XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

27 Fevral 2016 - 21:03

Absurd erməni doktrinası:Azərbaycanı nələrdən "çəkindirmək" istəyirlər?

Qarabag-xerite-map-karabakh

 

Dünya siyasətində gərginlik artdıqca rəsmi İrəvan daha da məntiqsiz addımlar atır. Onun təzahürlərindən biri son günlər Vyanada ATƏT-in təşkil etdiyi seminarda Ermənistanın Müdafiə Nazirliyinin nümayəndəsinin səsləndirdiyi fikirlər olub. Ermənilər "yeni hərbi metodikaya" keçdiklərini bəyan ediblər. İndi erməni işğalçıları Azərbaycanı "ram etmək" və "çəkindirmək" taktikası üzrə hərəkət etməyi düşünürlər. Lakin bunun konkret məzmunu aydın deyil. Azərbaycan torpaqlarını işğal edən Ermənistan bu kontekstdə Bakını nələrdən çəkindirə bilər? Onu öz ərazi bütövlüyünü bərpa etməkdən vaz keçməyə məcbur edə bilərmi? Belə bir iddia həm gülüncdür, həm də beynəlxalq hüquq normalarına tamamilə ziddir. Reallıqda Azərbaycanın Ermənistanı həm təcavüzkar əməllərindən çəkindirməyə, həm də vurub ərazilərimizdən çıxarmağa haqqı var. Ancaq, görünür, erməni siyasətçilərini qlobal miqyasda cərəyan edən ziddiyyətli geosiyasi-hərbi proseslər tamamilə fərqli istiqamətə "yönəldib".

 

Erməni siyasi şüurunun apatiyaları: qorxudan yaranan tərəddüdlər

 

Təbiətdə sel gələndə əvvəlcə çör-çöpləri gətirir. Geosiyasi proseslərdə isə gərginlik yarananda zəif ölkələr, forpostlar, başqalarından asılı olanlar özlərini ora-bura vurur, ağılsız hərəkətlər edirlər. Ermənistan indi belə bir vəziyyətdədir. Yaxın Şərq uğrunda mübarizədə böyük dövlətlər arasında münasibətlərin gərginliyi artdıqca İrəvanda rəsmi dairələrin dili topuq vurur.

Onlar gah Rusiyanı, gah Qərbi, gah Türkiyəni, gah da Azərbaycanı uydurduqları situasiyalarda təqsirləndirirlər. Rusiya Ermənistana silah satmağı qərara alanda, erməni ekspertlər irad bildirirlər ki, Moskvanın məqsədi Azərbaycana verdiyi silahların müqabilində Ermənistanı gücləndirməkdir ki, bu da artıq gecdir – əvvəlcədən Moskva Bakı ilə əməkdaşlıq etməməli idi. Lakin, eyni zamanda, Moskvanın Qars müqaviləsi haqqında danışmasını "Ura" ilə qarşılayır və burada Ermənistanın maraqlarını nəzərə almaqdan bəhs edirlər. Nəhayət, Türkiyə rəsmiləri nə deyirlərsə desinlər, onu mütləq anti-erməni ruhda şərh edirlər. Təbii ki, Azərbaycana da münasibət bu ruhdadır.

 

Bunlar artıq erməni siyasi şüurunun apatiyaları statusundan kənara çıxaraq, rəsmi İrəvanın məntiqsiz addımlarında təcəssüm etməkdədir. Cənubi Qafqazda geosiyasi mənzərənin təhlükəli istiqamətdə dəyişməsi ehtimalına məhz bu kontekstdə yanaşmaq lazım gəlir.

 

Ermənistan KİV-i son günlər Suriya ilə bağlı proseslərin fonunda regionda Rusiya-Türkiyə qarşıdurması "axtarışına" çıxıb. Ankara və Moskvanın münasibətlərinin ürəkaçan olmadığı məlumdur. Ancaq bu iki dövlətin Cənubi Qafqazla bağlı radikal addım atmaq istədiyini təsdiqləyən faktlar da yoxdur. Əksinə, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bəyan edib ki, Türkiyə ilə Rusiyanın müharibə edəcəyi haqqında danışmaq ağılsızlıqdır. Rəsmi Ankara da belə bir ssenarini nəzərdən keçirmir. Əvəzində, Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı illərdir ifadə etdiyi fikirləri daha qabarıq söyləməyə başlayıb.

