XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

15 Yanvar 2019 - 10:32

Fazil Mustafa:“Bir-birini təkrarlayan ali təhsil ocaqları da ləğv edilməlidir”

“Ölkə prezidenti tərəfindən bir neçə qurumun ləğv edilməsini ciddi islahatlara doğru atılan praktik addım kimi qəbul edirəm”.

Strateq.az xəbər verir ki, bunu prezident İlham Əliyevin bir neçə dövlət qurumunun ləğvi ilə bağlı fərmanlarını şərh edən Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa “Facebook” hesabında yazıb.

O qeyd edib ki, bu qurumların ləğvini təəssüflə qarşılayanları başa düşür və indiki zamanda iş yerini itirməyi, sabit maaşdan məhrum olmağı heç kim istəməz: “Ancaq onu da qəbul etməliyik ki, dövlət büdcəsinin xərclər yükünü bacardıqca yüngülləşdirmək lazımdır. Bir-birini təkrarlayan ali təhsil ocaqları da, dövlət komitələri və nazirliklər də birləşdirilməli, struktur vahidləri azaldılmalıdır. Əvəzində isə özəl sektor üzərindən bütün maneələr birmənalı şəkildə götürülməlidir. Çünki işsizlər ordusunun sayının artımına imkan verməmək üçün özəl sektorun fəaliyyətini hərtərəfli stimullaşdırmaq lazımdır”.

F.Mustafa deyib ki, indi vergi və gömrük sistemində dəyişikliklər buna ümid yaradır, ancaq bütövlükdə müxtəlif dövlət qurumlarının sahibkarlara qanunsuz bac-xərac mənbəyi kimi baxma ənənəsi yığışdırılmalıdır: “Bunu isə yalnız məhkəmələrin real müstəqilliyi ilə təmin etmək mümkündür. Digər tərəfdən, icra hakimiyyətlərinin təsərrüfat səlahiyyətlərini bələdiyyə qurumlarına dövr etmək məqsədəuyğun olardı. Bütün hallarda yeni il islahatlar baxımından maraqlı başlayır, insanlarımızın rifahın yaxşılaşdırılmasına yönələn islahatlar ölkədə ümidverici aura yaradır”.

Deputat fikirlərini belə yekunlaşdırıb: “Jurnalistlər sual verirlər ki, Elmin İnkişafı Fondu, Bilik Fondu, Multikulturalizim Mərkəzi, Strateji Araşdırmalar Mərkəzi dövlət qurumları kimi fəaliyyətini dayandırıb, indi o boşluğu hansı qurum dolduracaq? Açığı, hansı qurumun dolduracağını proqnozlaşdıra bilmərəm. Ancaq şəxsən mən sosial şəbəkədə elmin inkişafını da, biliyi də, multikulturalizmi də xeyli zamandır dostlarım Etibar Əliyevin və İbrahim Nəbioğlunun statuslarından əldə edirəm. İkisi bir yerdə o boyda AMEA-dan və universitetlərdən daha çox cəmiyyətimizin düşünən hissəsi üçün faydalı bilgiləndirmə işi aparırlar. Çoxdandır Strateji Araşdırmalar Mərkəzinin funksiyasını da millət vəkili Zahid Oruc öz analitik məqalələri ilə təklikdə daha effektli aparır. Necə deyərlər, müqəddəs yer boş qalmaz”.