XƏBƏR LENTİ

11 İyul 2020
10 İyul 2020

Digər Xəbərlər

27 Mart 2019 - 15:28

Taleh Bağırovun xanımı danışdı:"Bunlar insanların qəzəbini yaradacaq oyunlardı"

“Bəli, martın 21-də Hacı Telehlə uzunmüddətli ailə görüşünə gedərkən 3 yaşlı oğlumuz Əbülfəzl-Abbasın balaca oyuncaq çantasının içərisindən iri “Samsung Grant” markalı telefon aşkarlanıb. Biz telefonun bizim olmasını qətiyyən danmadıq. Bilirdik ki, telefon bizimdir, onu bilərəkdən gətirməmişik, sadəcə uşaq bilmədən oyuncaqları olan çantaya qoyub. Telefon uşağın babasına məxsusdur.”

Strateq.az Amerikanın Səsi-nə istinadla xəbər verir ki, bu sözləri “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan rəhbəri Taleh Bağırovun xanımı Leyla İsmayılzadə Penitensiar Xidmətin həyat yoldaşı ilə görüşə getdiyi zaman uşaq çantasındakı oyuncaqların içərisindən telefon aşkar edilməsi barədə məlumatına münasibət bildirərəkən deyib.

“Bizdən orada izahat götürüldü. Həqiqtən telefonun bizə aid olduğu deyildi. Sonra telefonun aktlaşdırıldığı bizə deyildi. Ancaq bunun belə ajiotaj yaradacağını, mediaya çıxarılacağını qətiyyən düşünmürdük. Çünki hər birimizə məlumdur ki, belə təsadüfi hallar əksər həbsxanalarda olur. Yəni rast gəlməmişdik ki, bu halı işıqlandırsınlar. Bu, onu göstərir ki, Taleh Bağırova qarşı bu, qəsdən və planlı şəkildə olur. Düzdür, hələ məlumat verməyiblər, araşdırma aparılır və yaxud cinayət işi açılacaq, ya yox. Hacı Taleh özü də telefon aşkarlayanlara bildirdi ki, özünüz də şahidi oldunuz ki, oyuncaq sumkası balaca və telefon iri ölçüdə olan bir telefondu. Bunu heç bir gizli paltarın içərisindən və ya yeməyin içindən aşkar etməmisiniz. Sizin özünüzə sumkalar təhvil verilib. Siz çox rahatlıqla açıq bir yerdə əldə etmisiniz. Bu onu göstərir ki, bizim qətiyyən telefon keçirmək niyyətimiz olmayıb.”

Penitensiar Xidmətin Qobustan həbsxanasında saxlanılan “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadə haqqında yaydığı məlumatda deyilir ki, Leyla İsmayılzadə martın 21-də üç azyaşlı övladı ilə birlikdə həyat yoldaşının yanına gedəndə mobil telefon və danışıq kartı keçirmək istəyib.

“Məhkum Bağırov Taleh Kamil oğlunun yanına üç azyaşlı övladları ilə birgə qısamüddətli görüşə gəlmiş arvadı, Bakı şəhər sakini İsmayılzadə Leyla Miryaqub qızı tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilən zaman uşaq çantasının içində oyuncaqların arasından 1 ədəd Samsung markalı mobil telefon və bir ədəd danışıq kartı aşkar edilib,” – Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin məlumatında deyilir.

Taleh Bağırovun həyat yoldaşı bu hadisənin absurd olduğunu düşünür.

“Belə bir şeylərin absurd olduğu, həqiqətən qəsdən, planlı şəkildə olduğunu mən insanlara çatdırmaq istəyirəm. Belə bir şeylərlə, əgər, Taleh bəyə təzyiq edəcəklərini düşünürlərsə, yanılırlar. Bunlar həqiqətən gülünc doğuracaq, insanların qəzəbini yaradacaq oyunlardı. Bunu belə mediayaya çıxarmaq, televizorda, xəbərlərdə verməyin heç bir yeri yox idi,” o bildirib.

Leyla İsmayılzadə telefondakı nömərənin işləmədiyini və yalnız qayınatasının bu telefon ilə sosial şəbəkələrdəki məlumatları izlədiyini bildirib. İki gündür bu telefonun evdə itdiyini qeyd edərək, sonradan uşağın çantasında olduğu aydınlaşıb. Onun sözləırinə görə, həbsxana işçiləri telefonun nömrəsini öyrənmək və aydınlaşma aparmaq üçün evlərinə zəng ediblər.

“Hətta çaşdırıı və yaxud sual yaradacaq bir sual da verdilər ki, bəlkə böyük uşaqlar aparıbdır? Qayınanam da qətiyyən deyib ki, böyük uşaqlar illərlə gedirlər, bilirlər ki, ora telefon keçirmək olmaz,” – o qeyd edib.

Onun sözlərinə görə, telefondakı nömrə iki ay əvvəldən aktiv olmayıb: “Həbsxana işçiləri teefonla zəng etdilər və özləri də gördü telefonun nömrəsi aktiv deyil.”

Taleh Bağırovun həbsxanada saxlanma şəraitinə və səhhətinə gəldikdə Leyla İsmayılzadə normal olduğunu bildirib: “Səhv etmirəmsə, Ombudsman gedəndən sonra onun qaldığı otağın şəratinə baxış keçiriblər. Yararsız olduğunu görüblər. Təmirə ehtiyac olduğunu bildiriblər. İndi normal bir hala gətiriblər. Aclıq aksiyasından sonra çəkisi də bir xeyli normaya düşüb. Amma səhhəti normaldır.”

Xatırladaq ki, Taleh Bağırov 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı həbs edilib, məhkəmə isə ona 20 il həbs cəzası verib.