XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

20 Yanvar 2019 - 17:08

Nazim Bəydəmirli:"Nazirlər Kabineti ilə bağlı addımlar atılmasını gözləyirəm"

Prezident İlham Əliyev son günlər bir sıra dövlət müəssisələri əsasında vahid bir qurumun yaradılması, bəzilərinin isə ləğv edilməsi ilə bağlı fərmanlar verib.

İqtisadçı Nazim Bəydəmirli bəzi qurumların birləşdirilməsini idarəetmə və dövlət xərclərinin azaldılması baxımından müsbət qiymətləndirir. Ancaq Nazim Bəydəmirli gözləntilərinin tam yerinə yetirilmədiyini düşünür:

“İslahat dedikdə, Nazirlər Kabinetinin optimallaşdırılmasını nəzərdə tuturam. Hətta qonşu Gürcüstanda tətbiq edilmiş islahatları, Nazirləri Kabineti ilə bağlı atılan addımları gözləyirəm. Çünki bu qədər nazirliklər, komitələr, agentliklər, dövlət şirkətləri, baş nazir və onun altı müavininin olması çevik qərarların qəbuluyla nəticələnə bilməz. Birinci növbədə baş nazirin iki müavini olmalı və onlar nazirlərin içindən seçilərək ictimai əsaslarla çalışmalıdırlar. Eyni zamanda, onlar iqtisadiyyatın prioritetinə uyğun olaraq ildə bir dəfə dəyişdirilməlidir. Bir sözlə, bir-birini təkrar edən, oxşar funksiyanı yerinə yetirən dövlət komitələri müxtəlif nazirliklərə departament şəklində birləşdirilməlidir”.

Nazim Bəydəmirli vurğulayıb ki, prezident, hələ, 3 il əvvəl Nazirlər Kabinetinin iclasında “bir-birini təkrarlayan qurumlar ləğv edilməlidir” deyə mesaj verib. “Ona görə islahatın sürəti və əhatəsi yeterli sayıla bilməz. Çünki son günlərə qədər dövlət büdcəsi hesabına müxtəlif agentliklər yaradılması davam edirdi. Halbuki, bunlara son qoyulmalı, əsl islahat aparılmalıdır”, deyə O, qeyd edib.

Nazim Bəydəmirli güman etmir ki, bir sıra qurumların ləğvi, yaxud ixtisarı işsizlər ordusu yaratsın:

“ Buna görə islahatın sürətini azaltmaq lazım deyil. Eyni işləri görən adamların hər birinə bir maşın, köməkçi, katibə niyə verilməli, yaxud xərcləmələr olmalıdır? Nəticə etibarı ilə bunlar dövlət idarəetmə xərclərini artırır, çevik qərarların verilməsini yubadır. Qurumların birləşdirilməsi və ləğv edilməsi sadə işçilərin ixtisarı deyil. Rəhbər vəzifələrin, bu vəzifələrə xidmət etmək üçün mövcud olan köməkçi idarələrin azaldılması deməkdir”.

(Azadlıq radiosu)