Məşhur “Foreign Policy” (FP) dərgsinin yazdığına görə Donald Trampın ABŞ qoşunlarını Suriyadan çıxarmaq qərarı o məntiqdən xəbər verir ki, Vaşinqton özünü İslam Dövləti adlandıran ekstremist təşkilatla mübarizədə bundan sonra tam olaraq Türkiyəyə güvənəcək.
Lakin məqalənin müəllifləri Kolin P. Klark və Əhməd S. Yayla bu qənaətdədirlər ki, ABŞ qoşunlarının Suriyadan çıxması mübarizənin həlledici mərhələsində İŞİD-in dirçəlişi üçün yeni imkanlar açacaq.
Tramp iddia edir ki, qoşunları Suriyadan çıxartmaq onun çoxdankı planı olub. Buna baxmayaraq, prezidentin qəfil qərarı ABŞ rəsmilərini və hətta Konqresi təəccübləndirib. Çünki ötən sentyabrda milli təhlükəsizlik müşaviri Con Bolton demişdi ki, ABŞ qoşunları Suriyada iranlılar bu ölkədən çıxanadək qalacaq.
FP diqqəti belə bir məqama çəkir ki, Tramp qoşunların Suriyadan çıxarılması qərarını Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanla telefon söhbətinin ardınca qəbul edib. Tramp bu söhbətdən az sonra yazdığı tvitdə qeyd edib ki, “indi İŞİD əsas etibarilə məğlub edilib və onun qalıqları Türkiyə də daxil yerli ölkələr tərəfindən asanlıqla ləğv oluna bilər”.
ABŞ prezidenti əlavə edib ki, Türkiyə lideri ona Suriyada İŞİD-in qalıqlarını təmizləyəcəyi barədə güclü şəkildə məlumat verib
FP yazır ki, Ankara adətən İŞİD-in üstünə birbaşa getməkdən çəkinərək diqqətini və resurslarını kürdlərlə və Ərdoğana müxalif olanlarla mübarizəyə yönəldir. Ərdoğanın əsas məqsədi Suriya kürdlərinin nəzarətlərində olan ərazilərdə möhkəmlənməsi və Türkiyə sərhədi boyunca dəhliz yaratmasının qarşısını almaqdır. İŞİD-in Suriyadakı varlığına son qoymaq ya ikinci dərəcəli məsələdir, ya da tamamilə arxa plana keçir.
Məqalədə deyilir ki, İŞİD-in Türkiyədə oturuşmuş infrastrukturunun olması ABŞ qoşunlarının gedişindən sonra qruplaşmaya yeni nəfəs verəcək.
Bu da qeyd olunur ki, Türkiyə əks-kəşfiyyatının əsas diqqətinin PKK ilə mübarizəyə yönəlməsi də İŞİD-in əl-qol açmasına imkan yaradır. Məqalədə vurğulanır ki, Türkiyə özünün müasir kommunikasiyaları, nəqliyyatı və qlobal iqtisadiyyatla bağlarına görə terrorçu qrupların ideal şəkildə fürsətlənə biləcəyi ölkədir.
Ərdoğan daim bəyan edir ki, ABŞ-ın Suriyada İŞİD-ə qarşı mübarizədə özünə ən güclü müttəfiq saydığı kürd YPG birlikləri PKK-nın qollarından biridir.
FP yazır ki, İŞİD-lə mübarizədə tam şəkildə Ərdoğana güvənmək problemlər yaradır.
Bu da qeyd olunur ki, hətta ABŞ qoşunlarının orada olduğu vaxtda da Suriyanın Fərat çayı boyunca şəhər və kəndlərində İŞİD-in müqavimət sığnaqları qalır. Elə isə Trampın bu müqavimət nöqtələrini Ərdoğanın ləğv edəcəyinə olan inamı əsaslı görünmür.
FP yazır ki, 2016-cı ilin iyul çevrilişi cəhdindən sonra yüzlərlə təhlükəsizlik əməkdaşı həbs olunub, ya da vəzifələrindən uzaqlaşdırılıb. Onların yerini tutanlar iş qabiliyyəti baxımından o qədər də təcrübəli deyillər.
Məqalə müəlliflərinin fikirncə, Türkiyə Yaxın Şərqdə “düşmənimin düşməni mənim dostumdur” prinsipindən çıxış edir. Bu baxımdan Ankara Türkiyənin öz ərazisindəki İŞİD elementlərinə qarşı tutduğu sərt mövqeyə baxmayaraq, bu təşkilatın Suriyada kürdlərə qarşı mübarizə aparması ona sərf edir.
FP yazır ki, Pakistanda da eynilə bu modellə təhlükəsizlik və kəşfiyyat orqanları daha çox Talibana güvənirlər.
(Azadlıq radiosu)