XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

04 May 2015 - 05:24

İnsanlar 90-cı illərdən niyə qorxurlar? – TƏHLİL

90-lar.jpg

1985-ci ilin martında Mixail Qorbaçov Sov.İKP MK-nın Baş katibi oldu. Dövlətin yeni başçısı artıq partiyanın aprel plenumunda genişmiqyaslı sosial-iqtisadi islahatların başlanması haqda məlumat verdi.

Mixail Qorbaçov həmin ilin may ayındaca baş verənləri “yenidənqurma” adlandırdı. 30 ildən az bir vaxt keçib və rusiyalıların əksəriyyəti sonrakı bəlaların – işsizlik, əmanətlərin itirilməsi, nəhayət, “böyük bir dövlətin” dağılma səbəbini həmin dövrdə görməyə meyllidir. Lakin başqa cür ola bilərdmi?

“Rosbalt”ın ekspertlər klubunun üzvləri bu suala cavab verməyə cəhd edirlər.

Tarixi yaddaş maraqlı özəlliklərə malikdir. Bizi təhrik etsələr, zamanın bəzi kəsimlərini şüursuzcasına romantikləşdirməyə meylliyik. Həm də digərlərini dramatikləşdirməklə. İndiki Rusiya hökuməti daha çox imperiya təfəkkürünə söykənir, buna görə də haçansa güclü olmuş SSRİ bir çox baxımdan can atdığımız dövlət örnəyi kimi görünür. Hətta haradasa keçmiş əraziləri geri qaytarmaq istəyirik. Putin SSRİ-nin dağılmasını əbəs yerə “ən böyük geopolitik fəlakət” adlandırmayıb. Əzəmət haqda bu mifdə yenidənqurmaya bekara rol ayrılıb. Əksəriyyətin düşündüyü kimi, axı böyük bir dövlətin tənəzzülü məhz ondan başlandı. Bununla belə, adamlar sovet dönəminin “qızıl illər”ində hansı çətinliklərlə üzləşməli olduqlarını nəyə görəsə unudurlar. Halbuki, iqtisadi islahatlar zərurəti Qorbaçovun açıqlamasından xeyli öncə yetişmişdi.

Yazıçı və kultoroloq Andrey Stolyarov izah edir: “Bu yaxınlarda təkrar olunan hadisə 70-ci illərdə də ölkəmizin başına gəlmişdi – onun başına “xammal qarğışı” yağdı. Neftin qiyməti görünməmiş səviyyədə artdı, neft dollarının axını ucbatından anlaşılmazlıq yarandı: əgər hər şeyi xaricdən almaq mümkündürsə, nəyisə niyə edək? Lakin adamların firavanlığının nisbi artımı ilə yanaşı dükanlardan bütün növ mallar – lampa, sabun, un yox olmağa başladı. Əlbəttə, neft dolları kəsiri bağlamağa bəs edərdi, lakin SSRİ büdcəsinin, təqribən, 30-40%-i ordunun saxlanmasına xərclənirdi. Bizim 60 min tankımız var idi. Deyirdilər ki, onlar Lissabona çatmaq üçün kifayət edər. Pullar həmçinin sosialist ölkələrinə kreditə sərf edilirdi. 1985-ci ildə isə neftin qiyməti çökdü. Mal yoxdur, onu almağa da bir şey yoxdur. Yenidənqurma da belə bir vəziyyətdə başlandı”.

Ekspert qeyd edir ki, ölkə, faktiki olaraq, iqtisadi fəlakət həddinə çatmışdı. Həm də söhbət artıq ondan yayınıb-yayınmamaqdan deyil, onu idarə etmək və qurbanları mümkün qədər azalda bilmək şanslarından gedirdi. Lakin iqtisadi aspektdən savayı həm də sosial aspekt var idi. İllərboyu SSRİ-nin öncül mövqeyi barədə nağıllara qulaq asmış əhali xeyli dərəcədə qıcıq ehtiyatı yığmışdı. Kənd təsərrüfatı zəiflədi, buna görə də kəndlər sıradan çıxmağa başladı, gənclər şəhərə axışdı. Ziyalılar söz azadlığı istəyirdi. Formal olaraq partiyaya tabe olan, lakin çoxdan müstəqillik arzulayan bir çox sovet rəhbərləri də narazı idilər.

Rusiya Elmlər Akademiyası Sosiologiya İnstitutunun baş elmi əməkdaşı Mariya Matskeviç qeyd edir ki, yenidənqurma ərəfəsində gələcəkdə kiminsə sövet dövrünün həsrətini çəkməyə başlayacağını təsəvvür etmək çətin idi. Sosioloq xatırlayır: “Deyilməsi mümkün olanla əslində mövcud olanın arasında aydın bir uyğunsuzluq var idi. Adamlar əhalinin ən müxtəlif zümrələrini birləşdirən bu mətləbi kəskin şəkildə dərk edirdilər. Yığılmış sosial problemlər bir tərəfdən və o biri yandan iqtisadi problemlər yenidənqurmanı hamının dəstəklədiyi durumu əmələ gətirmişdi. Hər halda, razılaşmayan azlıq öz baxışlarını heç cür ifadə etmirdi. İnsanlar istənilən dəyişiklikləri salamlamağa hazır və vahid idi.

Kulturoloq Stolyarov ehtimal edir ki, yenidənqurma bu mənada qansız inqilab idi. Adətən, inqilabi proseslər dövründə olduğu kimi insanlar ümid edirdilər ki, əsas düşmənin Sov.İKP-nin məhvindən sonra bir anda firavanlıq və tərəqqi başlanacaq. Eyni zamanda bütün ümidlər Qorbaçova idi.

