XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

03 Yanvar 2019 - 13:34

Güclü siyasi sistemlərin universal prinsipləri və reallıqlar –Tanınmış hüquqşünas Strateq.az-a yazır

Fəxrəddin Mehdiyev,

Hüquqşünas

Dünyanın siyasi xəritəsində iki yüzə yaxın dövlət  var. Bu ölkələrin az bir hissəsi – 27-si inkişaf etmiş ölkələr hesab edilir. Sosial-iqtisadi inkişaf səviyyəsinə görə inkişaf etmiş ölkələr iki qrupa –  yüksək və orta inkişaf etmiş ölkələrə ayrılırlar. İnkişaf etmiş ölkələr əhalinin yüksək həyat səviyyəsi, eləcə də Ümumi Daxili Məhsulun yüksəkliyi ilə fərqlənirlər.  

“Böyük  yeddilər” adlanan ABŞ, Yaponiya, Kanada, İtaliya, Fransa, Böyük Britaniyada dünya sənaye məhsulunun 50 faizi, kənd təssərüfatı məhsulunun 25 faizi istehsal edilir. Bütövlükdə inkişaf etmiş ölkələrdə dünya əhalisinin 15 fazinin yaşanmasına baxmayaraq, dünya sənaye məhsulunun 60 faizi, kənd təssərüfatı məhsulunun isə 40 faizi istehsal edilir. ABŞ, Yaponiya, AFR, Fransa, İngiltərə böyük elmi-texniki potensiala malik ölkələrdir.

İnkişaf etmiş ölkələrdə elmə sərf olunan vəsaitin 80 faizinin çoxu bu beş ölkənin payına düşür. Qeyd etmək lazımdır ki,  Kanada, Avstraliya İttifaqı, CAR, Yaponiya, Cənubi  Koreya Respublikası və qismən də ABŞ istisna olmaqla bu qrup ölkələrin heç biri sənayenin tələbatını öz təbii resursları hesabına təmin etmir.

İqtisadi, eləcə də hərbi potensialına, elmi-texniki inkişafda payına, beynəlxalq aləmdəki nüfuzlarına görə həmin ölkələr güclü dövlətlər hesab edilir. Siyasi, iqtisadi, insan hüquqlarının və azadlıqlarının təmini, demokratiyanın vəziyyəti və s. sahədə aparılan beynəlxalq qiymətləndirmələrə görə də həmin ölkələr reytinqdə öncüllər sırasındadır. Bu mənada həmin dövlətləri “güclü dövlət” adlandırmaq düzgün olardı.

İnkişaf etmiş ölkələrin sosial-iqtisadi quruluşunu və ən mühümü, siyasi sistemini təhlil etdikdə, həmin ölkələrin xüsusilə siyasi sistemlərində böyük oxşarlıqlar aşkar olunur, siyasi sistemin güclü və dinamik olması ilə fərqlənirlər. Siyasi sistemin gücü ilə dövlətin gücü arasında əlaqə mövcuddur. Müqayisəli təhlillər göstərir ki, həmin ölkələrin dövlət quruluşu İngiltərənin parlamentarizminin və ya ABŞ-ın Prezidentli Respublika idarəçiliyinin modifaksiyalarıdır.

Siyasi sistemin güclü olmasını şərtləndirən əsas şərt sistemin cəmiyyətin inkişaf qanunlarına əsaslanmasıdır.  Hakimiyyətlər vaxtaşırı siyasi partiyaların mübarizəsi ilə keçirilən, əsasən proporsional seçki yolu ilə formalaşır, nəticədə sistem siyasi elitanı dinamik və sivil formada dəyişir, vaxtaşırı yeni-yeni siyasi qüvvələri siyasi elitaya gətirir.

Bu qrup ölkələrdə seçicilər liderə deyil, partiyalara və partiyaların seçki proqramlarına səs verirlər. Seçkilərdə qalib gələn partiyalar komanda formasında hakimiyyətə gəlir və seçki proqramlarının yerinə yetirilməsində komanda məsuliyyəti daşıyırlar. Seçkilərdə uduzan partiyalar proqram və komandaları ilə siyasi rəqabət şəraitində növbəti və növbədənkənar seçkilərə qədər müxalifətdə qalırlar.

Beləliklə, bu sistemdə liderizm xəstəliyinə, siyasi fetişizmə yer qalmır. Bununla əlaqədar olaraq həmin ölkələrin siyasi tarixində maraqlı və ibrətamiz hadisələr az deyil. İkinci Dünya müharibəsi ərəfəsində İngiltərənin o vaxtkı hakimiyyəti Faşist Almaniyasına münasibətdə təslimçilik siyasəti aparırdı. Bu siyasət Faşist Almaniyasını gücləndirdi və şirnikləndirdi, qısa müddətdə faşistlər Avropanın əsas ölkələrini işğal etdilər və İngiltərənin özünə qarşı böyük hücumlara  başladılar. Ölkə üçün son dərəcə ağır vəziyyətdə təslimçilik siyasətini sərt tənqid edən çox populyar siyasətçi Uinston Çörçill baş nazir seçildi. O, ölkəni səfərbər edib SSRİ ilə ittifaqa daxil oldu, Faşist Almaniyasına qarşı beynəlxalq koalisiyanın yaradılmasında bilavasitə iştirak etdi. Nəticədə İngiltərə İkinci Dünya müharibəsindən  qalib çıxdı.

