XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

30 Aprel 2015 - 04:48

Bakı Forumunda Ukrayna müzakirəsi: 3 prezidentin Putinə qarşı bir mövqeyi – ÇIXIŞLAR

kravcuk.jpeg

Aprelin 29-da Diasporla İş üzrə Komitənin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 3-cü Qlobal Bakı Forumu öz işini davam etdirib.

Strateq.az musavat.com-a istinadən bildirir ki, dDünya çapında kifayət qədər populyar siyasi xadimlərin iştirakı ilə keçirilən bu nəhəng tədbirin ikinci günü əsas müzakirə mövzusu Rusiya-Qərb qarşıdurması olub.

Polşanın keçmiş prezidenti Aleksandr Kvasnevskinin moderatorluğu ilə panel müzakirələri başlandı. “Moskva çox narahatdır ki, Rusiyanın bir hissəsi əlindən çıxır. Ancaq əgər baxışlar dəyişməsə, sülh olmayacaq. Sülhün olması üçünsə normal, güclü qonşuların dəstəyi lazımdır. Bakıda keçirilən bu forum yaxşı imkandır ki, biz bir daha eyni dəyərləri bölüşdüyümüzü növbəti dəfə bildirək. Ukraynanın müstəqilliyi və bütövlüyü təmin olunmalıdır” deyə, moderator giriş nitqi söylədi.

Ukrayna müstəqillik qazandıqdan sonra ona rəhbərlik etmiş 3 prezident – SSRİ-nin dağılması sənədinə imza atmış Leonid Kravçuk (1991-1994), Leonid Kuçma (1994-2005) və “narıncı inqilab” hərəkatının başçısı olmuş Viktor Yuşşenko (2005-2010) müzakirələrdə iştirak edirdi. Kvasnevski öncə Kravçuka sual ünvanladı. “Siz ölkənin sükanı arxasında ilk olaraq oturmusunuz. Sizcə, Ukrayna böhranının səbəbləri nədir?”

Kravçuk: ” Ukrayna Rusiya kimi qonşu ilə bu qarşıdurmada tək tab gətirə bilməyəcək”

Kravçuk dedi ki, onun fikrincə, Belovejski sazişi axıra qədər qiymətləndirilməyib: “Baş verənlər də onun nəticəsidir. O ölkələr ki qarşısına demokratiya və islahatlar məsələsini qoydular, inkişaf yolu keçdilər. Ukrayna isə təəssüf ki, hələlik öz gələcəyinin axtarışındadır. Ukraynadakı problemləri, Rusiyanın Ukraynaya müharibə və təcavüzünü nəzərə alsaq, biz çox məsələləri bu gedişlə həll edə bilmərik. Biz Ukraynada əsas ümummilli siyasəti seçə bilmədik ki, o siyasət bütün xalqın maraqlarına xidmət etsin. Biz özəlləşdirmə prosesini də başa çatdıra bilmədik. Mən Ukraynada Kommunist Partiyasının qadağan edildiyi barədə sənədi imzaladım. Amma bu sənəd cəmi 2 il 3 ay işlədi. çünki yerlərdə onu qəbul edə bilmədilər. Ukraynada yarım milyona yaxın kommunist var idi. Bolşevik nişanlarının qadağan olunması barədə də sənəd imzaladım, amma bu da işləmədi. Bu gün də Ukrayna dəqiq Avropa kursunu seçib, amma çətin vəziyyətdədir. Bu ölkə Rusiyanın birbaşa təsiri altında yaşayıb”. Eks-prezident Rusiya təhdidindən və Qərbin laqeyd münasibətindən açıq danışdı: “Rusiya həmişə deyib ki, Ukrayna onun strateji maraqları daxilində olub, var və olacaq. Rusiya əlindən gələni edir ki, Ukrayna həmişə onun maraq dairəsində qalsın. Hələ ki oyun gedir, vəziyyətin hara gedəcəyini gözləyirlər. Ukraynalılar bunu qəbul etmir. Ukraynalılar çox narahatdır ki, ölkənin gələcəyi necə olacaq… Rusiya kimi qonşu ilə Ukrayna tək bu qarşıdurmada tab gətirə bilməyəcək, bunu hamı başa düşməlidir”.

Kuçma: “Biz yuxumuzda da görməzdik ki, Rusiya Ukraynaya təcavüz edəcək”

Moderator L.Kuçmaya sual etdi: “Siz Putinlə görüşmüsünüz, onu yaxşı tanıyırsınız. O, nə istəyir, gözləməliyikmi ki, o, nə vaxtsa siyasətini dəyişəcək?”

