“Bizim Yol” qəzetinin baş redaktoru
Azərbaycan Prezidenti İlham Əliyev Real TV-yə eksklüziv müsahibəsində mediaya dair yanaşmasını belə vurğulayıb: “Mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm, bəzi hallarda mediadan bir çox məsələləri öyrənirəm, dərhal reaksiya verirəm. Bu barədə mən bir neçə dəfə öz fikirlərimi bildirmişəm və hesab edirəm ki, gələcəkdə Azərbaycan mediası ölkəmizin həyatında bundan da böyük rol oynayacaqdır”.
Bəri başdan deyim ki, dövlət başçısının yerli mediaya müsahibə verməsi özü çox maraqlı və müsbət faktdır. Bəli, dövlət başçısı öz işlərində mediadan gələn xəbərlərdən yararlandığını deyir. Və ümid edir ki, gələcəkdə Azərbaycan mediası ölkənin həyatında daha böyük rol oynayacaq. Yəni hazırda da müəyyən rolu var və bu rolun daha da güclənməsi zərurətdir. O zaman ölkə mediasının daha obyektiv, daha operativ, daha məzmunlu olması, araşdırmalara, təhlillərə və təbii ki, tənqidlərə daha çox yer verməsi qaçılmazdır.
Əlbəttə ki, Prezident ölkə həyatına dair gündəlik informasiyaları yalnız mediadan almır, onu məlumatlandıran başqa mənbələr də var – bu işlə dövlət qurumları da məşğul olur. Ancaq söhbət obyektiv məlumatlardan gedir. Bu baxımdan cəmiyyətdə çox ciddi ictimai nəzarət funksiyası olan medianın rolu daha başqadır və böyükdür. Prezidentin ölkədə gedən prosesləri olduğu kimi görməsi üçün media onları oduğu kimi çatdırmalıdır. Əgər hər hansı dövlət qurumu hətta obyektiv gerçəkləri yalnız dövlət başçısına çatdırırsa, (xidməti istifadə üçün məlumatlar toplayıb təqdim edirsə), media gerçəkliyi həm dövlətə, dövlət başçısına, həm cəmiyyətə, həm də dünyaya çatdırmış olur. Bu anlamda Prezident medianın rolunu xüsusi qiymətləndirdiyini bildirir, bu, çox müsbət haldır (yerli TV-yə müsahibə verməklə bunu bir daha vurğulamaq istədiyi görünür). Bu, belə bir təəssürat yaradır ki, dövlət başçısı media ilə daha sıx işləməyi düşünür. Yerli media mənsubları arasında və cəmiyyətdə hər zaman dolaşan: “Nə üçün Prezident xarici mediaya daha çox müsahibə verir?” sualına da məhz bu üzdən özü cavab verir (hərçənd, məncə, bu sualı, öz ölkəsinin mediasına ilk dəfə müsahibə verən Prezidentə özü deyil, jurnalist verməli idi). İlham Əliyev bu məsələni çox geniş izah edib, dünyada gedən informasiya mübarizəsini və “Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq” zərurətini önə çəkib. “Azərbaycan mediası da bunu bilsin” deyə xüsusi vurğulayıb.
Əlbəttə, xarici mediada öz fikirlərini və mövqelərini çatdırmaq hər bir siyasətçinin və xüsusilə dövlət rəhbərinin marağındadır və vacibdir. Bu anlamda Prezident İlham Əliyev də istisna deyil. Ancaq paralel olaraq öz ölkəsinin mediasının statusunu qaldırmaq baxımından onun yerli KİV-ə müsahibə verməsi ayrıca önəm daşıyır. Ölkə rəhbəri, özü dediyi kimi, yerli mediadan xəbərləri izləyir və reaksiya verir. Bu səbəbdən ümid edirəm ki, mənim bu yazımdakı fikirlər də ölkə Prezidentinə gedib çatacaq və ya çatdırılacaq. Bu fikirləri indiyədək də dəfələrlə demişəm. Bəli, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq lazımdır. Ancaq Azərbaycan həqiqətlərini Azərbaycan cəmiyyətinə və dövlətinə çatdırmaq da az önəm daşımır (bəlkə daha önəmlidir). Medianın statusunu, ən başlıcası, təsir gücünü artırmaq üçün onun müstəqillinə daha çox dəstək vermək də lazımdır.