Sözsüz ki, U.Çörçill baş nazir kimi İngiltərənin müharibədə qalibiyyətində müstəsna rol oynadı. Lakin 1945-ci ildə müharibənin zəfər çağında keçirilən parlament seçkisində U.Çörçillin xalq arasında böyük nüfuz sahibi olmasına baxmayaraq, seçicilər müxalifətə – Leyboristlər Partiyasına səs verdilər, partiyanın lideri Ettli baş nazir seçildi və U.Çörçill hakimiyyətdən getdi. 

Başqa bir misal: məlumdur ki, ABŞ-da F.Ruzveltin dörd dəfə dalbadal prezident seçilməsi nadir hadisə idi. Onun prezidentliyi dövründə 1929-33-cü illərdə ABŞ böyük depressiyanı aradan qaldırır, daha da güclənir, İkinci Dünya müharibəsindən qalib çıxır, 1944-cü ildən ABŞ-ın milli pulu – dollar beynəlxalq valyuta əməliyyatlarında dünya  puluna çevrilir və s. ABŞ elmi-iqtisadi, hərbi potensialına görə dünyanın nəhəng güc mərkəzinə çevrilir. Bütün bunlar F.Ruzveltin prezidentliyi dövründə baş verir. Beləliklə, prezident kimi ABŞ  tarixindəki nailiyyətlərdə F.Ruzveltin misilsiz xidmətləri danılmazdır. Lakin ABŞ-da böyük uğurlardan da belə bir nəticə çıxarılır ki, xidmətlərindən asılı olmayaraq, prezidentin dalbadal iki dəfədən artıq seçilməsi yolverilməzdir və bu barədə konstitusiyada dəyişiklik edilir. 

Görünür, tamamilə haqlı olaraq İngiltərə parlamentarizmi və ABŞ-da Respublika Prezident idarəçilik institutu yalnız cəmiyyətin inkişaf qanunlarını əsas götürür, bu qanunda tələb edir ki, zaman dəyişdikcə siyasi elita dəyişməlidir, siyasi rəqabət şəraitində yeni-yeni qüvvələr hakimiyyətdə təmsil olunmalıdır.

Bu idarəçilik sistemlərində volyuntarizmə də yer yoxdur. ABŞ Konstitusiyasında hakimiyyət bölgüsünün dəqiq tənzimlənməsi qərarların qəbul edilməsində subyektivliyi və volyuntarizmi istisna edir.

Prezident idarəçiliyinin ABŞ modeli dedikdə, qanunverici, icraedici və məhkəmə hakimiyyəti arasındakı düzgün, optimal təsirlə əks-təsirin proporsionallığını nəzərdə tuturuq. Bu model güclü Prezident, güclü Parlament, müstəqil məhkəmə hakimiyyətinə əsaslanır. Nəhəng dövlətin icra hakimiyyətinin başçısı – Prezident Konstitusiya çərçivəsində böyük səlahiyyətlərə malikdir. Lakin Prezidentin Konstitusiya və qanunlara uyğun olmayan istənilən qərarını məhkəmə dərhal qüvvədən salır. Bu barədə çoxlu nümunələr mövcuddur. Bu yaxınlarda ABŞ Prezidenti Donald Trampın mətbuat konfransında jurnalistlərdən birinin davranışı Prezidentin narazılığına səbəb olur və onun Ağ Evdə akkreditasiyası ləğv olunur. Jurnalist bununla əlaqədar məhkəməyə müraciət edir, məhkəmə qısa müddətdə qərarı qüvvədən salır və jurnalistin akkreditasiyasını bərpa edir.

Bizim İngiltərə parlamentarizminin üstünlüklərinə istinad etməyimiz səbəbsiz deyil. İngiltərə parlamentarizmin əsasları 1215-ci ildə “Azadlıqların Böyük Xartiyası” möhtəşəm sənədi ilə başlayıb. Həmin tarixi sənədin müstəsna əhəmiyyəti ondan ibarət oldu ki, bununla məhkəmə hakimiyyətinin, təqsirsizlik prezumpsiyası prinsipinin əsasları qoyuldu. 1832-1867-ci illərdə İngiltərə parlamentarzmi əsasən formalaşır.  Parlament – İcmalar Palatası yararsız nazirləri hakimiyyətdən kənarlaşdırmaq səlahiyyəti alır,  ikipartiyalı sistem yaranır, seçkilərdə qalib gələn partiya hakimiyyətə gəlir, hökuməti foramalaşdırır. Seçkilərdə uduzan partiya müxalifətə keçir.