 

Məsələn, Türkiyə mətbuatında ermənilərin PKK terrorçularına işğal altında olan Dağlıq Qarabağda düşərgələr yaratdığı haqqında informasiyalar yer alıb (bax: PKK’nın Yukarı Karabağ’a yerleştirilmesi kime yarar? / "star.com.tr", 13 fevral 2016). Lakin bu barədə əvvəllər də məlumatlar vardı. Baş nazir Əhməd Davudoğlu isə Kiyevdə bəyan edib ki, Dağlıq Qarabağ məsələsi həm də Ankaranın problemidir. Bu isə dəfələrlə Türkiyə rəhbərliyi tərəfindən bildirilən fikirdir. Bəs, onda erməniləri həyəcanlandıran nələrdir?

 

Məsələ ondan ibarətdir ki, Yaxın Şərqdə baş verən proseslərin fonunda aydın görünür ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını əlində saxlamaq şansı sıfıra enib. Artıq dünya birliyi bu fakta göz yuma bilməz. Böyük dövlətlər də əvvəlki qaydada ikili standartları sona qədər tətbiq edə bilməz. Deyək ki, həm Qərb dövlətləri, həm də Rusiya Türkiyənin Suriyada hərbi əməliyyat keçirməsini qəbul etmirlər. Onlar hesab edirlər ki, bu, Suriya ərazisinin işğalı demək olardı. Elə isə sual yaranır: hansı səbəblərdən illərdir Azərbaycan ərazisinin 20 faizini işğal etmiş Ermənistanın qarşısında eyni tələb qoyulmur?

 

Məntiqsiz addım: işğalçının yeni "ram etmək" xəyalları

 

BMT Təhlükəsizlik Şurasına Türkiyənin öz qoşunlarını Suriyanın şimalına yeritmək planlarını elan etməsi ilə əlaqədar olaraq qətnamə layihəsi təqdim edənlər hansı arqumentləri gətirib Ermənistan haqqında eyni sənədi hazırlamırlar? Üstəlik, BMT TŞ-nin Dağlıq Qarabağla bağlı 4 qətnaməsi var ki, onlara da İrəvanın əməl etməsi ilə bağlı böyük dövlətlər (ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədrləri) konkret addımlar atmırlar. Bu ziddiyyəti necə izah etmək olar?

 

Təbii ki, bunların bir izahı vardır – ikili standartlar siyasəti davam edir, müsəlman ölkələrinə münasibətdə ədalət prinsipi pozulur, beynəlxalq hüququn qaydalarına əməl edilmir. Ancaq hər keçən gün Suriya məsələsi inkaredilməz bir gerçəkliyi ortaya qoyur – bu gün həmin ölkə ilə bağlı irəli sürülən həll mexanizmləri aydın göstərir ki, Ermənistan dərhal Azərbaycan torpaqlarından çıxmalıdır. Əks halda, Bakının hərbi əməliyyatlarla bunu etməyə tam haqqı vardır!

 

Erməni siyasətçiləri və ekspertləri də məhz bu reallığı duyub təşvişə düşürlər. Onlar anlayırlar ki, indiyə qədər işlətdikləri hiylələrə göz yuman böyük dövlətlərin özləri fakt qarşısında qalmaqdadırlar. Təsadüfi deyil ki, yalnız Suriyada vəziyyətin daha da gərginləşməsi mərhələsində ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik ermənilərin işğal etdikləri ərazilərdən çıxmalı olduqlarını birmənalı ifadə edib.

 

Bu reallığın qarşısında İrəvanın heç bir tutarlı dəlili ola bilməz. Bu səbəbdən ermənilər ümidlərini Rusiyanın verəcəyi yeni silahlara bağlayıblar (bax: Россия выделила Армении кредит в размере $200 млн на покупку оружия / "Interfax", 18 fevral 2016). Bunun fonunda da aqressiv bəyanatlar verməyə başlayıblar. Həmin bağlılıqda Ermənistan müdafiə nazirinin birinci müavini David Tonoyanın Vyanada ATƏT-in "Doktrinal müdafiə yanaşmaları" mövzusunda təşkil etdiyi seminarda çıxışı zamanı səsləndirdiyi fikirlər üzərində dayanmaq lazımdır.

