XƏBƏR LENTİ

24 Fevral 2020
23 Fevral 2020
22 Fevral 2020

Digər Xəbərlər

27 Mart 2019 - 10:24

“Xoşbəxt həyat” romanı –Onu biz nə zaman və necə yazacağıq?

Bahəddin Həziyev,

“Bizim Yol” qəzetinin baş redaktoru

Nə yanğın təhlükəsizliyi mütəxəssisiyik, nə də sığorta təmsilçisi. Elə şeylər var ki, onları mütəxəssis olmadan da hamı bilir (yaxud bilər). Dəniz suyunun duzlu olduğuna əmin olmaq üçün bütün dənizi içmək lazım deyil; bir damcıda da dənizin “dadı”nı bilmək olur. Ancaq yox; orta statistik azərbaycanlının qavrayışı hələ də emprikdir; körpə uşaq kimidir. Əlini peçə vurana qədər onun yandırıcı isti olduğunu qavramayan uşaq kimi. Böyük fiilosoflarımız var, böyük mütəfəkkirlərimiz var, böyük şairlərimiz var, ancaq özümüz kiçik qalmışıq; böyümürük ki böyümürük. Hər nə qədər özümüzə böyük xalq desək də, dünyaya, həyata, özümüzə – hər şeyə çox kiçik pəncərəmizdən baxırıq.

Artıq neçənci dəfədir ki, ölkədə yanğın olayları olur. Yaşayış binalarında, əkin sahələrində, meşə zolaqlarında, neft mədənlərində, sənaye müəssisələrində, ticarət mərkəzlərində… Bütün hallada da, təbii ki, bu işlərdən zərərli çıxırıq. Ya dövlətin, ya sahibkarların, ya da sıradan vətəndaşların (eləcə də, bəzi hallarda eyni vaxtda hamısının) əmlakı zərər görür. İnsanlarımızı itiririk. Ardında da eyni söhbətlər. Oxşar dartışmalar. Haqlı və haqsız suçlamalar… Günahsız “günahkarlar” da, cəzasız cinayətlər də olur; bəzən görürsən, günah da ortadadır, günahkar da gözünün qarşısındadır, ancaq nə cəza var, nə bir şey. Çox zaman da qarşıdakı təhlükəni görürük, uçurumun fərqinə varırıq. Ancaq yenə də ciddiyə almırıq, yaxud biganə yanaşırıq. Sonra da olanlar olur və artıq nəticəni dartışırıq – kimdir günahkar, kim deyil?!

…Qabriel Qarsia Markesin “Gözlənilən bir qətlin tarixçəsi”ndə olduğu kimi – hər kəs məhz kimin məhz nəyə görə məhz kimi öldürəcəyini qabaqcadan bilir, ancaq heç kim gələcək qatilə mane olmur. Rasim Ocaqovun “Bir cənub şəhərində” filmi də eyni fabulanın üzərində “oturub”; hamı bilir ki, kim nəyə görə kimi öldürəcək. Hheç kim qarşısını almır. Milis sahə müvəkkilinin simasında dövlət belə əlini tərpətmir. Adam qətlə yetiriləndən sonra hamı cəsədin başına toplaşıb: “Balalarını yetim qoyub hara getdin eeyy?!” deyə növbətçi, candərdi, spontan səhnələşən şivən qoparır.