L.Kuçmanın “bura 3 prezidentimiz gəlib, çünki birini Moskvaya gedən yolda itirdik” replikası gülüş və alqışla müşayiət olundu.

Eks-prezident qeyd etdi ki, Ukrayna ərazisində hərbi, mülki qarşıdurma getmir, bu, müharibədir: “Separatçıların arxasında Rusiyanın peşəkar ordusu durur, bunu hamı bilir, deyəsən, bir Moskvada bilmirlər. Onlar 21-ci əsrin müasir silahından istifadə edir, ukraynalılar isə 20-ci əsrin silahından. Biz yuxumuzda da görməzdik ki, Rusiya Ukraynaya təcavüz edəcək. Mən həmişə deyirəm, vəziyyət necə olacaq, bunu bir Allah, bir də Putin bilir. Hələ ki Allahla rabitəmiz yoxdur, amma Putin nə istəyir, heç kim bilmir. Dünya liderlərinin Putinə kifayət qədər etimadı var idi, amma bu gün o etimad yoxdur və heç kim bilmir ki, sabah Ukraynada nə olacaq. Ukraynanın coğrafi mövqeyi və itirilməsi Rusiya üçün imkansızdır, ona görə bunu qəbuledilməz sayır”.

Kuçma beynəlxalq qurumları qınadı: “Beynəlxalq təşkilatların nə isə edə biləcəyinə ukraynalılar da inanmır. Rusiya ilə müharibə aparmaq da imkan xaricindədir. Elə isə başqa yol tapmaq lazımdır. Qarşımıza qəbulolunmaz şərtlər qoyanda biz necə razılığa, sülhə gələ bilərik?!” Keçmiş prezident Rusiya nümayəndəsinin “Ukrayna federativ dövlət olmalıdır” fikrinə etiraz etdi: “Dünyada heç bir elə ölkə yoxdur ki, federasiya yuxarıdan yaransın. Federasiya aşağıdan yaranmalıdır. Rusiya federativ dövlətdir, amma orda yalnız çeçenistan federasiya hüququna malikdir. Başqa yerlərdə sərt idarəçilik hökm sürür. Ukraynanın federativ quruluşu Ukraynanın dağılması deməkdir. Dünya ictimaiyyətinin daha çox Rusiyaya yazığı gəlir, Ukraynaya yox. ötən il biz ticarətdə 3 milyard itirdik. Avropa ilə sazişdən isə 300 milyon almışıq. Bu da statistikadır. Biz 3 ildir Rusiya ilə ticarətdə itiririk. Biz istəyirik Avropa Birliyinin səsi daha bərk eşidilsin”.

L.Kuçma Almaniya lideri xanım Merkelin son bəyanatına da etiraz etdi: “Avropada sülh yoxdur, Ukrayna Avropa ölkəsi kimi müharibədədir. 10 illik Əfqanıstan hadisələrində Ukrayna 3 min adam itirdi. Bu gün BMT-nin statistikasına görə, Ukrayna 6 min adam itirib. Minlərlə adam yaralanıb. İqtisadi vəziyyət də heç yaxşı deyil. Bu, bir reallıqdır ki, heç kim zəifləri və yoxsulları sevmir. Biz Avropanın forpostu rolunu oynayırıq, mühüm bir ölkədir, istərdim Avropa bizi eşitsin. Bizə kömək edin!”

Yüşşenko: “Biz torpaq üçün yox, geosiyasi məkan üçün mübarizə aparırıq”

