İranın İnqilab Qvardiyasının komandiri bazar günü bildirib ki, ABŞ-ın körfəzdə hərbi mövcudluğunu genişləndirməsi bir zamanlar ciddi “təhlükə” kimi qəbul edilirdisə, hazırda bu, “hədəf” mahiyyəti daşıyır.
Strateq.az “Amerikanın Səsi”nə istinadla xəbər verir ki, Qvardiyanın Aviasiya Diviziyasının komandiri Əmirəli Hacızadə təhlükənin indi fürsətə çevrildiyini bildirib.
“Amerika hərəkətə keçsə, biz onu başından vuracağıq,” – Hacızadə deyib.
İranın Amerika hədəflərinə hücum planlaşdırması ehtimalına qarşı ABŞ-ın “Abraham Linkoln” aviadaşıyıcısı və dörd B-52 bombardmançı qrupu Yaxın Şərq bölgəsinə yerləşdirilib.
Birləşmiş Ştatlar döyüş təyyarə gəmisinin çərşənbə günü, B-52 taktik bombardmançı qrupunun isə regiona Hörmüz körfəzi vasitəsilə cümə axşamı daxil olduğunu bildirib.
Adlarının çəkilməsini istəməyən müdafiə rəsmiləri bildirir ki, bombardmançılar Qətərin Əl-Udeyd hava bazasına yerləşdirilib.
İran admiralı Hüseyn Xanzadi isə deyib ki, Amerika qüvvələri “regiondan çıxmalıdır”. O, ABŞ-ın İran körfəzindəki mövcudluğunun başa çatdığını bildirib.
İnqilab Qvardiyasının rəhbəri, general-mayor Hüseyn Səlami parlamentə bildirib ki, ABŞ regionda “psixoloji müharibə” başladıb.
İranın xarici işlər naziri Məhəmməd Cavd Zərif Twitter-də yazıb ki, Con Bolton Ağ Evdə milli təhlükəsizlik müşaviri təyin edilməzdən əvvəl də İranla sazişdən çıxmaq tərəfdarı olub və indi Tehran a qarşı daha aqressiv mövqedən çıxış edir.
Zərif Boltonun 2017-ci ildə “İranla nüvə sazişindən necə çıxılmalı?” adlı məqaləsinin linkini də paylaşıb.