XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

22 Fevral 2016 - 11:57

Sinqapurun iqtisadi“möcüzəsi” necə reallaşdı?

Sinqapur

 

Sinqapurun iqtisadi inkişafa görə Qərb ilə müqayisə edilməsi heç kimdə təəccüb doğurmur. Şəhər-dövlətin hakimiyyət orqanları vətəndaşların həyat səviyyəsinin daim yüksəldilməsi üçün tələb olunan addımları atırlar.

 

Dövlət ilə vətəndaşlar arasında yaranmış münasibətlər Sinqapuru regionun zəngin diyarına çevirməklə bərabər, cəmiyyətin bütün təbəqələrinin zəruri standartlar altında yaşamalarına imkan verir. Təbii ki, ada-dövlətin belə inkişafa nail olmasında mərhum Prezident Li Kvan Yunun böyük əməyi olmuşdu. Lakin cənab Yu Sunqapurda mərkəzi siyasi fiqur olsa da, ölkə vətəndaşlarının könüllü dəstəyi olmadan iqtisadi “möcüzəni” reallaşdıra bilməzdi.

 

Con Kampfnerin “Azadlıq satışa Biz necə varlandıq və müstəqillikdən məhrum olduq” adlanan kitabı Sinqapurun iqtisadi inkişafa gətirdiyi uzun yola nəzər salmaq baxımından maraq doğurur. Müəllif yazır ki, qonşu ölkələrdə siyasi rejimlərin səbatsızlığını görən cənab Li Kvan Yu Sinqapur üçün orta yolu – nə tam diktatura, nə də tam demokratiya yolunu seçmişdi. Mərhum prezident hesab edirdi ki, ölkənin inkişaf açarı dövlətin əlindədir və bunun üçün Sinqapuru başdan ayağa dəyişdirəcək infrastuktur layihələri (məktəb, xəstəxana, yollar və s.) həyata keçirmək lazımdır. 1965-ci ildə dövlət müstəqilliyini əldə etdiyi zaman ölkədə çalışan əhalinin 50 faizinin təhsili yox idi. 1990-cı ildə əhalinin üçdə iki hissəsi artıq orta təhsil almağı bacarmışdı. 1965-1995-ci illərdə Sinqapur iqtisadiyyatı orta hesabla 9 faiz, adambaşına düşən gəlir də ildə 7 faiz artmışdı. Ölkənin illik gəliri 1 milyard dollardan 86 milyard dollaradək yüksəlmişdi. Yeni məktəblərin və kolleclərin açılması qısa zamanda bəhrəsini vermişdi. Bu gün Sinqapurun səhiyyə sistemi qonşu ölkələrin həsəd aparacağı səviyyədədir. Con Kampfner kitabında yazır ki, Sinqapuru “üçüncü dünya regionunda birinci dünyanın vahəsi” adlandırmaq cənab Yunun xoşuna gəlirdi.

 

Li-Kuan-Yu

 

Şəhər-dövləti yarım əsr təkbaşına idarə edən Li Kvan Yu ölkədə xırda məsələlərlə belə maraqlanırdı. Maraqlıdır ki, cənab Yu dövlət qulluqçusu ilə ailə qurmağa namizəd olan xanımın intellektual səviyyəsini yoxlamaqla evliliyə razılıq verirdi. Hətta gələcək ailədə nə qədər uşaq olacağını da müəyyənləşdirirdi. Təbliğat kampaniyası apararaq vətəndaşları tətbiq olunmuş məhdudiyyətlərə (gigiyenadan tutmuş, etiket qaydalarınadək) əməl etməyə çağırırdı. Məsələn, 1970-ci ildə əhali artımının qarşısını almağa yönəlmiş “İki nəfər yetər” kampaniyası o dərəcədə uğurlu olmuşdu ki, sonradan “Üç və daha artıq uşaq sahibi olun” kampaniyasına start verilmişdi. Con Kampfner yazır ki, cənab Li postunda nə qədər çox qalırdısa, bir o qədər əmin olurdu ki, tərəqqinin Asiya modelini tapmışdır. Hakimiyyətinin ilk illərində tənqidi maneə kimi qiymətləndirən Li Kvan Yun  kütləvi informasiya vasitələrini də “Singapur press holdings” və “Mediacorp” adlanan dövlət şirkətlərinin nəzarətinə vermişdi. Onun hakimiyyəti illərində seçkilər beş ildən bir keçirilirdi və istənilən müxalifət partiyası seçkilərdə iştirak edə bilərdi. Lakin hakimiyyət nümayəndələri barədə mübahisəli bəyanat verəcəyi halda istənilən siyasətçini və ya jurnalisti həbs olunmaq təhlükəsi gözləyirdi.