…Bu gün Bakıda ticarət mərkəzində çox güclü yanğın oldu. İnsanlarımıza, sahibkarlara çox böyül zərər dəydi. Belə eşitdik ki, ordakı əmlakların əksərinin sığortası yoxdur. Bundan əvvəl də dəfələrlə yanğın hadisələri, təbii fəlakətlər olub. Məlum olur ki, insanlar öz əmlakını sığorta etdirməyiblər. Sonuncu Şamaxı, Ağsu zəlzələlərindən sonra da rəsmi açıqlanan məlumatlar arasında insanların öz əmlakını sığorta etdirməməsi, hətta öz evlərinə mülk kağızı (kupça) almamaları kimi faktlar ortaya çıxdı. Belə olanda əmlakını sığorta etdirməmiş vətəndaş fələkətlər zamanı dövlətdən kompensasiya istəyir. Dövlət də ya verə bilmir, ya da verdiyi az gəlir. Vətəndaş dövlətdən narazı qalır. Başlıcası da çətin, hətta bəzən çıxılmaz duruma düşür. Sığorta anlayışı, sığorta fəlsəfəsi belə günlər üçün var. Bizim insanımız – vətəndaşlar öz əmlaklarını özləri sığorta etdirməkdə ya maraqlı deyillər, ya sığorta sisteminə etibar etmirlər, ya sığorta ödənişləri çox ağır gəlir, ya da, ümumiyyətlə, bu haqda məlumatsızdırlar.

Baxın. Yeni eranın 21-ci yüzilində yaşayırıq. Elmin, texnologiyaların indiki yüksək səviyyəsində, insanınn başqa planetlərdə əkin əkdiyi, şəhər salmağı planlaşdırdığı bir zamanda Azərbaycan insanı, hətta sahibkarı sığorta haqqında ya məlumatsızdır, ya da “həddən artıq çox” məlumatlıdır. Səhlənkarlıq, “qismətdə artıq yemək olmaz”, “alnımıza nə yazılıbsa, o da olacaq” yanaşlmaları, hüquqi nihilizm kimi anlayışlar bizi hələ də yönəldə bilir. İnkişaf etmiş və ya inkişafda olan kapitalizm formasiyasında yaşadığımızı zənn edirik. Özümüzü əcdadlarımızdan iki deyil, iki yüz dəfə ağıllı sayırıq. Ancaq qayıdıb keçmişə – qədimlərə baxsaq, görəcəyik ki, hələ quldarlıq dövründə sığorta anlayışı, ilkin, ibtidai (təbii ki, cəmiyyətin həmin dövrdəki inkişaf səviyyəsinə uyğun) formada da olsa , sığorta olayı vardı. Babildə, Mesopotomiyada tacirlər öz mallarını sığortalayırdı. Misir ehramlarında işləyənlərin sığortası vardı. Gəmiçilik yarandığı zamandan dəniz səyahətləri, ticarət karvanları sığortalanırdı. Amma indiki qlobal informasiya əsrində Azərbaycan vətəndaşı öz əmlakını sığorta etdirmirsə, bunun səbəblərini daha dərindən və diqqətlə araşdırmaq lazımdır.

… Bir az ərəbləşmişikmi sanki?! Neçə ildir, Yəmənin başına hər tərəfdən od tökülür; 6700-dən çox uşaq öldürülüb, hələ indi-indi yəmənlilər Sananın küçələrinə tökülüşüb günahkarlara etiraz edirlər, səslərini duyurmaq istəyirlər. Bizdə də oxşar situasiyalar var; fevralın 26-da Xocalı soyqırım abidəsini ziyarətə gedərkən öz-özümə düşündüm: bu gün bu qədər insanın bir araya gəlib yürüşə çıxması, bəli, bir etirazdır, amma həm də bu, iyirmi yeddi illik dözümün də gözlər önünə sərilməsidir; “27 il dözmüşük” deməkdir…

