XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 May 2019 - 18:41

Türkiyə Prezidenti:"Biz NATO-dakı dostlarımızın müttəfiqlik ruhuna əməl etmələrini gözləyirik"

“Biz NATO-dakı dostlarımızın müttəfiqlik ruhuna əməl etmələrini, təşkilatın prinsiplərinə uyğun davranmalarını gözləyirik”.

Bunu Ankarada keçirilən “NATO Şurası və NATO Aralıq dənizi Tərəfdaşlığı Dialoqu” konfransında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Türkiyə Prezidenti bildirib ki, hazırda beynəlxalq təhlükəsizlik sistemində ciddi fəsadlar yaranıb və Şimali Atlantika Alyansı ölkələrini təhdid edən terror aktlarının sayı getdikcə artmaqdadır. Onun sözlərinə görə, Ankara son səkkiz ildə Suriyadan gələn terror təhlükəsinin qarşısını almağa, qeyri-leqal miqrasiyanın ağır nəticələrini aradan qaldırmağa səy göstərir: “Türkiyə İŞİD təhlükəsini neytrallaşdırmaq məqsədilə “Fərat qalxanı” adlı genişmiqyaslı hərbi əməliyyat keçirib və terrorçu qruplaşmanı darmadağın edən ilk NATO ölkəsi olub”.

R.T.Ərdoğan əlavə edib ki, Qərb ölkələrində getdikcə artan islamofobiya təzahürləri də minlərlə insanın həyatı üçün təhlükə mənbəyinə çevrilib. O, NATO-ya üzv ölkələrin hökumətlərini ayrı-seçkilik və nifrət zəminində baş verən bütün zorakılıq hallarına qarşı mübarizədə səyləri birləşdirməyə çağırıb.

Türkiyə Prezidenti, eyni zamanda, terrorçu qruplaşmaları dəstəkləyən ölkələrin hərəkətlərinin də müttəfiqlik anlayışına zidd olduğunu vurğulayıb.

“NATO-dakı güclü mövqeyimizi qoruyub saxlamaqla bərabər, biz milli maraqlarımız da müdafiə edəcəyik”, -deyə R.T.Ərdoğan qeyd edib.

Türkiyənin dövlət başçısı Rusiyadan alınan S-400 raket kompleksləri ətrafında vəziyyətin gərginləşdirilməsi səylərini də düzgün hesab etmədiyini deyib. O, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq ilə danışıqlar apardığını da diqqətə çatdırıb/Azərtac.