Zakir ŞİRİYEV,
hüquqşünas, ədliyyə müşaviri
Azərbaycan Respublikası Konstitusiyasının 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.
Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir; bu isə beynəlxalq hüquqla müəyyənləşdirilimiş normaları istisna etmir.
Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar Respublikadır.
İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları, azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir (Konstitusiyanın 12-ci maddəsi).
“Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” 1991-ci il 18 oktyabr tarixli Konstitusiya Aktının 15-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində yalnız Azərbaycan Respublikasının Konstitusiya və Azərbaycan Respublikasının qanunları qüvvədədir. Azərbaycan Respublikası Konstitusiyasında insanların bərabərlik, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi və digər hüquqları ilə yanaşı, fikir və söz azadlığına, müraciət etmək və digər hüquqlarına da təminat verilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinin I və II hissələrinə əsasən hər kəsin fikir və söz azadlığı vardır.
Eyni zamanda heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz.
Lakin burada bir istisnalıq vardır. Belə ki, Konstitusiyanın 47-ci maddəsinin III hissəsinə əsasən irqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqat və təbliğata yol verilmir.
Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinin I hissəsinə əsasən hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.
Eyni zamada Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.
Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır.
Təhqir və böhtan isə tənqid sayıla bilməz.
Böhtan və təhqirlə bağlı hər kəsin öz şərəf və ləyaqətin müdafiəsi hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.
“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 2015-ci il tarixli Qanunun 6.9-cu maddəsinə əsasən müraciətin mətnində təhqir və böhtana yol verilməməlidir.
Müraciətlərin baxılma müddətinə gəldikdə, həmin Qanunun 10-cu maddəsinə əsasən müraciətlərə ən geci 15 iş günü müddətində cavab verilməlidir. Lakin əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi hallarında müraciətə baxılma müddəti 30 iş günü uzadıla bilər.
Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətləri daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır. Vətəndaşların müraciətlərinə baxılarkən, bütün hallarda müraciətə obyektiv, hərtərəfli və vaxtında baxılması təmin edilməlidir.
Qeyd edilən Qanunun 14-cü maddəsinə əsasən müraciətinə baxılan vətəndaşın aşağıdakı hüquqları vardır:
1. Müraciətin tam və hərtərəfli araşdırılması üçün əlavə sənəd və materiallar təqdim etmək və ya bu sənədlərin əldə edilməsinə müraciətə baxan subyektdən xahiş etmək;
2. Müraciətə baxılmasının dayandırılması barədə ərizə ilə müraciət etmək;
3. Təkrar yazılı müraciətə ilkin müraciətə baxılmasının nəticəsi barədə sənədləri əlavə etmək və s.
Diqqətçəkən əsas məqamlardan aşağıdakıları qeyd etməyi zəruri hesab edirəm.
Belə ki, həmin Qanunun 8.1.4-cü maddəsinə əsasən vətəndaşların təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verilirsə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda, müraciət baxılmamış saxlanılır.
Lakin aşağıdakı hallar olduqda, həmin Qanunun 8.1.4-cü maddəsinə istinad edib müraciətin baxılmamış saxlanılması əsaslı hesab edilə bilməz:
1. Müraciət tam, hərtərəfli, obtektiv araşdırılmadıqda və şikayətin mahiyyəti üzrə cavab verilmədikdə;
2. Müraciət edən şəxs həmin Qanunu 14-cü maddəsinə əsasən zəruri sənədlər təqdim etdikdə və ona lazım olan kommersiya və dövlət sirri hesab edilməyən sənədlərin surətlərini tələb etdikdə, bu məsələyə dair cavab məktubunda heç bir əsaslar olmadan xahiş edilən sənədlər göndərilmədikdə və ya verilməsindən imtina barədə heç bir fakt qeyd edilmədən şikayətin mahiyyətinə uyğun olmayan cavab verdikdə və ya yeni fakt üzrə heç bir araşdırılma aparılmadıqda.
Qeyd etmək lazımdır ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 7.13-cü maddəsinə əsasən vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır. Lakin çox hallarda qanuna zidd olaraq, vətəndaşların şikayətləri haqqında şikayət edilən vəzfəli şəxsə göndərilir.
