Ukraynanın Konstitusiya Məhkəməsi rəsmilərin qanunsuz varlanmasıyla mübarizəni hədəfləyən qanunvericiliyi ləğv edib. Ukraynanın korrupsiyayla mübarizə aparan agentliyi isə bunu “geriyə addım” adlandırıb.
Məhkəmənin fevralın 27-də çıxardığı qərarda deyilir ki, Cinayət Məcəlləsinin 368-ci maddəsinin müvafiq bəndi təqsirsizlik prezumpsiyasını pozur. Həmin bənddə şübhəli rəsmilərdən tələb olunurdu ki, sərvətlərini qanuni yığdıqlarını sübut etsinlər.
Ukraynada bu qanun 2015-ci ildə Beynəlxalq Valyuta Fondunun tələbilə qəbul olunub. Məqsəd qurumdan ölkənin çox ehtiyac duyduğu kreditləri almaq idi. BVF 2015-ci ildə Ukraynada islahatlara dəstək üçün 17,5 milyard dollar ayrılmasına göstəriş verdi.
Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) bəyanatında bildirib ki, məhkəmənin qərarı siyasi motivlidir ölkənin beynəlxalq qurumlar qarşısında öhdəliklərini pozur.
Agentlik hazırda araşdırdığı, 20 milyon dolları əhatələyən 65 korrupsiya işini bağlamalı olacağını deyib.
Bu qərardan iki gün öncə Ukraynada təhqiqat qrupu Prezident Petro Poroşenkonun müttəfiqlərinə yaxın şəxslərlə bağlı təhqiqatının nəticələrini açıqlayıb. Həmin şəxslərin Rusiyadan hərbi avadanlıq hissələri qaçaqçılığı ilə qanunsuz varlandıqları iddia olunur.
31 mart prezident seçkisi öncəsi ortaya atılmış bu iddialar ictimai rezonans yaradıb. Seçkiyə əsas namizədlərdən biri, keçmiş baş nazir Yuliya Timoşenko fevralın 26-da deyib ki, onun Batkivşçina partiyası və digər siyasi partiyalar Poroşenkonun impiçmenti prosesinə başlayıblar.
Poroşenko fevralın 27-də bildirib ki, korrupsioner məmurları cəzalandırmaq üçün hökumətə yeni qanunvericilik hazırlamağı tapşıracaq və mətn tezliklə parlamentə təqdim olunacaq.
Qərb rəsmilərinin fikrincə, korrupsiya Ukraynanın Rusiyanın nüfuzundan çıxmaq şanslarına zərbə vurur. Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını qanunsuz ilhaq edib, bu ölkənin şərqində separatçıları dəstəkləməyə başlayıb. İndiyədək münaqişədə 13 minədək adam həlak olub. (azadliq.org)