XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

03 Yanvar 2019 - 13:02

Cahangir Hacıyev yenidən məhkəmə qarşısında –Vaxt bəlli oldu

Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev, yaxın dostu, sabiq deputat Dünyamin Xəlilov və digər şəxslərin məhkəməsinin vaxtı məlum olub.

Strateq.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onlar barəsindəki cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin ilk iclası hakim Faiq Qəniyevin sədrliyi ilə yanvarın 21-i saat 10:30-da keçiriləcək.

İttihama görə, 2001-2015-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılıb.

Bundan başqa, C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaiti bankdan digər hesablara köçürülərək mənimsənilib.

Aparılmış istintaqla o da müəyyən edilib ki, C.Hacıyev tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitini mənimsəyib.

Bu məbləğin 2,5 milyard manatı mənimsənilib. Sonra mənimsənilən vəsaitin 2 milyard manatı leqallaşdırılıb, digər 2,2 milyard manat məbləğində pul vəsaiti isə müxtəlif əməliyyatlara yönəldilib və bununla da “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə maddi ziyan vurulub.

İstintaqla həmçinin, C.Hacıyevin D.Xəlilovla birlikdə faktiki rəhbərlik etdiyi “Aztorq” MMC üzrə 2011-2014-cü illərdə dövlət büdcəsinə 1 milyon 752 min manat vergiləri ödəməkdən yayınmasına dair əsaslı şübhələr müəyyənləşib.

C.Hacıyevin dəstəsində – Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, İsmayıl Hidayət-zadə, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimov da ittiham olunur.

Bu dəstə üzvlərindən 4 nəfər daha əvvəl də C.Hacıyevlə birgə ittiham olunaraq məhkum ediliblər. Onların sırasında olan İsmayıl Hidayətzadə sabiq bankirin bacanağıdır.