XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Mart 2019 - 12:01

“Rusiya gözləmə mövqeyi tutacaq” –Aleksandr Novak Bakıda bəyanat yaydı

Rusiya bildirir ki, OPEC və digər neft ölkələrinin hasilatı azaltmasının müddətini uzatmaq məsələsində gözləmə mövqeyi tutacaq, çünki bazarda kövrək balans yaranıb. “Bloomberg” bunun Səudiyyə Ərəbistanının mövqeyinə zidd olduğunu yazıb. Axı, Səudiyyə neft bazarının əsaslarını bərpa etməkdən ötrü çox iş gərəkdiyini bildirir.

“Hazırda qiymətlər bütün tərəflər, həm istehlakçılar, həm də hasilatçılar üçün qəbulediləndir və dəyişkənlik səviyyəsinin çox aşağı olduğunu görə bilərsiniz”, – Rusiyanın enerji naziri Aleksandr Novak bazar günü axşam Bakıda “Bloomberg TV”-yə müsahibəsində deyib.

“Bu gün balanslaşa bilərik, amma nə baş verəcəyini bilmirik”, – o, sözlərinə əlavə edib. Agentlik yazır ki, qeyri-müəyyənliklər, Venesuelanın neft hasilatında tərəddüdlər OPEC və müttəfiqlərinin hansı addımları atacağını söyləməyi çətinləşdirir. Söhbət ilin ikinci yarısından gedir, yəni mövcud razılaşma bitəndən sonrakı müddətdən. Novak bunları OPEC-dəki həmkarları ilə birgünlük ikitərəfli müzakirələrdən sonra deyib.

Nazirin sözlərinə görə, Rusiya düşünür ki, hasilatın azaldılması barədə qərar mayda, ya da iyunda verilməlidir.

OPEC-in de-fakto lideri Səudiyyə Ərəbistanı isə fərqli düşünür. Krallığın enerji naziri Xalid əl-Falih brifinqdə deyib ki, neft bazarının sabitləşdirilməsi hələ tamamlanmayıb və OPEC+ iyunadək “kursu saxlamalıdır”.

Oktyabrdan bəri Rusiya gündəlik hasilatı 140 min- 150 min barrel azaldıb. Apreldə isə ilk dəfə olaraq hasilat günə 228 min barrel azaldılacaq. Bu, OPEC+un razılaşmasına tam uyğundur.

Bu gün – martın 18-də OPEC-in monitorinq komitəsinin Bakıda iclası davam edir. OPEC-in neft nazirləri dünəndən başlayaraq hasilatla bağlı son razılaşmanın səmərəsini müzakirə edirlər.