XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

21 Yanvar 2019 - 12:23

Babək prospekti çökdü- 20 milyonluq yol bircə ay duruş gətirdi

Təmirinə 20 milyon manatdan çox vəsait sərf edilən və ötən ilin dekabr ayında istifadəyə verilən “Babək” prospektinin bir hissəsində çökmə baş verib.

Strateq.az FED.az-a istinadən xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli hadisə ilə bağlı açıqlama verib.

O bildirib ki, çökmə 2-3 metrlik hissədə baş verib: “Hazırda əməkdaşlarımız ərazidədir. Deformasiyaya uğramış hissə bərpa olunur. Problemin hansı səbəbdən yarandığı araşdırılır”. AAYDA rəsmisinin sözlərinə görə, çökməyə ilkin səbəb kimi yolun altından yenidənqurma zamanı çoxlu yeni kommunikasiya xətlərinin çəkilməsi ehtimal olunur.

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə “Babək” prospektinin yenidənqurma işlərinə 2018-ci ilin dövlət büdcəsindən 20,1 milyon manat vəsait ayrılıb. Yenidənqurma işləri zamanı yeraltı kommunikasiya xətlərinin çəkilişi digər qurumlarla birgə aparılıb, prospekt boyunca 4 km-ə yeni yaxın kanalizasiya kollektoru, 1000 və 800 mm diametrli polad borularla 7 km uzunluğunda əsas magistral, prospektin sağ və sol hissəsi ilə polietilen borularla 11 km uzunluğunda paylayıcı kəmərlər olmaqla, ümumilikdə 30 km-ə yaxın su xətti çəkilib.

Bundan başqa, aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunub, zəruri olan yerlərdə yeni sistem qurulub.