XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

15 Yanvar 2019 - 18:03

Hansı dövlət qurumları birləşdirilə bilər? –Ekspertlər təkliflərini açıqladılar

«Ötən gün verilən fərmanı müsbətə doğru addımların başlanğıcı saymaq olar. Amma bunun davamı gəlməlidir, əks halda kosmetik dəyişiklik olacaq. Prezident özü də Nazirlər Kabinetinin iclasında dövlət aparatının şişdiyini etiraf etdi».

Bunu iqtisadçı Rəşad Həsənov dövlət başçısı İlham Əliyevin yanvarın 14-də imzaladığı fərmanları “Azadlıq” radiosuna şərh edərkən deyir. Amma o hesab edir ki, bu, sadəcə, prosesin başlanğıcı sayıla bilər, davamı da gəlməlidir: «Bu gün Azərbaycanda 17 nazirlik, 8 komitə, 7 dövlət xidməti fəaliyyət göstərir. Bundan başqa, palatalar var. Bəzi qurumlarda 11 müavin ştatı mövcuddur. Yəni yetərincə şişmiş idarəetmə strukturuna malik ölkələrdənik. Azərbaycanda bir-birini təkrarlayan qurumların sayı çoxdur. Onların birləşdirilməsi, fəaliyyətinin optimallaşdırılması üçün imkanlar var. Proses son fərmanlarla yekunlaşmamalıdır».

R.Həsənov Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin, Kənd Təsərrüfatı Nazirliyi ilə İqtisadi İnkişaf Nazirliyinin və ya Mədəniyyət Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin birləşdirilməsini mümkün sayır. Və ya fəaliyyətində ciddi qüsurlar olduğunu söylədiyi Meliorasiya və Su Təsərrüfatı ASC-nin ləğvini, ya da başqa bir quruma birləşdirilməsini də təklif edir.

İqtisadçı Nemət Əliyev isə hökumətin israfçılığından narazılıq edir: «Dövlət büdcəsində «ümumdövlət xərcləri» adlı bölmə var. Həmin xərclər 2016-cı ildə 2.4 milyard manat olmuşdusa, 2017-ci ildə 2.9 milyard manata yüksəldi. 2018-ci ildə isə 3.6 milyard manata çatdı. Bu ilin dövlət büdcəsində həmin xərclər 3.9 milyard manata qədər yüksəlib. Dinamikaya nəzər yetirəndə belə nəticə çıxır ki, dövlət idarəetməsinin təkmilləşdirilməsi adı altında görülən tədbirlər dövlət büdcə xərclərinin şişməsinə xidmət edir. Bu necə təkmilləşdirmə adlana bilər ki, xərclər bir az da artdı?».