Fevralın 29-da Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı başa çatıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının keçirilməsinin əhəmiyyətindən danışıb, bu toplantıda ötən illər ərzində görülən işlərə və qarşıda duran vəzifələrə baxılacağını bildirib. Ötənilki toplantıdan sonra layihə üzvləri arasında əlaqələndirmə işlərinin yüksək səviyyədə, uğurla aparıldığını deyən dövlətimizin başçısı 2015-ci ildə TANAP kəmərinin təməlinin qoyulduğunu diqqətə çatdırıb, bu layihənin “Cənub” qaz dəhlizinin reallaşmasında mühüm rol oynadığını bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələr arasında səmərəli əməkdaşlığı daha da genişləndirəcək. “Enerji təhlükəsizliyi bu gün dünya siyasətində, beynəlxalq təşkilatların gündəliyində mühüm yer tutur”, – deyən dövlətimizin başçısı Azərbaycanın bütün öhdəliklərinə sadiq olduğunu, ölkəmizin hər zaman bazar iqtisadiyyatı prinsiplərini daha da inkişaf etdirdiyini bildirdi, bir məqamı da vurğulayıb ki, enerji əməkdaşlığı siyasi tələb məsələsi ola bilməz və bu məsələ hər hansı siyasi formatdan azad olmalıdır.
Prezident İlham Əliyev Azərbaycanın layihə üzvləri arasında güclü əməkdaşlıq qurduğunu və bu əməkdaşlığın iqtisadiyyatın digər sahələrində də uğurlara imkan yaradacağını dedi, enerji əməkdaşlığının Avropa İttifaqı ilə əlaqələrdə mühüm rol oynadığını bildirib.
“Cənub Qaz Dəhlizi” layihəsinin icrası zamanı yubanmalara, maneələrə yol verilməməsinin vacibliyinə diqqət çəkən dövlətimizin başçısı bütün maneələri dəf etmək üçün hökumətlərin səylərini birləşdirməsinin zəruriliyini vurğulayıb.
Prezident İlham Əliyev TANAP layihəsinin icrasının fəal mərhələdə olduğunu deyibi, Trans-Adriatik layihəsinin də vaxtında həyata keçiriləcəyinə əminliyini ifadə edib. “Cənub Qaz Dəhlizi” layihəsi XXI əsrin tarixi layihəsidir”, – deyən dövlətimizin başçısı layihənin reallaşmasına verdikləri töhfələrə görə hökumətlərə minnətdarlıq edib.
Azərbaycanın energetika naziri Natiq Əliyev Prezident İlham Əliyevin “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasına verdiyi dəstəyin işlərin daha səmərəli həyata keçirilməsinə imkan yaradacağını vurğulayıb.
Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç Xəzər dənizinin təbii resurslarının Avropa bazarlarına çatdırılmasının əhəmiyyətindən danışıb. “Biz Avropa İttifaqı olaraq enerji təhlükəsizliyini ölkələrimiz üçün mühüm məsələ hesab edirik”, – deyən Maroş Şevçoviç Cənub-Şərqi Avropa, həmçinin Balkan ölkələrində layihəyə böyük marağın olduğunu deib. Beynəlxalq maliyyə təşkilatlarının bu layihəyə marağını və dəstəyini yüksək qiymətləndirən Maroş Şevçoviç “Cənub Qaz Dəhlizi” layihəsinə Avropa İttifaqının dəstəyini ifadə edib.
Strateq.az