Həmin Qanunun 16-cı maddəsinə əsasən bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət Məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 594.1-ci maddəsinə əsasən Vətəndaşların müraciətləri haqqında qanunvericiliyin pozulmasına, yəni:
“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq verilən müraciətin qəbul edilməməsinə;
Vətəndaşların müraciətlərinin aidiyyəti üzrə baxılması üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərilməsinə;
Vətəndaşların qəbulunun “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təşkil edilməməsinə;
Dövlət orqanlarının və vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətinin və ya işinin tənqid edilməsi ilə bağlı, yaxud vətəndaşın və ya digər şəxslərin hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşın təqib edilməsinə görə – inzibati məsuliyyət yaranır.
Fikrimcə, həmin maddədə cərimənin məbləği artırılmalı və attestasiyadan keçirilərkən vəzifəli şəxsin inzibati xətaya yol verməsi qeyd edilməlidir.
Qeyd etmək lazımdır ki, müraciət edən hər bir şəxs müraciətlərində nöqsanlar qeyd edə və tənqid edə bilər. Lakin bütün hallarda müraciətlərdə heç kəsə nə böhtan atıla və ya da heç kəsi təhqir edə bilməz.
Yəni hansı üsulla törədilməsindən asılı olmayaraq, böhtan və təhqir ifadə azadlığı hesab edilmir.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinə görə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, kütləvi informasiya vasitələrində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yayma başa düşülür.
İlk növbədə təqsirkar şəxs:
1. Yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən;
2. Onu nüfuzdan salan məlumatları, yəni bu iki halda:
a) kütləvi çıxışlarda;
b) kütləvi nümayiş etdirilən əsərlərdə;
c) kütləvi informasiya vasitələrində;
d) kütləvi nümayiş etdirdiyi halda internet informasiya ehtiyatlarında yayma başa düşülür.
Cinayə Məcəlləsinin 147.2-ci maddəsində isə ağır və ya xüsusilə ağır cinayətlərdə ittiham etməklə böhtan atma nəzərdə tutulur.
Təhqirə gəldikdə isə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir – yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, kütləvi informasiya vasitələrində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında şəxsiyyətin şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldılması başa düşülür.
Ümumiləşdirilmiş fomada böhtan cinayətinin obyekti – başqa şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təşkil edir.
1. Şərəf – cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətləri, başqa şəxslərə, cəmiyyətə münasibətlərinə görə ona verilən ictimai qiymət kimi başa düşülür;
2. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə verilən qiymət hesab edilir;
3. İşgüzar nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, yaxınlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymət hesab edilir.
Qeyd etmək lazımdır ki, şərəf, ləyaqət və işgüzar nüfuz mənəviyyatla bağlı olduğu üçün şərəf və ləyaqətin ölçüsü, çəkisi yoxdur. Bu,işin hallarına uyğun olaraq, məhkəmə tərəfindən qiymətləndirilir.
Təhqirə gəldikdə, həmin cinayətdə obyektiv cəhətdən şəxslərin şərəf və ləyaqətini alçaldan nalayiq hərəkətlər başa düşülür.
Hər iki cinayət qəsdən törədilir. Cinayətin törədilmə üsulu, tərkibi istisna edən hallarda şərəf, ləyaqətin böhtan və təhqir edilib alçaldılması mülki məsuliyyətə səbəb olur.
2016-cı ildə edilən dəyişikliyə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əlavə olunan 148.1-ci maddəsi ilə internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulur.
Həmin maddənin qeyd hissəsinə əsasən bu maddədə “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə, internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür.
Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 388.1-ci maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni:
1. İnformasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə;
2. İnternet informasiya ehtiyatında yerləşdirilmiş yayılması qadağan edilən informasiyanın götürülməsi ilə bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tədbirlərin görülməməsinə görə – İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət yaranır.
Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 388.1.2-ci maddəsinə əsasən İnternet informasiya ehtiyatı “Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı”na daxil edildikdən dərhal sonra host provayder və internet provayderlər tərəfindən həmin internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılmamasına görə vəzifəli şəxslər məsuliyyət daşıyırlar.
Qeyd: Bu Məcəllənin 388-1.1.1-ci maddəsi həmin maddədə göstərilən əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.
“Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının 19 iyun 1998-ci il tarixli (əlavə və dəyişikliklərlə bir yerdə) Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsinə uyğun olaraq hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.
