XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

31 Yanvar 2019 - 18:17

Baş redaktorlar KİVDF-nin yeni şərtlərini tənqid etdi:“Qəzetlərə ciddi problem yaradacaq"

Xəbər verdiyimiz kimi, KİVDF Müşahidə Şurasının bu gün keçirilən toplantısında qəzetlərin maliyyələşdirilməsinin yeni qaydaları müəyyənləşdirilib. 

Yeni qaydalarla tanışlıqdan məlum olur ki, 2019-cu ilin ikinci rübündən etibarən, yalnız tirajı 5 min nüsxə, satış tirajı isə 2 min nüsxədən az olmayan qəzetlər KİVDF-dən maliyyə yardımı ala biləcəklər.

Xatırladaq ki, indiyədək mövcud olan şərtlərdə hər nömrədə minimum 2500 nüsxə tirajın çapı, 1000 ədəd isə satış və ya abunə yolu ilə yayılması şərti əsas götürülürdü. Baxmayaraq ki, reallıqda maliyyə yardımı alan qəzetlərin əksəriyyəti heç bu kriteriyalara da cavab vermirdilər və xeyli maxinasiyalara yol verilirdi. Bu haqda kifayət qədər faktlar da mövcuddur. 

Bununla belə, qəzetlərin bir çoxunun rəhbəri artıq KİVDF-nin yeni qaydalarından narazılıqlarını ifadə ediblər və yeni qaydaların, əslində, qəzetlərin qapadılması demək olduğunu bildirirlər.

Strateq.az xəbər verir ki, hələlik KİVDF-nin qərarına açıq etiraz edənlərdən biri həftəlik “Reytinq” qəzetinin təsisçisi və baş redaktoru Afiq Mirzəbəyli olub.

Afiq Mirzəbəyli “Yenisabah.az”a danışarkən, KİVDF-nin yeni şərtlərinin sərtliyindən şikayətlənib: “KİVDF-nin qəzetlərin maliyyələşməsi ilə bağlı müəyyənləşdirdiyi yeni şərtlər kifayət qədər sərtdir. Bu şərtlər hazırki qəzet bazarına uyğun deyil. Yəni  Azərbaycanda əksər qəzetlər bu şərtlərə cavab vermir. Bu baxımdan, yeni şərtləri təqdir etmirəm, müsbət qarşılamıram. Və düşünürəm ki, qəzetlərə ciddi problem yaradacaq. O ki qaldı “Reytinq” qəzetinə maliyyə ayrılmamasına, özləri bilərlər… KİVDF-dən asılıdır, bu barədə nəsə deyə bilmərəm. Maliyyə ayırmırlarsa, ayırmasınlar. Uzağı, qəzetin fəaliyyətini dayandırıb, onlayn media şəklində işimizə davam edəcəyik. Bizim üçün hər hansı problem yoxdur.  Onsuzda hamı qəzet bazarında vəziyyətin necə olduğunu bilir”.

Tanınmış jurnalistlərdən “Qaziler.az” saytının rəhbəri, keçmiş döyüşçü Rey Kərimoğlu da özünün facebook səhifəsində KİVDF-nin qərarına etirazını bildirib: “Əslində, KİVDF-nin fəaliyyəti dayandırılmalıdır. Azərbaycan Mətbuat Şurası ola-ola bu qurumun yaranmasına ehtiyac yox idi. Belə islahat olmaz. “Şərq”, “Reytinq”, “Türküstan” qəzetlərinə maliyyənin dayandırılmasına etirazımdır. Vəsaiti azaltmaq olardı, birdəfəlik niyə kəsirsiniz? Bu qəzetlərin heç biri “Kaspi” və “Kaspiy”dən zəif deyil. Qərar dəyişməlidir”.