XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

27 Aprel 2019 - 15:11

BMT və Avropa İttifaqı:"Nüvə materiallarının “qara bazar”a yol tapması fəlakətlə nəticələnə bilər"

Birləşmiş Millətlər Təşkilatı (BMT) və Avropa İttifaqı (Aİ) nüvə terrorçuluğu təhlükəsinin qarşısını almaq üçün nüvə materiallarının “qara bazar”a yol tapmasına qarşı beynəlxalq əməkdaşlığı möhkəmləndirməyə çağırıblar. AZƏRTAC BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, onlar bu məqsədlə qanunvericilik bazasının möhkəmləndirilməsi və sərhəd nəzarətinin gücləndirilməsini nəzərdə tutan birgə layihə hazırlayıblar. Layihədə, həmçinin bu sahədə hökumətlər və hüquq-mühafizə orqanları arasında informasiya mübadiləsi planlaşdırılır.

BMT-nin Antiterror İdarəsinin rəhbəri Vladimir Voronkov bildirib ki, terrorçuların nüvə və radioaktiv materiallar əldə etməsi riski bəşəriyyətə, beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təhlükədir. O, təəssüflə qeyd edib ki, daxil olan məlumatlara görə, həmin materialların terrorçu qruplaşmaların əlinə düşəcəyi ehtimalı realdır.

Layihənin təqdimatı ilə bağlı tədbirdə BMT və Aİ bütün ölkələri “Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqında” Beynəlxalq Konvensiyanı ratifikasiya etməyə və onun müddəalarını tam şəkildə yerinə yetirməyə çağırıblar. Bu sənəd 2005-ci ildə BMT Baş Assambleyasında qəbul olunub və hazırda 115 ölkə tərəfindən ratifikasiya edilib.

BMT və Aİ-nin birgə layihəsi növbəti üç il ərazində həyata keçiriləcək. Brüssel layihənin reallaşmasına 5 milyon avro vəsait ayırıb. BMT-də dəfələrlə vurğulayıblar ki, nüvə və digər radioaktiv materialların etibarlı qorunmasını təmin etmək və onların “qara bazar”a yol tapmasının qarşısını almaq üçün beynəlxalq əməkdaşlıq gücləndirilməlidir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il dekabrın 2-də imzaladığı Qanunla “Nüvə terrorçuluğu əməlləri ilə mübarizə haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 2005-ci il aprelin 13-də qəbul olunmuş Beynəlxalq Konvensiya Azərbaycan Respublikasının ona dair qeyd-şərti və bəyanatı ilə təsdiq edilib.