Həmin Qanuna uyğun olaraq məlumat azadlığının təmin edilməsi, həmin məlumatların açıqlığı və mübadilə edilməsinin azadlığı, həmin məlumatın tamlığı və obyektivliyinə riayət edilməsi, hər kəsin şəxsi və ailə həyatının sirrinin saxlanılması, şəxsiyyətin, cəmiyyətin və dövlətin təhlükəsizliyinin qorunması və sair prinsiplərə ciddi riayət edilmələri tələb edilir. (Qanunun 5-ci maddəsi).
Məlumatın mənbəyinə gəldikdə isə, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatları əks etdirən sənədlər və başqa daşıyıcılar, kütləvi informasiya vasitələrinin məlumatları, açıq çıxışlar məlumatın mənbəyi hesab edilir.
Eyni zamanda həmin Qanunun 10-cu maddəsinə uyğun olaraq dövlət, peşə (vəkil, notariat, bank, kommersiya, istintaq və məhkum sirləri, şəxslərin şəxsi və ailə həyatının təkrar aksiyalarına və s.) məlumatlar məhdudlaşdırılmış məlumatlar hesab edilirlər.
Qeyd etmək zəruridir ki, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının 07 dekabr 1999-cu il tarixli (əlavə və dəyişikliklərlə bir yerdə) Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında kütləvi informasiya vaitələri azaddır. Kütləvi informasiya azadlığı vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququnu dövlət tərəfindən təminat verilməsinə əsaslanır.
Qeyd edilən Qanunun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri yaymaq mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirmək, dövlətin ərazi bütövlüyünə qəsd etmək, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların sirri və həyatını alçaldan şayiələr, yalan və qərəzli yazılar, poliqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanuna zidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir.
Qanunun 10.1-ci maddəsinə əsasən gizli audio və video yazılardan, kino və foto çəkilişindən istifadə etməyə və ya hazırlanmış məlumat və materialları yaymağa yalnız aşağıdakı hallarda yol verilir:
1. Şəxsin və vətəndaşın bu barədə yazılı razılığı varsa, habelə kənar şəxsin Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilmiş hüquq və azadlıqlarının pozulmaması üçün zəruri tədbirlər görülmüşdürsə;
2. Məhkəmə qərarı ilə nümayiş etdirilirsə.
Bu maddənin tələblərini pozaraq gizli audio-video yazılardan, kino-foto çəkilişindən istifadə olunması və onun yayılması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə məsuliyyətə səbəb olur.
Şərəf və ləyaqətin müdafiəsi ilə bağlı bütün hallarda məhkəmə təcrübəsində tətbiq edilən aşağıdakılar nəzərə alınmalıdır.
Belə ki, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 №-li Qərarının 3-cü bəndinə müvafiq olaraq məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən, üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidirlər:
1. Məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi;
2. Həmin məlumatların doğru olmaması;
3. Bu məlumatların yayılması.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyasının Məhkəməsinin 31 may 2002-ci il tarixli Plenum Qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.
2. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə isə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər başa düşülür.
“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarının 5-ci bəndinə əsasən mənəvi zərərin məbləği, habelə zərərin ödənilməsinin digər formaları iddia ərizəsində konkret göstərilməlidir. Buna əməl olunmaması Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması üçün əsas hesab edilir.
Eyni zamanda Konstitusiya Məhkəməsinin qeyd edilən 31 may 2002-ci il tarixli Plenum Qərarına əsasən mənəvi zərər, adətən, vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab vermək kimi başa düşülür.
Mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
Bütün hallarda aşağıdakılar nəzərə alınmalıdır:
1. Mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir;
2. Mənəvi zərərin məbləği, habelə zərərin ödənilməsinin digər formaları iddia ərizəsində konkret göstərilməlidir.
Zərərlə bağlı müddəalar Mülki Məcəllənin ümumi hissəsinin digər normalarında da nəzərdə tutulmuşdur.
Mülki Məcəllənin 23.4-cü maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Bu qaydalar həmçinin hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir (maddə 23.6). Lakin burada göstərilən zərərin maddi və yaxud mənəvi olduğu birbaşa göstərilməmişdir.
Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər vurulur.
İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Avropa Konvensiyasının 10-cu maddəsində qeyd olunmuşdur ki, hər kəs öz fikirlərini ifadə etmək azadlığı hüququna malikdir. Konvensiyanın 17-ci maddəsində həmçinin hər hansı bir dövlətin, qurumun və ya şəxsin burada təsbit olunmuş hüquq və azadlıqlarının ləğvinə yönəlmiş hər hansı fəaliyyətlə məşğul olmaq və ya hər hansı əməl törətmək və ya onları Konvensiyada nəzərdə tutulanlardan daha artıq məhdudlaşdırmaq hüquqlardan sui-istifadənin qadağan olunması kimi qiymətləndirilir.
