XƏBƏR LENTİ

28 Noyabr 2020

Digər Xəbərlər

05 Mart 2019 - 11:52

İsrail baş naziri Azərbaycanı Əfqanıstanla səhv saldı –Kuryoz

Diplomatik uğurları ilə öyünən İsrail baş naziri çıxışında Azərbaycan əvəzinə, Əfqanıstan deyib.

Strateq.az “The Times of İsrael” nəşrinə istinadla xəbər verir ki, martın 4-də Benyamin Netanyahu “Likud” Partiyasından olan tərəfdarları qarşısında nitq söyləyərkən, bir sıra ölkələrin paytaxtlarına səfərlərindən söz açıb.

“Pekin, Tokio, Rio-de-Janeyro və Dehlidə dünya liderləri ilə görüşdüyüm zaman. Yaxud Çad, Oman, Əfqanıstan, Qazaxıstan, Avstraliya və Sinqapurda… bütün İsrail vətəndaşılarını təmsil etməkdən qürur duyuram”.
Baş nazirin Əfqanıstanın adını çəkməsi hamını təəccübləndirib. Çünki İsrailin Əfqanıstanla diplomatik münasibətləri mövcud deyil.

Hətta xəbər agentlikləri əvvəlcə söhbətin Kabula gizli səfərdən getdiyini güman edib.

Səhvini sonradan anlayan Netanyahu açıqlama verib. “Mən Azərbaycanı nəzərdə tuturdum, ancaq kim bilir, bəlkə də növbəti dövrdə…” – deyə baş nazir şəxsi “Twitter” hesabında yazıb.

Netanyahunun siyasi coğrafiyanı səhv salması ilk dəfə deyil. Ötən ilin dekabr ayında o, arvadının Nikaraquada rəsmi səfərdə olduğunu deyib. Halbuki Sara Netanyahu Qvatemalada olub.

Netanyahu, həmçinin başqa bir ölkəni Əfqanıstanla qarışdıran ilk İsrail siyasətçisi deyil. 2016-cı ildə müxalifət lideri İshaq Hersoq Portuqaliyanı Avropa futbol turnirində qələbə münasibətilə təbrik edərkən, Əfqanıstan bayrağından simvol kimi istifadə edib.