C.Kampfner kitabında qeyd edir ki,  Sinqapurda hakimiyyətin siyasətini və ya həyata keçirdiyi aksiyaları tənqid etmək olar. Ancaq konkret şəxsi bu və ya digər qanunsuz əməllərdə ittiham edirsənsə, o zaman böhtana görə uzun illər məhkəmə qarşısında cavab verməyə hazır olmalısan. Xatırladaq ki, Sinqapuru 50 ildir hakimiyyətdə olan “Milli Birlik Partiyası” idarə edir.

 

Kitabda yazılır ki, Li Kvan Yu idarəçiliyinin maraqlı aspektlərindən biri də bundan ibarət idi ki, o, harada olmasından asılı olmayaraq ölkəsini və idarəçiliyini çılğımlıqla müdafiə edirdi. Məsələn, 2006-cı ildə Harvardda olan zaman məşhur iqtisadçı, ABŞ-ın keçmiş maliyyə naziri Lourens Sammerslə müzakirələrdə bildirmişdi ki, onun əsas məqsədi hakimiyyətdə uzun müddət qalmaq yox, hakimiyyətdən getdikdən sonra ölkədə sabitliyi təmin etməkdən ibarətdir:

“Son nəticədə biz vətəndaşlarımıza hər kəsin arzuladığını-yaxşı həyatı, təhlükəsizliyi, yaxşı təhsili və uşaqların parlaq gələcəyini təklif edirik. Bu, dövlətin yaxşı idarə olunmasıdır”. Cənab Yu düşünürdü ki, bu halda hakimiyyətin məsuliyyəti texniki xarakter alırdı- yəni elektorat dəstəyinin müqabilində ölkədə yaxşı həyat təmin edilirdi. Onun sözlərinə görə, seçkilər mahiyyət etibarilə müvəffəqiyyətlik cədvəlidir: “Mən vəd edirəm, mən yerinə yetirirəm, siz də mənə səs verirsiniz. Bu formulun zahiri legitimləşdirilməsi üçün demokratiyadan istifadə olunur. Demokratiya heç bir sıxılma olmadan liberal prezumpsiyalardan uzaqlaşır. O nümayəndəlikdən hamiliyə çevrilir, şəxsiyyətin hüquqlarından kollektiv rihafa istiqamətlənir. Bax, hər şey buna gətirib çıxarır”. Kitab müəllifi bu sözlərdən belə nəticə çıxarır ki, Sinqapurun orta sinfi ictimai həyatdan uzaqlaşmağın onun üçün daha doğru yol olduğunu nümayiş etdirdi. Axı itirəcəyin varsa, problemlər yaratmağa nə lüzum var?

 

Li Kvan Yu artıq həyatda yoxdur. Buna baxmayaraq, sinqapurluların böyük əksəriyyəti bu fikirlə razılaşırlar ki, mərhum prezidentin başladığı yol ilə hərəkət etməklə Sinqapur bu gün yaxşı təşkilatlanmış və inkişaf etmiş ölkəyə çevrildi. C.Kampfner qeyd edir ki, Sinqapurda çox adam azad mətbuat və daha az avtoritar siyasətçinin olmasını arzulayır. Lakin bununla bərabər, heç kim nə bitməyən alış-veriş vərdişindən, nə gözəl restoran-barlardan, nə tennis və hozuzlardan, nə də “Mercedes-Bens” və “BMW” markalı avtomobillərdən imtina etməyə hazır deyil. Yəni, bu gün Sinqapur iqtisadi yetərliyi daha vacib amil sayır və Li Kvan Yunun kursuna sadiq qalmağın daha doğru yol olduğunu nümayiş etdirir.


Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”