“Avropanı həm daxili, həm də xarici düşmənlərindən qorumaq yolunda ilk addım mövcud təhdidin miqyasını dərk etməkdir. İkinci addım isə yatmaqda olan avropapərəst çoxluğu yuxudan oyatmaq, onu AB-inin qurulduğu dəyərlərin müdafiəsindən ötrü səfərbər etməkdir”.
Bunu “Project Syndicate” portalında milyarder Corc Soros yazıb.
“Avropa unutqanlıq yuxusuna girib və Avropa xalqı çox gec olmadan oyanmalıdır. Oyanmasalar, Avropa Birliyi də 1991-ci ildə Sovet İttifaqının getdiyi yolu gedəcək. Nə liderlərimiz, nə də sıravi vətəndaşlarımız inqilabı məqamda olduğumuzu, imkanların miqyasının genişliyini, sonucların xeyli dərəcədə qeyri-müəyyən olduğunu anlayır”, – Açıq Cəmiyyət Fondunun sədri yazıb.
Müəllif növbəti dəyişmə məqamının bu ilin mayında Avropa Parlamentinə keçiriləcək seçkilərə düşdüyünü vurğulayır. “Təəssüf ki, anti-Avropa qüvvələr səsvermədə rəqabət üstünlüyünə malik olacaqlar. Bunun bir sıra səbəbləri var, bir səbəb də Avropa ölkələrinin çoxunda köhnəlmiş partiya sisteminin mövcudluğudur… Avropa Birliyinin qurulduğu prinsipləri pozan üzv ölkələri cəzalandırmağa hüquqi alətlər də yoxdur. Avropa Birliyi qanunlarını üzv ölkələrə tətbiq edə bilər, amma üzvlərini ona əməl etdirməyə yetəcək gücü yoxdur”, – milyarder vurğulayır.
“Avropa Birliyinin dominant ölkəsi Almaniyadır, Almaniyada dominant siyasi alyans – Xristian Demokratik Birliyi (CDU) ilə Bavariyadakı Xristian Sosial Birliyinin (CSU) alyansı isə daha möhkəm deyil. Bavariyada CSU səviyyəsində partiya olmadıqca bu alyans işlədi. Amma ekstremist Almaniya üçün Alternativin (AfD) yüksəlişi ilə durum dəyişdi. Ötən sentyabr seçkisində CSU son 60 ilin ən pis nəticəsini göstərdi və AfD ilk dəfə olaraq Bavariya Parlamentinə girdi”, – yazan müəllif AfD-nin yüksəlişinin SDU-CSU alyansının mövcudluq səbəbini dəyişdiyini vurğulayır.
Amma məqalədə durumun tam ümidsiz olmadığı da qeyd edilir. Belə ki, Yaşıllar Partiyası ölkənin yeganə davamlı avropapərəst partiyası kimi inkişaf edir, rəy sorğularında da mövqeyini möhkəmləndirir. (azadliq. org)