Yanvarın 29-da Bakıda 18 yaşlı tələbə Nərdanə Şirvan qızı Tağızadə xəstəlikdən vəfat edib.
Strateq.az-ın Baku.ws-ə istinadən xəbərinə görə, mərhum qızın anası İlhamə İgidova bildirib ki, övladı virusa yoluxubmuş.
Belə ki, qızın vəziyyəti yanvarın 25-də pisləşib və onu Respublika Klinik Xəstəxanasına, daha sonra “Bakı Medical Plaza”ya yerləşdiriblər. Həkimlərin səyinə baxmayaraq, Nərdanənin həyatını xilas etmək mümkün olmayıb.
Həkimlər qızın valideynlərinə deyiblər ki, Nərdanə Tağızadə leptospirosis virusuna tutulubmuş: “Əvvəlcə dedilər qız H1N1 virusuna tutulub. Sonradan dedilər ki, qıza heyvanlardan leptospiroz virusu keçib. Lakin ölüm kağızında rəsmi olaraq yazdılar ki, onun dünyasını dəyişməsinə səbəb ağciyər və ürək çatışmazlığıdır”.
İlhamə İgidova deyir ki, qızın ölümündən sonra evlərinə Epidemiologiya Mərkəzindən həkimlər gəlib və bildiriblər ki, Nərdanə Tağızadədən başqa, bu virusdan daha 5 nəfər vəfat edib: “Dedilər ki, araşdırmaq lazımdır ki, Nərdanə ilə həmin 5 nəfərin əlaqəsi olub, ya yox. Bu virus əsasən heyvanlardan insana keçir”.
Dünyasını dəyişən Nərdanə Tağızadə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə 600 balla daxil olub. Xəstələnəndən sonra bir müddət müalicə alıb və imtahanlarını verib.
Qeyd edək ki, mərhumun bu yaxınlarda nişan mərasimi baş tutacaqdı.
Səhiyyə Nazirliyiyindən bildirilib ki, Nərdanə Şirvan qızı Tağızadənin leptospiroz infeksiyasından dünyasını dəyişməsi aparılan lobarator müayinələrin nəticəsində öz təsdiqini tapmayıb. Məlumata görə, bu infeksiya haqqında məlumat daxil olan kimi, Səhiyyə Nazirliyi məsələni xüsusi nəzarətə götürüb: “Dərhal mərhumun evində bütün lazımi müayinələr aparılıb. Leptospiroz çox nadir rast gələn bir xəstəlikdir. Bu infeksiya xəstə heyvanların ifrazatları ilə çirklənmiş ətraf mühit vasitəsilə yayılır. İnsandan insana keçmir. Aparılmış epidemioloji araşdırmalar və laborator müayinələr nəticəsində xəstəlik təsdiqini tapmayıb. Ölümün əsas səbəbi mərhumun dünyasını dəyişdiyi tibb müəssisəsinin rəyində açıqlanıb”.