XƏBƏR LENTİ

09 İyul 2020
08 İyul 2020

Digər Xəbərlər

28 Mart 2019 - 13:24

İDARƏÇİLİYİ BACARMAYAN ZABİTLƏR, ÖZ QANUNLARINI YARADAN SIRAVİ ƏSGƏRLƏR –Uzaq Meğridə nə baş verir?
Xəbər verdiyimiz kimi, Ermənistanın Meğri rayonunda onlarla əsgər komandirlərin əmrlərini icra etməyərək, hərbi hissənin daimi dislokasiya məntəqəsini tərk edərək, şəhərə çıxıblar.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan hərbi hissənin yuxarı komandanlığı tərəfindən xidməti araşdırma aparıldığını və əsgərlərlə yanaşı komandir heyətinin də cəzalandırılacağını bildirib. 

Məlumatlara görə, intizamsız erməni əsgərlər digər hərbi hissələrə köçürülüb, bir sıra zabitlər isə tutduqları vəzifələrdən azad edilib. Xüsusilə sıravi əsgər heyəti Ermənistanda və işğal altında olan Qarabağda dislokasiya olunan müxtəlif ön xətt hərbi hissələrinə köçürülüblər. Əslində isə baş verən hadisə düşmən ölkənin daha dərin bir böhran keçirdiyini aşkara çıxardı.

Artıq Ermənistanda daxili çağırışların getdikcə böyüdüyünü və təmamilə əks mühitin hökm sürdüyünü ciddi təşvişlə vurğulayırlar. Çünki bu təhdid nə görünən, nə də qarşısı alına biləndir. Məsələn, insanlar çox zaman daxili çağırışların ağırlığını hiss etmir, bu, gözlənilmədən və qəflətən gəlir. Məsələn, Paşinyanın rəhbərlik etdiyi hökumət kimi…

Meğridəki hərbi hissədə baş verənlər də məhz daxili çağırışdır və bunun baş verməsi Ermənistanda heç vaxt ehtimal edilməyib. Faktiki olaraq, onlarla erməni əsgəri hərbi hissənin adi həyat tərzini pozmağa və zabitləri onların oyun qaydalarına tabe olmağa məcbur etməyə nail olub. Belə ki, tam bir hərbi hissə sıradan çıxarılmaqla, sıfır intizam və olduqca aşağı hərbi xidməti hazırlıq nümayiş etdirilib.

Maraqlısı budur ki, problem xeyli müddətdir mövcud olub və heç kim bunu həll etməyi bacarmayıb. Əgər bölük komandiri öz vəzifə borclarını yerinə yetirə bilmir və bölüyü idarə edə bilmirsə, bu həll edilən məsələdir. Lakin alay komandiri, onun müavinləri, korpus komandiri, hərbi polis fəaliyyətsizlik göstərirsə, artıq bu böhranın genişliyinin əlamətidir. 

Meğridə baş verən hadisə onu göstərdi ki, Ermənistan ordusunda indiyədək komandirlər əsgərlər arasında kriminal düşüncəsini silməyə nail ola bilməyiblər. Deməli indiyədək, “yaxşı, çasta baxan” anlayışları mövcuddur. Əsgərlər isə ikiyə bölünərək güclülər və zəiflərdən ibarət olmaqda qalır, güclülər zəifləri istismar etməkdə davam edir. Erməni cəmiyyətinin gənc təbəqəsi arasında oğru aləmi düşüncəsi və cinayətkar avtoritet anlayışları da qalmaqdadır. Erməni çağırışçılar bu anlayışları özləri ilə bərabər hərbi hissələrə daşıyır və komandirlərlə yanaşı, zəif əsgərləri də sınağa çəkirlər.

Bütün bunlarla yanaşı, Ermənistandakı daxili böhrana baxdıqda sual yaranır, sabah müharibə olarsa, Meğridəki hərbi hissə bölmələrimizə qarşı müqavimət göstərə bilərmi? Təbii ki, belə bir aşağı səviyyədə nizam-intizamı olan hərbi hissə, əsgərləri komandirin əmrini belə icra etmədiyi halda, ordu bölmələrimizin qarşısında duruş gətirə bilməz. Yanında xidmət edənin “imtiyazlı əsgər” olduğunu bilən digər sıravi erməni əsgəri döyüşə bilməz. Çünki “imtiyazlı olanlar” hərbi hissədə olduğu kimi, döyüşdə də mehmanxana şəraiti qurmağa çalışacaqlar.

Bu kateqoriyadan olan erməni çağırışçılar Ermənistanda təhdid, ən həlledici məqamlarda partlayan minalara bənzəyir. Meğridə baş verən hadisə digər hərbi hissələrə də təsir edərsə, bu daha da maraqlı vüsət alar. Əgər Meğridə hərbi hissəni kütləvi tərk ediblərsə, bunun digər hərbi hissələrdə də baş verməyəcəyinə zəmanət yoxdur.  (Ordu.az)