…Məşhur Amerika yazıçısı, Nobel Mükafatı laureatı Uilyam Folkner müsahibələrinin birində 1929-cu ildə çap etdirdiyi “Səs-küy və qəzəb” romanı haqqında suala belə cavab vermişdi: “Bu əsər mənim üçün daha uğurlu oldu, çünki buna görə mən həmişəkindən daha çox tənqid olundum”. Bəlkə də deyəcəksiniz ki, ədəbiyyatdan gətirildiyi üçün bu misal yanlışdır. Xeyr. Tarix göstərib ki, ən uğurlu siyasətçilər ədəbiyyata, mədəniyyətə, azad fikrə önəm veriblər. Siyasət özündə həm ədəbiyyatın, həm incəsənətin, bütövlükdə bədii mədəniyyətin elementlərini daşıyır (sən hətta doğru fikrini də təbii, səmimi, orijinal üslubda, səlis şəkildə, uyğun jestlərin və üz ifadələrinin, bəzən yerində söylənmiş obrazlı deyimlərin köməyilə çatdıra bilməsən – inandırıcı olmasan insanlara təsir edə bilməyəcəksən). Folknerin sözünün canı budur; bu əsərin tənqidində əsərin və yazıçının özünün bütün güclü və zəif tərəfləri ortaya qoyuldu. Folkner bir yazıçı olaraq bu roman ətrafındakı tənqiddən çox yararlanmış oldu; Folkner örnəyi göstərdi ki, güclü yazıçı tənqiddən çəkinmir, əksinə ondan yararlanır. Bu, eyni ilə siyasətçi, dövlət xadimi üçün də keçərlidir; tənqid həm də və daha çox “Nəyi etməmək lazımdır?” sualının cavabıdır.
…Çox illər bundan öncə bölgələrimizdən birində bir evdə qonaq qaldıq. Səhər oyananda saçımı daramaq üçün güzgü axtardım. Sən demə, gözümün önündəymiş, görməmişəm. Niyə görməmişəm?! Çünki güzgünün üzünə özünün ölçüsündə… PƏRDƏ (!) çəkilmişdi. Bunun səbəbini ev sahibindən soruşdum, “ləkədən qorumaq üçündür” dedi. Ancaq güzgünün missiyası göstərməkdir. Bu gün mediamız o üzünə pərdə çəkilmiş güzgüyə bənzəyir – özü var, ancaq gerçəkliyi göstərə bilmir; tənqidçi media, demək olar, tamamilə darmadağındır. Bəli, rəsmən senzura yoxdur. Ancaq reallıqda başqa şey baş verir. Əgər “tərif mediası” (ki, ona media da demək olmaz) stimullaşdırıldığı zaman, tənqidlərin qarşısı alındığı zaman ölkə üçün, cəmiyyət üçün, dövlət və dövlətin başçısı üçün arzu olunmayan sonuclar yaranır. Əgər əvvəl media iqtidar və müxalifət mediaları olaraq iki hissəyə bölünmüşdüsə (ki, əslində bu da anormal idi), indi ortada ölkədəki tərifçi və xaricdəki təhqirçi medialar qalıb. “Təhqirçi media”nın daha çox populyarlaşması, daha çox izləyici, tamaşaçı toplamış olması həm də tənqidçi (yəni müstəqil) jurnalistikanın sıradan çıxmasının nəticəsidir. Əgər xarici mediada dərc olunan bir məqalə ölkə gündəmini alt-üst edirsə, deməli, media məkanımızda çox ciddi dəyişikliklər olasıdır. Və güman edirəm ki, olacaq da.
Yeri gəlmişkən, bu günlərdə, Sosial Tədqiqatlar Mərkəzi yarandı və onun üzərinə ictimai rəyin öyrənilməsi kimi bir mühüm missiya qoyuldu. Bəzi media orqanları, sosial şəbəkələr bu quruma rəhbər təyin olunan şəxsə yükləndi. Mənim fikrimcə, əsas məsələ bu da deyil; ölkədə gərək ictimai rəy olsun ki, onu da öyrənə biləsən. İctimai rəy isə onu gerçək anlamda formalaşdıran qurumların və insanların, hər şeydən əvvəl isə azad, məsuliyyətli, güclü medianın olmasıdan asılıdır. İnsanlar mediada, kütləvi aksiyalarda, öz aralarında belə öz fikirlərini açıq ifadə edə bilməsə, ictimai rəy də olmayacaq və ya təhrif olunmuş ictimai rəy olacaq. Bu da obyektiv və doğru nəticələr çıxarmağa imkan verməyəcək. Dövlət bundan sonra media gücündən yararlanmağa üstünlük verəcəksə, mediadakı sağlam tənqidə, obyektiv təhlilə, jurnalist araşdırmalarına daha dözümlü yanaşma mövqeyi tutacaq – başqa yol yoxdur. İndikindən çox fərqli – tamam yeni yanaşma ortaya qoyulmasa, dövlətin əsas güc komponentlərindən olan media gücü getdikcə zəifləyib yox olacaq. Bu baxımdan, hakimiyyətə qarşı tənqidi mövqedə dayanmış jurnalistlərin həbsdən azad edilməsi dövlətin çox qiymətli jesti, yeni media siyasətinin ilk işarələrindən biri olardı. Qərəzsiz, müstəqil, obyektiv media gücləndikcə, mən də ümid edirəm ki, ölkə Prezidentinin dediyi kimi, Azərbaycan medası bundan sonra ölkə həyatında daha böyük rol oynayacaq.