XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

26 Fevral 2016 - 09:49

ABŞ müdafiə naziri: “İŞİD bir xərçəng şişidir, biz onu iki yerə böldük”

 

“Bu günə qədər 2500 kürd yaraqlısına təlim keçmişik. Onların sayəsində İŞİD-in Suriya ilə İraq arasındakı əlaqəsini kəsməyə çalışırıq”.

 

Strateq.az xəbər verir ki, kürd separatizmini dəstəklədiklərini rəsmən bəyan edən bu açıqlamanı ABŞ ordusunun Baş Qərargah rəisi general Jozef F. Dunford verib.

 

ABŞ parlamentinin Nümayədələr Palatasında keçirilən müdafiə büdcəsi ilə bağlı müzakirədə verdiyi hesabatda Dunford onu da bildirib ki, Şəddadinin alınmasıyla artıq öz məqsədlərinə böyük ölçüdə çatıblar:

 

“Bu qəsəbəni İŞİD-dən təmizlədikdən sonra növbəti hədəfimiz Rakka olacaq”.

 

Qeyd edək ki, Şəddadi İŞİD üçün olduqca strateji əhəmiyyət daşıyan yerdir. Şimali Suriyanın İraqla sərhədində yerləşən bu qəsəbə həm iki dövlət arasında əsas keçid məntəqəsi kimi tanınır, həm də zəngin neft yataqlarıyla xilafətin əsas “çörək ağaclarından biri” rolunu oynayırdı. ABŞ-ın dəstələdiyi “Demokratik Suriya Gücləri”nin ötən həftə qəsəbəni alması məhz bu iki səbəbdən xilafət üçün böyük itki sayılır. “Demokratik Suriya Gücləri”ni formalaşdıran qüvvələr arasında isə PKK-nın Suriyadakı silahlı qanadı hesab olunan YPG də mühüm yer tutur.

 

Rakkaya gəlincə, bu şəhər İŞİD-in iki mühüm inzibati idarəetmə mərkəzlərindən biri və ən əhəmiyyətlisidir. Əksər qaynaqlarda “xilafət”in paytaxtı olaraq da göstərilir. Rakkadan “xilafət”in digər mühüm şəhəri olan Mosulla gedən yol isə Şəddadi üzərindən keçir. Düzdür, Suriyada Palmira, İraqda Anbar vilayəti ələ keçirildikdən sonra İŞİD-in əlində tutduğu coğrafiyaları birləşdirən ikinci qapı da açılmış oldu. Buna baxmayaraq, şimal qapısı həm qısalığı, həm təhlükəsizliyi, həm də bütün coğrafiyanı əhatə etməsi baxımından əsas keçid məntəqəsi kimi qiymətləndirilir.

 

ABŞ-ın Təmsilçilər palatasında Baş Qərargah rəisi ilə bərabər hesabat verən Müdafiə naziri Eşton Karter də Şəddadinin məhz bu strateji əhəmiyyətindən üzərində dayanıb. O, qəsəbənin İŞİD üçün strateji əhəmiyyətindən danışaraq “xilafət”in neft gəlirlərinin Şəddadidən idarə edildiyini bildirərək, deyib: 

 

"Bu qəsəbəni alaraq Rakka ilə Mosul arasında şimalda olan ana xətti də kəsdik. Bu şəkildə xərçəng şişinə bənzəyən İŞİD-i iki yerə bölmüş olduq".

 

Karter çıxışında “xilafət”lə mübarizədə ABŞ-ın “digər düşmənlərindən” fərqli nəticələr əldə etmək arzusunu da gizlətməyib: 

 

"Açıq danışmaq lazımdırsa, ABŞ ordusu İraq və Əfqanıstandakı döyüşlərindən, ya da dünyanın yaddaşında yaxın keçmişindən qalan xatirələrdən daha fərqli döyüşmək üçün hazır olmalıdır".

 

Maraqlıdır ki, Müdafiə naziri “digər düşmənlər” kataqoriyasına Çini və Rusiyanı da əlavə edərək onların bostanına da daş atmağı unutmayıb: 

 

"Bəzi bölgələrdəki hərbi üstünlüyümüzü təhdid edəcək qədər inkişaf etmiş hərbi sistemə sahib Rusiya və Çin üzərində dayanılması lazım olan başlıca rəqiblərimizdir. Onlar bir çox hallarda güclü silahlar istehsal edərək və döyüş yolları axtararaq hədəflərinə çatmaq, ABŞ-a cavab verməyi ümid edirlər".

 

Karter bu ölkələrlə qarşıdurmaya girmək istəmədiklərini, amma onların etdikləri bəzi hərəkətləri də görməzlikdən gələ bilməyəcəklərini vurğulayıb.

 

Heydər Oğuz

Strateq.az