XƏBƏR LENTİ

23 Yanvar 2021

Digər Xəbərlər

05 Mart 2019 - 12:50

Mehman Hüseynov:"Prezident İlham Əliyevə müraciət etmişəm"

Martın 2-də azadlığa buraxılmış bloqqer Mehman Hüseynov bu ilin yanvar ayında Prezident İlham Əliyevə müraciət etdiyini təsdiqləyib.

O, bu gün keçirdiyi mətbuat konfransında dövlət başçısına ünvanladığı müraciəti şəxsən özünün imzaladığını söyləyib.

“Prezident İlham Əliyevə müraciət etmişəm”, – M.Hüseynov əlavə edib.

Qeyd edək ki, bloqqer Mehman Hüseynov martın 2-də azadlığa buraxılıb

O, 2017-ci ildə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan – ötən il dekabrın 26-da onun barəsində 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanmışdı. Penitensiar xidmətin məlumatına görə, 14 saylı Cəzaçəkmə Müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum M.Hüseynov müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

M.Hüseynov 2019-cu ilin yanvarın 20-də Prezident İlham Əliyevə müraciət edib. Dövlət başçısı isə M.Hüseynovla bağlı qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Respublikasının Baş prokuroruna tövsiyə edib.

Prezidentinin tövsiyələrinə uyğun olaraq, Baş prokuror tərəfindən istintaq orqanına M.Hüseynovun barəsində istintaq olunan cinayət işi üzrə müvafiq tapşırıqlar verilib. İstintaq orqanı tərəfindən M.Hüseynovun gənc olduğu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyi, islah olunma yoluna qədəm qoyduğu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığı nəzərə alınaraq, onun barəsindəki cinayət işinin icraatına xitam verilib.

Lakin sosial şəbəkələrdə M.Hüseynovun dövlət başçısına guya müraciət etməməsi barədə bəzi iddialar da yayılmışdı.  (Report)