Eks-prezident Viktor Yuşşenko rus yox, Ukrayna dilində danışacağını dedi. Putinin strategiyası, narıncı inqilabdan sonra islahat gözləntilərinin reallaşmaması və nə etmək lazım olduğu haqda danışan V.Yuşşenko Putin siyasətini kəskin tənqid etdi: “Putin Rusiya xalqı üçün çox pis xidmət göstərir, onun siyasətinin gələcəyi yoxdur. Rusiya Putinin siyasəti nəticəsində gələcəyini itirib. Əslində bu münaqişə Şərqi Avropada Rusiyanın Ukraynaya təcavüzüdür. Biz müəyyən mövqeyimizi itirsək, öz işimizi qurmağımız çox çətin olacaq. Putin deyib ki, Ukraynanın şərqindəki münaqişə Ukraynadaxili münaqişəsidir. Bu, belə deyil! Biz dözümlü xalqıq, həmişə birlikdə yaşamışıq. Bu, yerli münaqişə deyil. Biz öz müstəqilliyimiz uğrunda son 350 ildə mübarizə aparmışıq. Bu müharibənin əslində 4 əsr yaşı var. Bəli, biz Rusiya təcavüzünə qarşı mübarizə aparırıq. Əslində reallıqda qlobal münaqişə görürük. Burda münaqişə Şərq və Qərb, iki sivilizasiya arasındadır. Yenə Baltik və Qara dəniz arasında dəmir barmaqlıqlar yaranıb. Bir tərəfdə Rusiya, digər tərəfdə Avropa demokratik dəyərləri durub. Bu, Ukrayna və Rusiya arasında münaqişədir, eyni zamanda da Avropa və Rusiya arasında. Dağlıq Qarabağ, Dnestryanı, Cənubi Osetiya, Abxaziya, Krım, Donbas, sonra Şərqi Ukrayna… Bunlar Rusiya sərhədləri boyu yaradılan münaqişələrdir. Rusiyanın heç bir qonşusu rahat yata bilməz. Rusi
ya bütün bu problemləri dünya üçün yaradıb. Mən Putinin nə düşündüyünü bilməyə maraqlı deyiləm. Mən onu bilməyə maraqlıyam ki, biz nə etmək istəyirik. Siz bizim tərəfimizdəsinizsə, ürəyiniz bizimlə birgə döyünürsə, onda bir plan hazırlaya bilərik ki, necə edək, qalib gələk. Biz torpaq üçün yox, geosiyasi məkan üçün mübarizə aparırıq. Rusiya öz dünyasını yaratmaq istəyir, buna qarşı mübarizə aparırıq”.

Moderator Yuşşenkodan islahatlar barədə sualına cavab istədi: “ölkənizdə korrupsiya ilə mübarizədə tərpəniş varmı?”

Yuşşenko bildirdi ki, Kiyev kifayət qədər yaxşı islahatlar paketi hazırlamalıdır: “Burda 3 məsələ var, təhlükəsizlik, siyasi və iqtisadi sahədə. İlk olaraq Rusiya təcavüzünə qarşı necə mübarizə aparmaq olar istiqamətində tədbirlər görmək lazımdır. çünki Rusiyanın təcavüzü böyük pulların xərclənməsinə gətirib çıxarır və sabitliyə mənfi təsir göstərir. Ukraynaya kifayət qədər ciddi beynəlxalq dəstək lazımdır”.

L.Kravçuk Qərbi tənqid etdi: “Mən anlamıram, nəyə görə Qərb Rusiya hərbçilərini Ukraynada görmür? Təcavüzkarı saxlamaq lazımdır, təcavüzkarı saxlamasaq, heç nəyə nail olmayacağıq. Onda deyək islahatlar nəyimizə lazımdır, sabah öləcəyiksə? Bəli, öləcəyik, hamı Ukrayna üçün öləcək. Ukrayna ilə gizlənqaç oynamaq olmaz! Kommunizmdən azad olmaq haqqında düşünürüksə, biz birlikdə olmalıyıq”.

Gürcüstan təmsilçiçi Şengeliya da Rusiya əleyhinə sərt danışdı: “Mən başa düşmürəm, biz nəyi gözləyirik? Gəlin təşkil edək, mübarizə aparaq. Ruslar yalnız gücü başa düşür, başqa cür başa düşmür. Bütün Gürcüstan sizinlə olacaq”.

Kravçuk dedi ki, Rusiya Ukraynanı özündən ayrı təsəvvür etmir: “Tək Putin belə düşünmür. Rusiya bütün ölkələr üçün təhdiddir. Diz üstə olsanız, Rusiya sizi vuracaq. Amma ayaq üstə olsanız, vura bilməyəcək”.

Kuçma da dünyaya çağırış etdi: “Bizə maliyyə, hərbi kömək lazımdır. Biz Rusiyadan ötən əsrin silahları ilə müdafiə olunuruq. Müasir silahları istehsal edən zavodlar yoxdur. Bütün müdafiə zavodları Rusiyada yaradılıb”. O bildirdi ki, Ukrayna nüvə silahına can atmır: “Ancaq dünyaya xatırladırıq ki, onlar vaxtilə hansı sənədi imzalamışdılar və hansı öhdəlikləri var”.

