XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

25 Fevral 2016 - 13:05

Nəqliyyat Nazirliyi yenidən monopoliyalar yaradır –İddia

 

“Ölkə başçısının monopoliyalara, məmur özbaşınalığına qarşı mübarizə apardığı bir zamanda Dövlət Avtomobil Nəqliyat Xidmətinin başımıza açdığı oyunlar heç bir əndazəyə sığmır”.

 

Bu sözləri  Bakı – Nijniy Novqorod xətti üzrə sərnişindaşıma ilə məşğul olan bir qrup sahibkar strateq.az-a şikayət edərkən bildirib.

 

15 ildən artıq sözügedən marşrut üzrə işləyən Bəxtiyar Bilalovun dediyinə görə, 7 il nəzdində fəaliyyət göstərdikləri “Trans Kontrol” şirkəti ötən il ləğv olunub. Dövlət Avtomobil Nəqliyyat Xidmətindən bunun səbəbini Prezidentin sahibkarlar qarşısında yaradılan süni maneələrin aradan qaldırmaq taprışığının nəticəsi kimi izah ediblər və sahibkarlara işgüzar fəaliyyətlərini davam etdirmək üçün yeni şirkət yaratmağı, rəsmi qurumlarla birbaşa özlərinin müqavilə bağlamağı məsləhət biliblər.

 

Nəhayət ki, ölkədə özbaşınalığa, iri məmurların müxtəlif inhisarçı şirkətlər yaradaraq haqsız qazancına, sahibkarların istismarına son qoyulacağını düşünən bir neçə sahibkar xeyli sevinib. Bir araya gələrək “Metropol Trans” adlı şirkət yaradıblar. Şirkət Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində 07 yanvar 2016-cı il tarixində qeydiyyatdan keçib. Amma sahibkarların öz başlarının ağası olmaq sevdası yenə baş tutmayıb.

 

Bu ilin ilk günlərində müraciət etdikləri Dövlət Avtomobil Nəqliyyat Xidməti onların müraciətinə cavab verməyib. Daha sonra isə sahibkarlara marşrutun “AN” adlı bir şirkətə verildiyini deyiblər.

 

Sahibkarları da narahat edən elə budur. Onlar heç bir tender keçirilmədən uzun illər işlədikləri marşrutun sərnişindaşımada yaxşı reputasiyasi olmayan “AN” şirkətinə verilməsinin heç bir hüquqi əsasının olmadığını düşünürlər:

 

“Qanunvericiliyin tələblərinə əsasən, bunun üçün ya tender keçirilməli, kim xalqa daha ucuz və keyfiyyətli xidmət göstərərsə, marşrut da ona verilməli, ya da bütün şirkətlərə azad rəqabət üçün şərait yaradılmalıdır” – bunu Bəxtiyar Bilalov əməkdaşımızla söhbətində deyib.

 

Onun fikrincə, Dövlət Avtomobil Nəqliyyat Xidmətinin heç bir iqtisadi və hüquqi əsaslara söykənməyən bu addımının arxasında yalnız bir amil dayana bilər-maddi maraq:

 

“Görünür, sözügedən qurum “AN” şirkətindən daha artıq xərac alaraq marşrutu onlara verib. Əks halda, niyə bizim 15 ildən bəri yediyimiz çörək ağacımızı kəsirlər? Niyə azad rəqabətə şərait yaradıb xalqın güzaranını yaxşılaşdırmırlar?” 

 

Maraqlıdır ki, sahibkarların bu suallarına Dövlət Avtomobil Nəqliyyat Xidmətindən dolaylı  cavab verilib: "“Metropol Trans” şirkət bizə müraciət etməyib”.

 

Bunu sözügedən dövlət qurumunun Daşımaların tənzimlənməsi şöbəsinin böyük mütəxəssisi Vidadi Qəhrəmanov bir ay bundan əvvəl apa.az-a açıqlamasında bildirib.

 

Bəxtiyar Bilalov isə bu cavabla razılaşmır. O, məsələylə bağlı Dövlət Abtomobil Nəqliyyat Xidmətinin rəisi Elnur Babayevə dəfələrlə həm şifahi, həm də yazılı müraciət etdiyini deyir. Bizə təqdim etdiyi 11 yanvar 2016-cı il tarixli sənəd də, həqiqətən, belə bir müraciətin olduğunu təsdiqləyir. Müraciətə Rusiya Federasiyasında sifarişçi şirkətlə bağlanan müqavilə də əlavə olunaraq, əlaqədar quruma göndərilib.

 

Sahibkarlar başlarına gətirilən oyunların səbəbini Prezidentin monopoliyalara qarşı mübarizəsinə oliqarx məmurların müqavimətiylə əlaqələndirirlər. Onların fikrincə, ali siyasi iradənin ötən ilin ortalarında qəzəbindən çəkinən bəzi monopolist nazirlər yaratdıqları inhisarçı şirkətləri dərhal ləğv etməli olublar. Sürücülərə MMC yaradıb fəaliyyətlərinə davam etmək təklifi də buna görə verilibmiş: “Yəqin, Nəqliyyat Nazirliyinin səlahiyyət sahibləri düşünürdülər ki, Prezidentin qəzəbinə gəldikdən sonra onların nəzarətində olan təşkilatlarda yoxlamalar aparıla bilər. Həqiqətlərin ortaya çıxmaması üçün nazirlik sahibkarlarla xoş dildə danışmaq məburiyyətində qalıb. Sonra isə, öz aləmlərində, təhlükənin sovuşduğunu görüb yenidən inhisarçılığa davam etmək istəyirlər. Nəticədə isə bu işlə məşğul olan bir çox sahibkar öz işini itirir”.

