XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

02 Mart 2016 - 10:56

ABŞ-da “Super çərşənbə axşamı”nın qalibləri:Tramp-Hillari dueli davam edəcək

tramp-klinton

 

Bir neçə ştatda qələbə çalmaqla Demokratlar Partiyasının təmsilçisi  Hillari Klinton və Respublikaçılar Partiyasının nümayəndəsi  Donald Tramp ABŞ prezidentliyinə namizəd uğrunda mübarizədə birinciliyi möhkəmlədiblər.  İlkin seçkilərin ən mühüm günü sayılan və "Super çərşənbə axşamı" kimi tanınan gündə ön sırada gedən iddialılar rəqiblərini böyük hesabla üstələyiblər.

 

Strateq.az  “Amerikanın səsinə” istinadən xəbər verir ki, media hesablamalarına əsasən sabiq dövlət Katibi Klinton altı cənub ştatında – Alabama, Arkanzas, Georgia, Tennessi, Texas və Virciniya ştatlarında Vermont Senatoru Berni Sandersi məğlubiyyətə uğradıb.  Sandersin qalib olduğu iki ştat doğma Vermont və Oklahoma ştatları olub.

 

Respublikaçlar tərəfdə isə Tramp Alabama, Arkanzas, Georgia, Massaçusetts, Tennessi və Virciniyada qələbə çalıb. Texas və Oklahomada Senator Ted Kruz, Minnesota ştatında isə Marko Rubio qalib gəliblər.

Nəticələr çoxlarını təəccübləndirmir.  Belə ki, rəy sorğuları "Super çərşənbə axşamı" ştatlarında və ümummilli miqyasda Klinton və Trampın öndə getdiklərini göstərirdi.

 

Floridada tərəfdarları qarşısında çıxış edən Klinton qarşıda görüləsi çox işin olduğunu bəyan edib:  

 

“Biz hər bir səs uğrunda mübarizə aparacağıq və bizə lazımdır ki, siz könüllü olaraq fəaliyyətinizi davam etdirəsiniz, dostlarınızla, qonşularınızla danışasınız, çünki bu ölkə təkcə lap yuxarıda qərar tutanlara yox, bizim hamımıza məxsusdur.”

 

Qələbə nitqi söyləyən Donald Tramp gecənin onun üçün əla keçdiyini bildirib. 

 

“Amerikanı yenidən möhtəşəm edəcəyik,” – deyə Tramp tərəfdarlarını qarşıda daha böyük uğurlar gözlədiyinə əmin edib.

 

İqtisadiyyatın hazırkı durumundan gileylənən Klintonu məsxərəyə qoyan Tramp deyib: 

 

“O, hakimiyyətdə çox oturub. Əgər indiyədək iqtisadiyyatı qaydasına sala bilməyibsə, növbəti dörd ildə də bunu edəsi deyil.”

 

Namizədlik uğrunda mübarizədə əsas rəqiblərindən olan Marko Rubioya gəldikdən sonra Tramp floridalı senatoru yarışı tərk etməyə çağırıb.

 

Partiyaların yekun namizədləri iyul ayında keçiriləcək ümummilli qurultaylarda müəyyən olunacaq. Namizədlərin təyinatı onların ilkin seçkilərdə topladıqları səslərdən asılı olacaq.  Respublikaçılar Ohayo ştatının Klivlend şəhərində, Demokratlar isə Filadelfiyada ştatında qurultay keçirəcək.

 

Strateq.az