Şərəf, ləyaqət və işgüzar nüfuzla bağlı mülki işlərə gəldikdə, bunu şərti olaraq üç qrupa bölmək olar:
1. Vəzifəli şəxs tərəfindən verilən və onun xidməti fəaliyyəti ilə bağlı olan iddialar;
2. Fiziki və hüquqi şəxsin ailə sirri və bu qəbilədə olan iddialar;
3. Vəzifəli şəxsin qanunsuz əməlləri ilə bağlı fiziki və hüquqi şəxslərin iddiaları.
Burada bir məsələnin izahatına ehtiyac yaranır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının Mülki Prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Plenum Qərarına əsasən Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdikləri sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
“Məhkəmə – hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli Fərmanın 6-cı bəndinə əsasən aşağıdakılar Azərbaycan Respublikası Ali Məhkəməsinə tövsiyə edilmişdir:
1. Məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini tamın etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün ciddi tədbirlər görsün;
2. Ədalət mühakiməsinin keyfiyyətinin artırılması məqsədilə məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi sahəsində fəaliyyətini gücləndirsin;
3. Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi nəticəsində müəyyən edilmiş, sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılması üçün müvafiq mexanizm yaradılması barədə təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14 may 1999-cu il tarixli 7 №-li Qərarının qəbulundan 18 ildən artıq müddət keçmişdir. Eyni zamanda “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsində digər qeyri-əmlak hüquqlarına və qeyri-maddi xidmətlərin müdafiəsini müəyyən etsin. Lakin həmin Plenum Qərarının qəbulundan 16 il keçməsinə baxmayaraq, heç bir yenilik olmamışdır.
Nəzərə almaq lazımdır ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 21 dekabr 2010-cu il tarixli Konstitusiya Qanunun 17-ci maddəsinə müvafiq olaraq normativ aktlar Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Prezidentinin və Mərkəzi icra hakimiyyəti orqanları və Nazirlər Kabinetinin normativ hüquqi aktlarına bölünür.
Həmin normativ aktların hüquqi qüvvəsi Konstitusiyanın 149-cu maddəsinin II, III, IV, V və VI hissələri və 151-ci maddəsi ilə müəyyən edilir.
Həmin Qanunun 9-cu maddəsinə əsasən Konstitusiya Məhkəməsinin və Məhkəmə Hüquq Şurasının Qərarları normativ xarakterli Qərarlar hesab edilirlər.
Bunları qeyd etməkdə məqsəd odur ki, Ali Məhkəmənin Plenum Qərarları məhkəmə təcrübəsinə, Konstitusiya və qüvvədə olan digər normativ aktlarının tələblərinə uyğun olmaqla təkmilləşdirilməlidir.
Odur ki, əsasən şərəf, ləyaqət və işgüzar nüfuzla bağlı iddia qaldırmaq istəyən vəzifəli şəxsin “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim etmə qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli Qanununa uyğun olaraq maliyyə hesabatı, attestasiya komissayasının rəyi, həm vəzifəli şəxs, həm də cavabdeh şəxsin əvvəllər məhkum olub-olmamaları və digər zəruri sənədlərin təqdim etmələri məqsədəmüvafiq olardı. Belə halda məhkəmə iddianın baxılmaq üçün qəbul edilməsi, həm də qəbul edilən iddiada sonradan sorğular verib cavab almasında müddət itkisindən azad olması və mülki işin tam və hərtərəfli aydınlaşdırılmasına səbəb ola bilər. Eyni zamanda sosial və ictimai vəziyyəti və s. nəzərə alınaraq qaldırılan iddia ilə bağlı tələb edilən mənəvi ziyanın məbləği də dəqiqləşdirilməlidir.
