XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

01 May 2019 - 13:51

“Biz sizinləyik!”- Ağ Ev Venesuela xalqına müraciət etdi

Vitse-prezident Mayk Pens və Tramp administraiyasının digər yüksək rütbəli rəsmiləri Venesuela müxalifətinin lideri Xuan Quaydoya tam dəstəklərini ifadə ediblər.

Əsgərlərlə əhatə olunmuş müxalifət liderinin, insanları Karakas küçələrinə axışmasına çağırmasından sonra minlərlə venesuelalı prezident Nikolas Maduroya sadiq qüvvələrlə toqquşub.

“Quaydoya, Milli Assambleyaya və bu gün küçələrə çıxmış bütün azadlıqsevər Venesuela xalqına deyirik: Estamos con ustedes! (Sizinləyik!)” deyə Pens Tvitterdə bəyan edib: “Amerika azadlıq və demokratiya bərqərar olunanadək sizinlə olacaq!”.

Con Bolton

Ağ Evin qarşısında müxbirlərlə danışan milli təhlükəsizlik müşaviri Con Bolton Venesuelada “dinc hakimiyyət dəyişikliyini” dəstəklədiklərini bildirib. Əlavə edib ki, hazırda Maduro rejiminə küçələrdə nümayişləri yatırmaq üçün istifadə olunan qüvvələr Kubadan yönləndirilir.

Kubadan əlavə Maduro rejiminə xaricdən dəstək verən ölkələr sırasında Rusiya, Çin, Türkiyə və İran kimi dövlətlər var.

Pentaqon rəhbərliyi də məsələyə münasibət bildirib. Müdafiə nazirini əvəzləyən Patrik Şanahan venesuelalıların “azadlıq və demokratiya naminə öz ölkələrini geri almaq” məqsədini dəstəklədiklərini bəyan edib.

Hərçənd ki, prezident Tramp Quaydonun addımları ilə bağlı bəyanat verməyib, o vəziyyətdən xəbərdardır və baş verənləri izləyir.

Ağ Ev müşaviri Kellyanne Konvey deyib ki, administrasiya Venesuela Milli Assambleyasının prezidenti ilə çiyin-çiyinə dayanır.

Mayk Pompeo

Dövlət katibi Mayk Pompeo bildirib ki, bu gün Venesuelanın müvəqqəti prezidenti Xuan Quaydo azadlıq əməliyyatına start verib. O, ABŞ hökumətinin Venesuela xalqına, onların azadlıq və demokratiya istəyinə tam dəstək verdiyini deyib. Pompeo demokratiyanın məğlubedilməz olduğunu vurğulayıb.

ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Venesuela ordusunun konstitusiya və xalqı müdafiə etməli olduğunu bəyan edib. O, Amerikanın Venesuela xalqı yanında durduğunu da əlavə edib.

Venesuelanın müxalifət lideri və özünü müvəqqəti prezident elan edən Xuan Quaydo prezident Nikolas Maduro hakimiyyətini devirmək və azadılğa nail olmaq üçün Venesuela xalqını küçələrə çıxmaq çağırışından sonra hərbi qüvvələrin bir kəsiminin dəstəyini əldə edib.

“Bu gün cəsur əsgərlər, cəsur vətənpərvərlər, cəsur insanlar konstitusiya cağırışıma cavab verdi”, Quaydo bildirib.

Paytaxt Karakas küçələrində etiraz aksiyaları davam edir. Maduroya sadiq hərbi qüvvələr nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Paytaxt küçələrinə minlərlə nümayişçi çıxıb. Maduroya sadiq qüvvələr onları atəşə tutub, su şırnaqları ilə onları dağıtmağa çalışıb. Milli Qvardiya maşınları nümayişçilərin üstünə sürülüb(Amerikanın səsi).