 

Bəxtiyar Bilalov bu oyunun təkcə Bakı-Nijni-Novqoroda xəttilə işləyən sahibkarların başına gətirilmədiyini də vurğuladı. Onun sözlərinə görə, eyni problemi digər marşrutların sürücüləri də yaşayırlar. Demək olar ki, bütün xətlər üzrə  fəaliyyət göstərmək hüququ yalnız bir şirkətə verilib: “Bu, elə əslində monopoliyalara yenidən dönüş deyilmi? Niyə nazirliklər və onlara bağlı qurumlar hörmətli Prezidentimizin həyata keçirmək istədiyi mütərəqqi islahatlara bu cür barmaqarası baxırlar? Onları bu qədər asiliyə həvəsləndirən hansı gücləridir?”

 

...

Sahibkarın bu təsbitləri doğrudan da maraqlıdır. Elin-günün bu vaxtında, ölkəyə gələn neft kapitalının  kəskin azaldığı, qeyri-neft sektorunun inkişaf etdirilməsinin zərurətə çevrildiyi dövrdə bəzi nazirlərimizin dövlət iradəsinin əleyhinə addım atması, həqiqətən, adamda təəccüb doğurur. Doğrudanmı kimlərsə hələ də özlərini Dədə Qorqudun yol kəsən Dəli Domrulu kimi toxunulmaz, “saldığım körpüdən keçsən 1 abbası, keçməzsən 2 abbası verməlisən” deyəcək qədər özbaşına hiss edirlər? Dövlət büdcəsindən maliyyələşən bu qurumlar niyə anlamaq istəmirlər ki, qarşılarında əngəl yaratdıqları sahibkarların boğazına yapışmaqla əslində öz oturduqları budağı kəsirlər? Niyə Azərbaycan hakimiyyəti idarəetmə orqanlarında baş ağrısından başqa heç bir işə yaramayan bu qurumları tamamilə ləğv edib, sahibkarlığın inkişafına imkan verməyən “kiçik padişahları” cəzalandırmır?

 

Bizim üçün ən maraq doğuran suallardan biri də monopoliyalara qarşı mübarizə aparıldığı, yeni iş yerlərinin açılmasının vəd edildiyi inidiki vaxtda Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən bir qurumun tamamilə əks addım atmasıdır. Faktiki olaraq, bir çox şirkətlərin bağlanması, xeyli insanın işsiz qalmasına hesablanmış bu addım həm qeyri-neft sektorunun inkişafının qarşısını alır, həm ictimai narazılığı artırır, həm də dövlətin vergilər siyasətini tamamilə təsirsiz hala gətirir.

 

Sirr deyil ki, enerji daşıyıcılarının qiymətinin ucuzlaşdığı indiki dövrdə Azərbaycan hakimiyyəti büdcə kəsirlərini doldurmaq üçün bütün ümidlərini Vergilər Nazirliyinə bağlayıb. Ötən illərdən fərqli olaraq, bu il büdcə gəlirlərinin böyük hissəsi vergi orqanlarının çiyninə qoyulub. Büdcə layihəsində bu orqanın ildə 6 milyarddan daha çox pul ödəməsi nəzərdə tutulub. Vergilər nazirliyi ondan tələb olunan vəsaiti, sözsüz ki, sahibkarlardan almalıdır. Sahibkarlar isə hələ də monopoliyalar yaradılaraq sıradan çıxarılır. Üstəlik, Bəxtiyar Bilalovun qeyd etdiyi kimi, yalnız bir şirkətin imtiyazına verilmiş fəaliyyət haqqı azad rəqabətin qarşısını alır və ondan xalqa xidmətin yaxşılaşdırılmasını gözləmək yersizdir.

 

Nəqliyyat Nazirliyində yenidən inhisarçılığa yönəlmənin səbəbləri barədə rəyini öyrənmək istədiyimiz vergi mütəxəssisi Elçin Qurbanov bu qədər həssas məsələylə bağlı araşdırma aparmadan danışmaq istəmədi. Bizdən əlimizdə olan faktları ona təqdim etməyimizi xahiş etdi və inhisarçı şirkətlətin bu addımının vergidən yayınma arzusuyla əlaqəli olub-olmamasını araşdıraraq redaksiyamıza təfsilatlı məlumat verəcəyi söylədi. Biz də bu ricanı yerinə yetirdik.

 

Müstəqil ekspert hələlik isə bunları deməklə kifayətləndi: “Əgər irəli sürülən ittihamlar həqiqətdirsə, bu, iqtisadi cinayətdir. Başda Nəqliyyat, Vergilər Nazirliyi, Baş Prokrorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsi olmaqla, əlaqədar dövlət orqanları faktı araşdırıb bu özbaşınalığın qarşını almalıdır. Bununla belə, tam sübuta yetirilməyən faktla bağlı açıqlama vermək yersiz olardı. Mən sadəcə, aşkar edilə biləcək ehtimallar barədə danışıram”.

 

Bəs, görəsən, bütün bunlardan Nəqliyyat naziri Ziya Məmmədovun xəbəri varmı? Varsa, niyə sahibkarları incidərək dövlətdən narazı salır? Yoxdursa, hansı haqla hələ də nazir postunu tutur? Axı nazir sözü nəzarət  edən deməkdir və vəziyyətə nəzarət edə bilməmək bir nazir üçün öz vəzifə borcunu yerinə yetirməməklə eyni mənaya gəlir.

 

Heydər Oğuz

Strateq.az