XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Fevral 2019 - 23:01

Deputat sürücüsünün törətdiyi dəhşətli qəzadan danışdı:"Qanun qarşısında cavabdehdir"

Bu gün bəzi saytlar Milli Məclisin deputatı Cavanşir Feyziyevin sürücüsünün qəza törətdiyi barədə məlumat dərc ediblər.

Məsələ ilə bağlı Modern.az saytı deputatın özü ilə əlaqə yaradıb.

Bu ayın 12-dən Avropada rəsmi səfərdə olduğunu deyən deputat bildirib ki, hazırda Xocalı Soyqırımının 27-ci ildönümü ilə bağlı Belçikada və Böyük Britaniyada keçirilən tədbirlərdə iştirak edir:

“Baş verən qəza barədə bu gün mətbuatdan məlumat almışam. Təəssüf edirəm ki, ölkəmizdə də avtomobil qəzaları demək olar ki, hər gün baş verir. Mən avtomobil qəzalarında həlak olan bütün vətəndaşlarımızın ailələrinə dərin hüznlə başsağlığı verərərək, onlara Allahdan səbr diləyirəm.

Kimliyindən asılı olmayaraq, hər bir şəxs baş vermiş hadisə ilə bağlı günahın dərəcəsinə və nəticələrinə müvafiq şəkildə qanun qarşısında cavabdehdir. Yəqin ki, bu qəzanın da istintaqı aparılır və əminəm ki, hadisədə təqsiri olanlar qanunla nəzərdə tutulmuş qaydada cəzalandırılacaqlar”.

Xatırladaq ki, Bakı şəhərinin Xəzər rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Məlumata görə, 1984-cü il təvəllüdlü Abbasov Fərid Həsənağa oğlunun idarə etdiyi “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobilin “Avromed” MMC-yə məxsus olduğu üzə çıxıb.

Belə ki, lüks avtomobil Xəzər rayonu Qala qəsəbəsi ərazisində – Mərdəkan istiqamətində hərəkət edərkən 40-45 yaşlı qadını vurub. Zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın “Wolksfagen Passat” markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb və yerindəcə keçinib.

İlkin araşdırmalar zamanı ölən qadının 1975-ci il təvəllüdlü Hüseynova Sevinc Cabir qızı olması müəyyənləşdirilib.

O da məlum olub ki, hadisəni törədən Abbasov Fərdi Həsənağa oğlu “Avromed” MMC-də çalışır və avtomobil də həmin şirkətin adına qeydiyyatdadır.