 

D.Tonoyan Ermənistanın "passiv müdafiə" mövqeyindən "rametmə/çəkindirmə" metodikasına keçdiyini bəyan edib (bax: Давид Тоноян объявил об изменении оборонной доктрины Армении / "Lragir.am", 18 fevral 2016). Bunun əsasən Azərbaycana qarşı olduğunu da rəsmi İrəvan gizlətmir. Lakin hansı mənada Ermənistan Azərbaycanı "ram edə" bilər və ya onu nədən "çəkindirər"?

 

Azərbaycanın yalnız bir məqsədi var – işğal olunan torpaqlarını azad etmək. Bu, hər bir dövlətin təbii haqqıdır və beynəlxalq qanunlarda da öz əksini tapıb. Hələlik Azərbaycan buna nail olmaq üçün hərbi əməliyyatlardan istifadə etmir, danışıqlara üstünlük verir. Bakı Ermənistan ordusunun cəbhə xəttindəki təxribatlarına qarşı tədbirlər görür. Rəsmi İrəvan Azərbaycanı bundan çəkindirməyə çalışacaq? Bu absurd istək başqasının özünümüdafiə hüququnu axmaqcasına inkar etməkdir ki, heç zaman həyata keçə bilməz.

Onda belə çıxır ki, Ermənistan diplomatik müstəvidə növbəti blefini edir. O, özünü beynəlxalq aləmdə "Azərbaycanın təcavüzü ilə üz-üzə" qalan zavallı kimi göstərməyə cəhd edir. Rusiyanın ona satmaq istədiyi silahları da burada təminatverici faktor olaraq təqdim edir.

 

Bunlar sadəlövh və başını itirmiş naşı siyasətçilərin təxəyyülünün məhsuludur. Ortada konkret fakt var – Azərbaycanın ərazisinin beşdə biri işğal olunub. Dünya ictimaiyyətinin də əsas vəzifəsi bu təcavüzü aradan qaldırmaqdır. Ermənistana yeni silahlar vermək bu ədalətin bərpa olunmasına əngəl törətmək anlamına gəlir. Təcavüzkarı yeni-yeni cinayətlərə ruhlandırmaq deməkdir. Bunun üzərində düşünmək gərəkdir.

 

Təəssüf ki, özünü demokratik və ədalətli hesab edən, dünyada sülhdən dəm vuran dairələr Ermənistanı silahlanmamağa çağırmırlar. Onlar yalnız müsəlman dövlətlərinə bu və ya digər silahlara malik olmağı qadağan etmək cəsarətində bulunurlar.

 

Onlar Rusiyadan Suriyanı bombalamamağı tələb edir, ancaq uzun illərdir Dağlıq Qarabağ separatçılarına Qərb və Rusiya silahlarını kimlərin satdığı haqqında sorğu belə vermirlər. Əgər Qərb Suriya ilə bağlı Rusiyadan etdiyi tələbdə haqlıdırsa da, onda Azərbaycan məsələsində bunu çoxdan etməli idi.

 

Bütün bunların nəticəsi o olur ki, təcavüzkar Ermənistan daha da silahlanır, özünü haqlı sayır və qonşu dövlətin zəbt etdiyi ərazilərindən çəkilmək fikri yoxdur. Ancaq artıq "bıçaq sümüyə dirənib". Qərbin də İrəvanı müdafiə etmək üçün heç bir uydurma arqumenti qalmayıb.

 

Məsələ tam aydındır – təcavüzkar işğal etdiyi ərazilərdən çıxmalıdır. Belə olmasa, Azərbaycanın təbii özünümüdafiə haqqından istifadə etməkdən başqa çıxış yolu qalmır. Faciələrlə dolu Suriya problemi bu reallığı dünyanın böyük dövlətləri qarşısında qoymaqdadır.

 

İrəvanın isə bundan qaçışı mümkün deyil! Absurd və mənasız doktrina dəyişikliyindən danışmaq əvəzinə, real düşünüb konstruktiv qərar qəbul etmək erməni xalqının xilası olardı. O başqa məsələdir ki, Ermənistan rəhbərliyi öz xalqını düşünürmü?

 

Newtimes.az