XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

28 Dekabr 2018 - 23:37

Avropa Komissiyasının komissarından ABŞ-a etiraz:“Trampın hədələri bunun üçün əsas ola bilməz”

Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Öttinger ABŞ Prezidenti Donald Trampın Rusiyanın dəstəklədiyi “Şimal axını-2” boru xətti layihəsini tənqid etməsinə cavab olaraq bildirib ki, artıq bu layihənin həyata keçirilməsinə başlanılıb və onun dayandırılması heç bir məntiqə sığmır.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, D.Tramp 11 milyard dollara başa gələcək bu layihənin Almaniyanın Rusiyadan enerji asılılığını gücləndirəcəyini bəyan edib və alman hökumətini kəskin tənqid edib. ABŞ-ın energetika naziri Riçard Perri də ötən ay Vaşinqtonda keçirdiyi mətbuat konfransında bu layihədə iştirak edən şirkətlərə sanksiyalar tətbiq olunacağını bəyan etmişdi.

Krımın ilhaqından sonra münasibətləri gərginləşən Berlin və Moskva “Şimal axını-2” layihəsi üzrə ortaq maraqlara malikdirlər. Öttinger əlavə edib ki, onun özü bu layihənin tərəfdarı olmasa da, davam edən tikinti işlərinin dayandırılmasını məntiqsiz və qeyri-mümkün hesab edir. “Trampın hədələri bunun üçün əsas ola bilməz”, -deyə Avropa Komissiyasının komissarı vurğulayıb.

Almaniya hökuməti bu qaz kəmərinin çəkilməsinin əleyhdarı olan Avropa İttifaqının bir sıra ölkələrinin də tənqidlərinə etinasız yanaşıb, bildirib ki, bu, özəl sektorun həyata keçirdiyi layihədir. Vaşinqton isə Ukraynanın ərazisindən keçməyən bu boru xəttinin Kiyevi çox vacib tranzit gəlirindən məhrum edəcəyi və Moskvanın layihədən Avropanın parçalamaq üçün istifadə edəcəyini bəyan edib.

Öttinger onu da bildirib ki, ən ədalətli variant Ukrayna ərazisindən keçən boru kəmərlərinin istifadəsini gələcəkdə də davam etdirməkdir.

“Şimal axını – 2” qaz kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql edəcək gücə malik olacaq. Rusiyanın “Gazprom”, ingilis-holland qrupu “Shell”, Avstriyanın “OMV”, Fransanın “Engie”, Almaniyanın “Uniper” və “Wintershall” enerji şirkətləri layihənin əsas tərəfdaşlarıdırlar.