Əslində mənim sığorta olayına baxışım yalnız təbii, yaxud texnogen qəzalarla, yanğınla-flanla məhdudlaşmır. Bu günlərdə həbsxanalarda dəhşətli işgəncələrdən danışıldı. Düzdür, rəsmən təkzib edilir. Ancaq, gəlin, açıq danışaq; hansı birimiz ədalətsiz məhkəmələrdən, işgəncələrdən, polis zorakılığından, məmur özbaşınalığından… sığortalana bilmişikmi?! Bu gün dövlətin ən yüksək səviyyəsində məhkəmə-hüquq islahatlarına başlanacağından danışılır. Bizə əvvəldən də bəlli idi ki, özü islah olunmağa ən çox ehtiyac duyan məhkəmə sistemi adamları bir çox hallarda günahsız yerə tutub “islah” olunmaq üçün həbsxanaya doldurur. Deməli, əvvəlcə, hakimlərin, prokurorların, polisin islah olunması haqda düşünməliyik. Və daha çox düşünməliyik. Düşünmək də azdır. Dövlət başçısı səhiyyədə islahatdan danışır. Bəli, əslində gec qalmışıq. Bu illərdə nə qədər insan tanıdıq ki, xəstəxanalarımıza öz ayağı ilə gedib, ordan tabutda çıxdı. Dövlət başçısı siyasi islahatlardan danışdı. Bəli, bəlkə də əslində cəmiyyətin, dövlətin, elə dövlət rəhbərliyinin özünün də ən etibarlı sığortası bu siyasi islahatlardan keçir. Bizim gedib seçkilərdə verdiyimiz səslərə, o səslərin düzgün sayılacağına, düzgün sənədləşdiriləcəyinə sığortamız olması üçün (həm də təkcə bunun üçünmü?!) siyasi islahatlara da ehtiyacımız var. Sanki dövlətin özü yeni siyasətə ehtiyac hiss edir. Belədirsə, məncə də, bu, doğru hissetmədir. İnsanlarda güvən hissini yaratmaq üçün yeni yanaşmalar, köklü dəyişikliklər lazımdır. Bu günə qədər və elə bu gün də çoxumuz elə bilirik ki, sadələşdirilmiş situasiya daha güvənlidir. Yox! Mürəkkəb situasiyalar daha güvənlidir. Biz xarici siyasətimizdə balanslaşdırmadan danışırıq (onu necə başa düşürük və necə icra edirik – ayrı məsələ). Ancaq az-çox anlayışı olan hər kəsə bəllidir ki, xarici siyasət ayrılıqda götürüldükdə yoxdur; əslində daxili siyasətin davamıdır. Biz daxildə bəlkə daha çox balanslaşdırmağa, daha çox siyasi-sosial şaxələndirməyə, iqtisadi təşəbbüsləri, maraqları daha çox tarazlaşdırmağa çalışmaq zorundayıq. Çoxpartiyalı, çoxsəsli, müxtəlif maraqların ifadə və təmin oluna bildiyi bir cəmiyyət üçün çalışmaq zorundayıq. Nə qədər varımız, sərvətimiz olsa belə, doğmalarımızın, yaxınlarımızın, qonşularımızın ağır yaşamlarına göz yuma bilirikmi?! Hər kəs başqasının ağrısını hiss etdiyi qədər insandır – bunu dahilər deyib.

…Alber Kamyunun “Xoşbəxt ölüm” romanının talesiz qəhrəmanı təkbaşına xoşbəxt olacağını, özündən, keçmişindən, vicdanından qaça biləcəyini düşünmüşdü. Özü də, yeri gəlmişkən, sığorta şirkətində çalışırdı. Ancaq özünün “yalqız xoşbəxtliyini” sığortalaya bilməmişdi. Biz bu gün müstəqil dövlətin vətəndaşı olmağımızla qürur duyuruq. Ancaq unuduruq ki, biz heç birimiz Sovetlər Birliyindən tək-tək çıxmadıq; hamımız birlikdə çıxdıq. Birlikdə 20 yanvar yaşadıq. Birlikdə azad olduq. Və bu gün də yenə azadlığımızı birlikdə yaşamağımızdan başqa seçimimiz yox. Azadlığımızın, xoşbəxtliyimizin sığortası bizim birlikdə olmağımızdır. Kriss Mitçel deyir: “İnsanları dəyərlər, maraqlar, münasibətlər birləşdirir”. Bizi birləşdirən dəyərlər, eləcə də, uzlaşdıra bildiyimiz maraqlarımız, xoş mənəvi mühitimizi sağlayan münasibətlər sistemimiz – bizim gələcək üçün ən böyük sığortamızdır. “Xoşbəxt həyat” romanının qəhrəmanları olmağı kim istəməz ki?!