XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

17 Yanvar 2019 - 17:15

“Facebook” Rusiyaya bağlı 300 hesabı bağladı –Siyahıda Azərbaycanın da adı var

ABŞ-da prezident seçkisindən iki ildən çox keçir, ancaq “Facebook” sosial şəbəkəsi hələ də Rusiyanın dezinformasiya kampaniyası ilə problem yaşamaqdadır. Şirkət yanvarın 17-də bəyan edib ki, “Facebook”-da 289 səhifəni və 75 hesabı bağlayıb. Bu hesabların Putin rejiminin geosiyasi maraqları olan regionlarda təbliğat yaydığı qeyd olunur.

Sosial şəbəkənin bildirdiyinə görə, şirkət Rusiyadan başladılan iki əməliyyat aşkarlayıb, aralarında birbaşa əlaqə olmasa da, oxşar taktikadan istifadə ediblər.

Əməliyyatlardan biri Ukraynanı hədəfə alıb, digəri isə Baltik, Orta Asiya, Qafqaz, Mərkəzi və Şərqi Avropada fəaliyyət göstərib.

“Bu səhifələri və hesabları postlarının məzmununa görə deyil, davranışlarına görə qapadırıq. Bu fəaliyyətin arxasında duranlar özlərinin təqdimatı üçün saxta hesablardan istifadə ediblər”, – sosial şəbəkənin kibertəhlükəsizlik siyasəti üzrə rəhbəri Nazaniel Gleiçer yazır.

Gleiçer deyib ki, ümumi maraq səhifələri kimi görünən bəzi hesablar Kremlin propaqanda aləti olan “Sputnik” əməkdaşlarına bağlı olub, bəzi hallarda onlar etiraz hərəkatlarını həvəsləndirib, Putin siyasətini təbliğ edilər.

“Sputnik”-in Ermənistandakı rusca səhifəsinin də qapadıldığı bildirilir.

Özünü müstəqil xəbər səhifəsi, yaxud hava, səyahət, idman, iqtisadiyyat kimi ümumi mövzularla bağlı olduğunu bildirən səhifələrin hədəfə aldığı ölkələr sırasında Azərbaycanın da adı çəkilir.

Özlərini yanlış təqdim etmələrinə baxmayaraq, bu səhifələrin və hesabların Moskvada mənzillənən “Sputnik” xəbər agentliyinin əməkdaşlarına bağlı olduğunu üzə çıxardıq. Bu səhifələrdə tez-tez anti-NATO, etiraz hərəkatları, korrupsiya mövzularına toxunulurdu”, – Gleiçer yazır.

Sosial şəbəkə rusiyalı operatorların ümumilikdə reklam üçün 135 min dollar ödədiyini bildirir. “İlk reklam 2013-cü ilin oktyabrında, sonuncu 2019-cu ilin yanvarında yerləşdirilib”, – məlumatda deyilir.

(Azadlıq radiosu)