilə birbaşa qarşıdurma demək olacaq və Rusiyanın buna icazə verəcəyi ağlabatan deyil. (virtualaz.org)