XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

03 May 2015 - 05:37

İŞİD-in “canlı qənimət” taktikası

İŞİD göz altında tutduğu girovları öldürməyə qərar verib. Kütləvi qətl ilk öncə yezidilərdən başlanıb. İraqdan gələn xəbərlərə görə, dünən Təlavərdə 70, Mosulda 200 yezidi kütləvi şəkildə güllələnib. Qətlə yetirilənlər arasında körpə uşaqlar və qadınlar da var.

Zaman keçdikcə bölgədən bu cür qara xəbərlərin daha çox gələcəyi gözlənilir. Nədən ki, İŞİD-in əlində hələ 3000-dən artıq yezidi girovun qaldığı bildilir və terror təşkilatı bu girovlardan həm pul qazanmaq, həm də başı sıxışanda qurban kəsib özünə təzyiqləri azaltmaq vasitəsi kimi istifadə edir. Eynilə bəzi hakimiyyətlərin öz siyasi dustaqlarından Avropaya qarşı təzyiq vasitəsi olaraq istifadə etdiyi kimi.

Məlumata görə, İŞİD-in girov resursu təkcə yezidilərlə də məhdudlaşmır. Onlarla yanaşı çox sayda şiə və sünni girovlar da öldürüləcəkləri günü gözləyirlər. Şimali İraq kürd muxtariyyatının sözcüsü Həsən Xeloya inansaq, dünən xeyli sayda şiə də qətlə yetirilib. Fəqət onların dəqiq sayı bilinmir.

Xatırladaq ki, İŞİD bu yezidi girovları İraqın Şenqal bölgəsini işğal edərkən götürüb. 3 Avqust 2014-cü ildə ələ keçirilən bölgədə yüzlərlə yezidi öldürən İŞİD sağ qalanları da özləriylə aparıb. Girovların əksəriyyətinin qadın və uşaqlardan ibarət olduğu bildirilirdi. Əvvəl şəhvani duyğuların əsirinə çevrilmiş bu canlı qənimətlərin qətli İŞİD-in taktiki addımıyla əsaslandırılır.

Belə ki, İraq mərkəzi hakimiyyəti ilə Şimalı İraq kürd muxtariyyatı Mosula birgə hərbi əməliyyat hazırlığı içindədirlər. İraqın ikinci böyük şəhəri olan Mosul isə İŞİD üçün olduqca strateji coğrafiya hesab olunur. Bu şəhər həm yeni “xəlifə”nin Təlavərli olmasıyla “xilafət”in paytaxtı halına gəlib, həm də zəngin neft yataqlarıyla İŞİD-nin maddi gücünə güc qatır.

Məlumata görə, hər ay öz sıravi üzvlərinə 500-600, taqım komandirlərinə 1500-2000 dollar arasında maaş verən dünyanın ən zəngin terror təşkilatı büdcəsinin yarısından çoxunu neft satışından əldə etdiyi gəlirlər hesabına formalaşdırır (Bizim başbilənlərimizə dərs olsun. İŞİD belə öz idarə etdiyi coğrafiyanı 85-90%-lik neft ixracatıyla dolandırmır. Onun digər gəlir mənbələri insan qaçaqçılığı, orqan satışı və sairə kimi sahələr olsa belə). Neft gəlirlərinin böyük qismi Suriyadan əldə edilsə də Mosul neftinin də bu büdcənin formalaşmasında önəmli rolu var.

Sözsüz ki, bu yağlı tikəni əldən vermək İŞİD üçün böyük itki olardı. Məhz bu səbəbdən öz silahlı qüvvələrinin yarısını Mosula cəmləşdirən terror təşkilatı bir tərəfdən də girov qətliamlarına başlayaraq qarşı tərəfə mesajlar verir. Demək istəyir ki, “bu niyyətinizdən əl çəkməsəniz, əlimdəki girovların bir daha üzünü görməyəcəksiniz. Bunun dəlili olaraq da onların sadəcə 5 faizini öldürürəm”.

Digər tərəfdən, o, Mosulu tərk edib qaçağı təqdirdə girovları özünə əlavə yük də etmək istəmir.

Heydər Oğuz

Strateq.az