XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

24 Yanvar 2019 - 17:03

Azərbaycan Venesuelaya 500 milyon dollar verib? –Maliyyə Nazirliyindən açıqlama

Sosial şəbəkələrdə Azərbaycanın guya Venesuelaya 500 milyon ABŞ dolları məbləğində kredit verməsi barədə məlumatlar yayılıb.

Sosial şəbəkələrin aktiv istufadəçiləri qeyd edirlər ki, bu Latın Amerikası ölkəsində siyasi proseslər səbəbi ilə həmin “borcun” geri qaytarılması imkansız olacaq.

Strateq.az xəbər verir ki, Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Piriyev bu xəbərləri “Turan” Agentliyinə şərh edərkən deyib ki, Azərbaycanın Venesuelaya 500 milyon dollar dövlət borcu verməsi barədə iddialar əsassızdır və təxəyyül məhsuludur.

Xatırladaq ki, 2016-cı ilin oktyabrında Venesuela prezidenti Nikolas Maduro Azərbaycana rəsmi səfər etmişdi.

Bu il yanvarın 23-də isə Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaydo mitinqdə özünü prezident vəzifələrinin icraçısı elan edib. O, azad prezident seçkiləri keçirmək üçün silahlı qüvvələrin dəstəyi ilə dövlət başçısının vəzifələrini yerinə yetirəcəyini bildirib.

ABŞ prezidenti Donald Tramp, öz növbəsində, Quaydonu Venesuelanın müvəqqəti prezidenti olaraq tanıdığını bəyan edib. Sonradan daha bir neçə ölkə də oxşar açıqlama yayıb. Bundan sonra Venesuela Prezidenti Nikolas Maduro ABŞ ilə bütün diplomatik əlaqələri kəsdiyini bəyan edib.

Maduro amerikalı diplomatların 72 saat ərzində ölkəni tərk etmələrini istəyib. O bildirib ki, müddət başa çatdıqdan sonra ABŞ diplomatları ölkədən çıxarılacaq. Maduro ABŞ-ı ölkədə çevriliş etməkdə də ittiham edib və Quaydonu “qanunsuz prezident” adlandırıb.