V.Yuşşenko isə əlavə etdi ki, Putin iki şeydən qorxur: “öz xalqının və beynəlxalq aləmin onun fəaliyyətinə əks reaksiyasından. Biz bir yerdə çalışmalıyıq ki, Putinə qalib gələk”. Yuşşenko onu da dedi ki, Ukrayna dünyada 3-cü nüvə ölkəsi olsa da, öz potensialından imtina etdi və bununla öz təhlükəsizliyinə təhlükə yaratdı: “Ukraynanın ərazi bütövlüyünün təmin olunmasını ABŞ, Rusiya və Böyük Britaniya öz üzərinə götürmüşdü. İmzalanan sənəddə öhdəliklər əksini tapsa da, Krımı itirdik, Şərqi Ukrayna təhdid olunur, Rusiyanın 10 minə yaxın hərbçisi, müasir silahlardan istifadə olunur. Separatçı Zaxarçenko “prezident” elan edilib. Ancaq o, elektrikdir, təcavüzün mənbəyi deyil, bu mənbə Putindir, Kremldir. Bu gün Ukraynada baş verənlər sabah hər bir ölkənin başına gələ bilər. Rusiya ilə qonşu olmaq mütləq deyilsə, sabah Rusiyanın təcavüzünə məruz qalasan. Bu gün bir plan hazırlanıb ortaya qoyulsa, o sübut edəcək ki, siz Ukraynanın yanındasınız”.

Zal bu fikirləri də alqışlarla qarşıladı.

Polşanın eks-prezidenti Aleksandr Kvasnevski də anti-Rusiya fikirlərini davam etdirdi: “Putinin hərəkətləri nəticəsində Ukrayna ilə bağlı Qərb daha çox birləşib. Amma beynəlxalq həmrəyliyi daha çox təmin etmək gərəkdir. Bu, tək Ukraynanın problemi deyil, beynəlxalq problemdir. Bakıda keçirilən konfransın səsi demokratik dünyanın həmrəyliyi uğrunda önəmli məsələdir. İslahatlar Ukraynanın yaxşı imici, ölkəniz, cəmiyyətiniz üçün lazımdır. Ukraynalılar uzun müddətdir bunu gözləyir. Peşəkar və müstəqil məhkəmə sistemi olmalıdır. Biz Ukraynada islahatları gözləməli və səbirli olmalıyıq. Ukrayna ilə birləşmək lazımdır”.

Rusiya ilə bağlı kəskin çıxışçılardan daha biri, Litvanın keçmiş prezidenti (1990-1992) Vytautas Landsbergis dedi ki, bu gedişlə Kreml öz məqsədlərinə çata bilməyəcək: “Avropa Birliyinin əsas problemi Rusiya, daha dəqiq desək, postmüstəmləkə sistemləridir. Rusiya Sovet İttifaqını bərpa etmək düşüncəsindədir. Putin çıxışlarının birində dedi ki, mən respublikaları yenidən bir araya yığacağam. Mən bunu eşitdim və yaddan çıxara bilmərəm. Biz sual qoymalıyıq ki, Rusiya konstruktiv tərəfdaş ola birmi? Rusiyaya inanmaq olarmı, hansı ki, Rusiya həmişə yalan danışır. Təcrübə göstərir ki, bu gün Rusiya etimadı qaytarmır, onu itirir. ümumiyyətlə, Rusiyaya inanmaq olmaz. Rusiya beynəlxalq hüquq haqqında danışanda çaş-baş qalırıq”. O, “Putinin müharibələri 200 il əvvəlki Napaleona qarşı müharibə kimidir. Ukrayna ilə bağlı müharibə 3-cüdür, amma sonuncu deyil. Bu, o deməkdir ki, zəng sizinçün də çalına bilər”-deyə, əlavə etdi.

Gürcüstanın eks-prezidenti Mixael Saakaşvili panel çıxışında bildirdi ki, Azərbaycana tez-tez gəlir: “Azərbaycanı sovet vaxtı da görmüşəm. Dəyişikliklər mənə xoş təsir bağışlayır.

Avropa üçün dəbdə olan məsələdir, deyirlər, Rusiya böyük ölkədir, onunla ehtiyatlı olaq, səbr edək. Amma Azərbaycanda insan haqlarının pozulması var. Bu, çox ikiüzlü yanaşmadır. Yəni böyüklərə qarşı çıxmamalıyıq, gəlin balaca ölkəni döyək. Hələ ki Avropa üçün alternativ Azərbaycan qazı və Azərbaycan üzərindən türkmən qazıdır. Avropa bu ölkə ilə daha yaxından tərəfdaşlıq etməlidir”.