XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

06 Mart 2019 - 09:48

Ən zəngin adamlar 400 milyard dollar kasıblayıb –"Forbes" 2019-cu il üçün reytinq açıqladı

“Forbes” 2019-cu il üçün milyarderlərin siyahsını dərc edib. Siyahıdan görünür ki, onilliyin son iki ilində milyarderlərin həm sayı, həm də ümumi sərvəti azalıb.

Təhlilçilərin fikrincə iqtisadi çətinliklər və birjalarlın zəifləməsi dünyanın ən zənginləri üçün də təsirsiz ötüşmür. Ən son rəqəmlərə görə indi dünyada 2153 milyarder var. Bu, ötən ildəkindən 55 nəfər azdır. Siyahıda qalanların 994-ü, başqa sözlərlə 46 faizi isə “kasıblaşıb”.

Ümumilikdə ultrazənginlərin toplam sərvəti 8, 7 trilyon dollardır. Bu, 2018-ci ildə olduğundan 400 milyard dollar azdır. Ötənilki siyhanın 11 faizi, başqa sözlərlə 247-si milyarderlikdən “çıxıb”. Bu, 2009-cu ildə qlobal maliyyə böhranının tüğyan etdiyi vaxtdan bəri ən böyük azalmadır.

Ən çox geriləmə Asiya-Sakit Okean bölgəsində baş verib. Bu region bir il ərzində 60 milyarderini itirib. Bunun çoxu, daha dəqiq deyilsə 49-u Çinin payına düşür.

Avropa, Yaxın Şərq və Asiyada da superzənginlər ziyan çəkiblər. Yalnız Şimali və Cənubi Amerikada, Birləşmiş Ştatların və yüksəlişdə olan Braziliyanın hesabına ötən illə müqayisədə milyarderlərin sayı artıb.

İndi ABŞ-da milyarderlərin sayı rekord 609 nəfərə çatıb. Bunlardan 14-ü dünya zənginlərinin ilk 20-liyinə daxildir. Liderlər də ABŞ-ı təmsil edirlər. Ceff Bezos siyahıda hələ də birinci, Bill Qeyts isə ikincidir.

Amma bütün iqtisadi təlatümlərə baxmayaraq, böhran şəraitində də milyarderlərin siyahısına daxil olmağı bacaranlar olub. Siyahıda 195 yeni ad var. Onlardan ən varlısı Çinin Pinduoduo güzəştli internet satışçısının təsisçisi Colin Huangdır.

Siyahıya yenicə düşənlərin arasında Spotify internet audio platformasının sahibləri Daniel Ek və Martin Lorentzon, Cul Labs elektron siqaret firmasının rəhbərləri Ceyms Monsees və Adam Boven, Kind Bar şirkətinin sahibi Daniel Lubetzki və kosmetika dünyasının vunderkindi Kayli Cenner də var. Cenner dünyanın ilk 21 yaşlı milyarderi olub.

“Forbes”-ın siyahısında Rusiyadan 98, Ukraynadan 7, Qazaxıstandan 5, Gürcüstandan 1 milyarder var.

(Azadlıq radiosu)