Avropa Universiteti modernləşdirmə araşdırmaları Mərkəzinin rəhbəri Dmitri Travin izah edir: “Napoleonun hakimiyyətə gəlişi haqda müşahidəçi demişdi: “Onun barəsində hər kəs öz romanını yaradırdı”. Eyni sözü son dərəcə populyar olan Qorbaçov haqqında da demək mümkündür. Hamı dəyişiklikləri gözləyirdi, lakin heç kim bilmirdi ki, nə etmək lazımdır. Amma hamı hesab edirdi ki, Qorbaçov bilir. Lakin ilk 18 ayda əsaslı heç nə baş vemədi”.

Qorbaçov yalnz 1987-ci ilin yazında akademiklərə iqtisadi islahatlar layihəsini tapşırdı. Layihə 1988-ci ildən fəaliyyətə keçdi. Və dərhal məlum oldu ki, dəyişikliklər heç nəyə yaramır.

Travin xülasə edir: “İslahat pis hazırlanmışdı. O, bir tərəfdən admlara qazanmaq imkanı verir, digər tərəfdən isə pis işə görə məsuliyyət mexanizmini nəzərdə tutmurdu. Nəticədə dövlət əvvəlki kimi bütün müəssisələrə dəstək verməli və çoxlu pul çap etməli idi. Ziyan artırdı. Sonra adamlar qarşıdan gələn qiymətqoyma sistemi haqqında eşidib, sadəcə, dükanlardan hər şeyi silib-süpürdülər. Beləliklə, böyük məftunluq böyük məyusluğa döndü”.

Vəziyyət siyasi islahatlar üzündən ağırlaşdı. Qorbaçov populyarlığını itirəcəyini anlamaqla onu aparmağı qət etdi. Nəzəri baxımdan dəyişikliklər hətta partiyanın dəstəyi olmadan da onun hakimiyyətdə qalmasına imkan verməli idi. Lakin əyani demokratikləşmə və keçirilən seçkilər əməldə ikihakimiyyətliliyin yaranmasına gətirib çıxartdı. Həm partiya, həm də peyda olan xalq deputatları özlərini ölkədə əsas sima sayırdılar. Sonra isə Rusiya prezientinin seçkisi baş tutdu və indi Yeltsin özünü qalanlardan üstün hiss etdi. Avqust qiyamı yenidənqurmanın sonunu gətirdi. Rəsmi xronologiya Yeqor Qaydarın başçılığı ilə sonradan başlanmış islahatları artıq başqa bir tarixi mərhələ hesab edir.

Sosioloq Mariya Matskeviçin sözlərinə görə, ümidlərin darmadağın olması buna gətirib çıxardı ki, çoxları yenidənqurmanı dramatikləşdirir.

Ekspert izah edir: “O dövr haqqındakı yaddaş insanın hansı sosial qrupa mənsub olmasından asılı olaraq fərqlənir. Yenidənqurma ziyalılar üçün qalın dərgilərin, xarici kitab və filmlərin meydana çıxması, mühacirət ədəbiyyatının dərc edilməsini bildirirdi. Lakin vətəndaşların böyük əksəriyyəti üçün informasiya azadlığı maddi rifahdan xeyli önəmsiz idi.

Sosioloq eyni zamanda hesab edir ki, yenidənqurma rusiyalıların əksəriyyətinin yaddaşında 90-c illərlə çulğaşıb. Və hakimiyyətin rəsmi mövqeyi vasitəsilə.

Matskeviç bildirir: “Yaddaş sahəsində dövlət siyasəti qəsdən o məcrada aparılır ki, bizdə ” iblisanə 90-lar” mövcud olub. Onda isə yenidənqurma səhifələnir, çünki indi Qorbaçova ehtiram yoxdur. Bütün bunlar bir yerə çulğaşır və qaranlıq tonda vurğulanır. Buna görə də çoxları 80-ci illərin sonunda başlanmış yenidənqurmanı deyil, Qaydarı, SSRİ-nin dağılmasını, qiymətlərin artmasını, cəmiyyətin təbəqələşməsini
, işin itirilməsini xatırlayır. çünki 90-cı ilər nəsə pis bir şeydir, 79-80-ci illərin isə romantik obrazı var”.

Yenidənqurmanın özü, ondan sonrakı hadisələr də müəyyən dərəcədə qaçılmaz idi.

İqtisadçı Travin deyir: “Əlbəttə, 1988-ci ilin islahatı uğursuzluq idi. Lakin yenidənqurma nəyəsə nail oldu. Köhnə iqtisadi sistemi dağıtmasaydılar, onda yeni də heç nə olmazdı. Ziddiyətlidir, lakin Qorbaçov özünü siyasətə vurub dolaşmasaydı və səhvlər etməsəydi daha yoxsul cəmiyyətdə yaşayardıq”.

Lakin bu günədək Rusiya cəmiyyətində dəyişikliyə tələbatın olması faktı əndişə doğurur. Əslində, biz inqilabi prosesdən çıxmamışıq, beləliklə, cəmiyyətin demokartikləməsini də başa çatdırmamışıq. Buna görə də güclü liderin gedişi ilə Rusiyanı təzə yenidənqurma gözləyə bilər. Stolyarov qeyd edir: “İstəsək də, istəməsək də, yeni liderlər meydana çıxacaq. Ona görə ki, xammal iqtisadiyyatı özünü tükədib. Siyasi modeli dəyişmədən iqtisadi modeli də dəyişmək olmaz”.

Yada salaq ki, 80-ci illərin yenidənqurmasını məhz neft qiymətlərinin çökməsi şərtləndirdi.

Rosbalt.ru. 03.05.2015

90-lar 02.jpg