XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

18 Fevral 2019 - 14:36

Netanyahu polyakları Holokost soyqırımına dəstəkdə qınadı –Polşa İsrail səfirini izahata çağırdı, münasibətlər gərginləşdi

İsrailin Baş naziri Benyamin Netanyahunun Varşavaya səfəri zamanı Polşa və Holokostla bağlı dedikləri bu həftə gözlənən Mərkəzi Avropa liderlərinin sammitinə kölgə salıb. Belə ki, Polşa Vişeqrad konfransına daha kiçik rütbəli rəsmisini göndərəcək.

Netanyahu həmin tədbiri Şərqi Avropanın yeni yaranan demokratiyaları ilə əlaqə qurulmasında böyük hədəf sayır. Onun daha böyük niyyəti isə İsrailin adətən beynəlxalq forumlarda üzləşdiyi tənqidi önələməkdir.

Netanyahunun ötən həftə jurnalistlərə “polyaklar nasistlərlə əməkdaşlıq ediblər” deməsindən sonra böhran yaranıb. Bu ilk baxışda “günahsız” fikirlər polşalıları özündən çıxarıb. Axı, onlar ölkələrinin Hitlerlə əməkdaşlığa getməsi fikirlərini rədd edirlər.

Polşanın Baş naziri Matteuz Moravieçki bazar günü deyib ki, bu həftə Vişeqrad sammitinə getməyəcək. Toplantı sabah – fevralın 19-da Yerusəlimdə keçiriləcək. Tədbirə Macarıstan, Çexiya Respublikası, Slovakiya baş nazirlərinin də qatılacağı gözlənir.

“The Associated Press” agentliyi yazır ki, Netanyahunun Polşa və Şərqi Avropanın digər liderləri ilə sıx əməkdaşlığını müdafiə etməsi bu diplomatik qalmaqalda itib-batıb.

Tarixçilər və yerli tənqidçilər Netanyahunu millətçi liderlərə həddən artıq yaxınlaşmaqda və Holokostun təhrif olunmuş imicini yaratmaqda, onlara bağlı antisemitizmə göz yummaqda suçlayır. Netanyahu bu yaxınlarda Litva, Ukrayna və digər ölkə liderlərinin toplantısını keçirmişdi.

Varşavaya ikigünlük səfəri zamanı “The Associated Press” agentliyinin sualını cavablandıran Netanyahu deyib ki, müxtəlif liderlərlə tarixi təftiş məsələsini qaldırır. O, İkinci Dünya Müharibəsi dövründə yəhudilərin soyqırımında kiminsə əli olmasını azaltmağa çalışmadığını deyib.

“Mən tarixi bilirəm. Onu ört-basdır etməyə çalışmıram. Litvada özəlliklə bəzi dəhşətli şeylər olub. Heç kəs onu gizlətməyə çalışmır”, – tarixçi oğlu olan Netanyahu vurğulayıb.

Netanyahu Polşanın ziddiyyətli Holokost qanunuyla bağlı həmin ölkənin liderləri ilə anlaşmaya getməsinə dair israilli tarixçilərin tənqidini də rədd edib. Qanun İkinci Dünya Müharibəsi dövründə yəhudilərə qarşı cinayətlərdə polyakların günahlandırılmasını kriminallaşdırır.

Polyaklar nasistlərlə əməkdaşlıq edib və kiminsə belə bir bəyanata görə məhkəməyə verilməsindən xəbərim yoxdur”, – Netanyahu jurnalistlərə deyib.

Amma bəzi media orqanları onun “bu polşalılar” dediyini yazıb. Bu, Varşavanı qəzəbləndirib, İsrailin səfiri izahat üçün çağırılıb. Netanyahunun idarəsi onun yanlış anlaşıldığını, İsrail qəzetində redaktə səhvi getdiyini deyib.

Polşa hökuməti isə bu cavabı yetərsiz sayaraq konfransa getməməklə hədələyib. Netanyahunun ofisi onu da deyib ki, o, polyaklardan danışıb, polşalıları, yaxud Polşanı nəzərdə tutmayıb. Yerusəlimdəki tədbirə Polşanın Xarici işlər naziri Xacek Qzaputoviçin qatılacağı gözlənir.

(Azadlıq radiosu)