XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

17 Mart 2019 - 12:10

Əli İnsanov:"Azərbaycandan kənara getmək fikrim yoxdur"

“Azərbaycandan kənara getmək fikrim yoxdur”.

Strateq.az Report-a istinadla bildirir ki, bunu Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə azadlığa buraxılan  sabiq səhiyyə naziri Əli İnsanov deyib.

O, Azərbaycanda yaşayacağını qeyd edib: “Ailə üzvlərim ölkədədir, ona görə də harasa getmək fikrim yoxdur”.

Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həsb edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum olunub.

2016-cı il avqustun 24-də Ə.İnsanovun barəsində Cinayət Məcəlləsinin (CM) üç maddəsi ilə yeni ittiham irəli sürülüb. Sabiq nazir CM-nin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə ittiham olunub.

Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Ə.İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan sabiq nazir apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Ə.İnsanovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb. Daha sonra sabiq nazir kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Xatırladaq ki, ötən il noyabrın 14-də Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı vəsatət qaldırıb. O, icraatında çox iş olduğunu, cinayət işinin materialları ilə tanış olmadığını bildirib. Vəsatət təmin edilib. Proses qeyri-müəyyən günədək təxirə salınıb.