Mənə elə gəlir ki,  İngiltərənin böyük inkişaf yolu “Azadlıqların Böyük Xartiyası”ndan başlayıb. Parlamentarizm idarəçiliyi İngiltərəni inkişaf səviyyəsinə görə bütün dövrlərdə dünyada söz sahibi edir. Bu əsrdə də İngiltərə dünyanın siyasi, elmi, tədris, texniki tərəqqi və maliyyə mərkəzidir.

Buradan təbii bir sual yaranır: nə üçün bir çox ölkələr tarixin sınağından çıxmış, bu gün də öz qüdrətini saxlayan məlum idarəçilik sistemindən istifadə etmirlər? Sualın cavabı  aydındır, nümunə gətirdiyimiz idarəçilik sistemləri həmin ölkələrdəki siyasi elitaların şəxsi maraqlarına cavab vermir. Ona görə də konstitusiyalarında Prezident idarəçiliyini bəyan etsələr də, bu idarəçiliyin imitasiyasını yaradırlar. Misal üçün, SSRİ dağıldığdan sonra Baltikyanı ölkələr, Ukrayna dərhal güclü siyasi sistemlərə transfer etməyə başladılar. Digər respublikalarda, o cümlədən bizdə keçmiş nomenklaturanın mütəşəkkil səyləri ilə Prezidentli respublikanın imtasiyasını etdilər. Yəni əslində super prezidentli  idarəçilik sistemlərini yaratdılar – güclü prezident, icra hakimiyyətindən asılı olan zəif parlament, icra hakimiyyətindən asılı olan qeyri-müstəqil məhkəmə hakimiyyəti. Bu idarəçilik sistemi özünü doğrultmadığından, bir çox ölkələr  – Qırğızıstan, Moldova, Gürcüstan, Ermənistan artıq bu sistemdən imtina ediblər, digərlərinin də imtina etməsi zaman məsələsidir. Çünki hər kəsə aydındır ki, belə sistem ölkə üçün böyük maddi və mənəvi  itkilərdir, cəmiyyətin inkişaf qanunlarına uyğun olmadığı üçün gələcəyi də yoxdur.

Bu gün ölkə iqtisadiyyatlarının rəqabət qabiliyyətliliyi qloballaşma dövründə həyati əhəmiyyətli məsələdir. Hər bir ölkə beynəlxalq əmək bölgüsündə öz yerini tutmağa səy göstərir. Lakin nəzərə almaq lazımdır ki, iqtisadiyyatın rəqabət qabiliyyətliliyi idarəçilik sisteminin rəqabət qabiliyyətliliyindən asılıdır. Qeyd edildiyi  kimi, dünyada artıq belə sistemlər mövcuddur, bunu kəşf etməyə ehtiyac da yoxdur. Cənubi Koreya Respublikası, Sinqapur kimi təbii resurslardan məhrum olan ölkələrin siyasi sistemləri  ölkələri qısa müddətdə inkişaf etmiş ölkələrin cərgəsinə qovuşdurdu və sıçrayışlı inkişaf tempinə görə həmin ölkələrə “Asiya pələngləri” adını qazandırdı.

Siyasi sistemlərin rəqabət qabiliyyətliliyinin aktuallığı dünyada getdikcə kəskinləşəcək. Alimlərin fikrincə, dünya dördüncü sivlizasiya dövrünə başlayır – (post industrual – informasiya cəmiyyəti)  və bu cəmiyyətlərdə əhalinin 90 faizi intellektual sahədə, 10 faizi maddi istehsalda, 1 faizi kənd təsərrüfatında işləməli olacaq.  Yəni insan potensialından istifadənin miqyası görünməmiş dərəcədə  artacaq. Bu isə öz növbəsində güclü siyasi sistemə (parlament idarəçiliyi, proporsional seçki sistemləri və s.) keçməyi zəruri edir.

Və nəhayət, bizim parlamentli respublikanın və prezidentli idarəçiliyin ABŞ modelinin nümunə kimi göstərdiklərimiz məqamları onları idellaşdırmaq cəhdi kimi qiymətləndirlməməlidir. Çünki maddi dünyada heç bir varlığın, prosesin ideal sərhədləri yoxdur.

Lakin eyni zamanda inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki , həmin ölkələrin siyasi sistemi, idarəçiliyi problemlərə vaxtında adekvat, çevik reaksiya verir və böhranlardan daha da güclü çıxır, ən əsası isə cəmiyyətdə yaradıcı enerjinin generatoru kimi çıxış edir.

Məqalə ölkələrin inkişaf səbəbləri haqqında gəlinən nəticədir və tənqidi fikirlərə əvvəlcədən hörmətimi bildirirəm.