Müqayisə üçün, belə bir faktı qeyd etmək istəyirəm:
Vəzifəli şəxsin qanunsuz əməlləri ilə bağlı şikayət vermiş şəxsin konkret faktlara istinad etməsinə baxmayaraq, vəzifəli şəxsin iddia qaldırılıb “100 min – 1 milyon” manat qədər təzminat tələbi cavabdehi pis vəziyyətdə qoyur və elə düşünür ki, bu məbləğ ondan hökmən tutulacaq və iddiada qeyd edilən tələbi icra etməlidir. Vəkil tutmağa imkanı olmadığı və qarşılıqlı iddia qaldırmaq təşəbbüsü göstərmədiyi hallarda vəzifəli şəxsin tələbini icra etmək məcburiyyətində qalır. Nəticədə, vətəndaş konstitusion hüquqları pozulmaqla ədalətsizliklərlə qarşılaşır. Təzminatın məbləği bir növ şikayətçinin məcburiyyət üzündən göstərdiyi əsaslı faktlarla bağlı təkzib verməsi ilə nəticələnən bir vasitə hesab edilir.
Odur ki, fikrimcə, vəzifəli şəxs xidməti fəaliyyət ilə bağlı işgüzar nüfuzuna xələl gətirilməsi faktı ilə əlaqədar “cavabdehin” şikayət etdiyi faktlar səlahiyyətli orqan tərəfindən araşdırılmalı, hüquqi qiymət verilməli, əgər hər hansı qanunsuz qərarın ləğvi ilə bağlıdırsa, “İnzibati İcraat haqqında” 21 oktyabr 2005-ci il tarixli Qanunun tələblərinə müvafiq olaraq həmin aktla bağlı qəbul edilmiş qərar əsas götürülməlidir.
Eyni zamanda vəzifəli şəxsin xidməti vəzifəsində istifadə etməklə başqasına böhtan atması halları ilə bağlı, əgər belə fakt olsa, buna da hüquqi qiymət verilməlidir.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinin dispozisiyasında vəzifəli şəxslə bağlı heç bir müddəa yoxdur, lakin Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 128.1-ci (böhtan) maddəsinin III hissəsində belə hal nəzərdə tutulmuşdur.
Eyni zamanda RF-nın Cinayət Məcəlləsinin 319-cu maddəsinə əsasən xidməti vəzifəsini icra edən hakimiyyət nümayəndəsini xidməti vəzifəsinin icrası ilə bağlı təhqir etmə cinayət məsuliyyətinə səbəb olur.
İddiada ziyanın məbləği məsələsinə gəldikdə, dünyanın aparıcı dövlətlərində qeyd edilən cinayətlərə görə həm maddi (MM-nin 21 m.), həm də mənəvi (MM-nin 23 m.) ziyanla bağlı tətbiq edilən cərimənin məbləğləri göstərilmişdir.
Belə ki, ABŞ-da böhtana görə 10 il azadlıqdan məhrumetmə və 250 min ABŞ dolları cərimə tətbiq edilir. Bu, böhtanın xarakteri və dövlətə vurulan ziyan kimi qiymətləndirilir. Lakin ABŞ-nın 19 ştatında diffamasiya haqqında Qanun tətbiq edildiyindən böhtana görə cinayət məsuliyyət tətbiq edilmir.
Fransada böhtana görə cərimənin məbləği 45 min avro, 5 ilədək azadlıqdan məhrumetmə, həmçinin müəyyən peşə fəaliyyəti ilə məşğul olmaqdan məhrumedilmə cəzası tətbiq edilir.
İtaliyada böhtan və təhqirə görə 2 ilədək azadlıqdan məhrumetmə və 1000-2000 avro cərimə tətbiq edilir.
Almaniyada 3 il azadlıqdan məhrumetmə və 30 min avro 5-360 iş gününə bölünmüş ekvivalentdə cərimə tətbiq edilir.
Lakin inkişaf etmiş xarici ölkələrdə böhtan və təhqirin Azərbaycan Respublikası Cinayət Məcəlləsində istər böhtan, istərsə də təhqirə görə cinayətin subyektinin kimlər ola biləcəyi qeyd edilməmişdir.
Eyni zamanda Cinayət Məcəlləsinin 323-cü maddəsində Azərbaycan dövlətinin başçısının – Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətini ləkələmə və ya alçaltma, Cinayət Məcəlləsinin 324-cü maddəsində isə Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının dövlət gerbi barədə təhqiramiz hərəkətlər etmə cinayət məsuliyyətinə səbəb olur. Yəni Cinayət Məcəlləsinin 148-ci maddəsində təhqirə görə cinayət məsuliyyəti ilə yanaşı, Cinayət Məcəlləsinin 323 və 324-cü maddələrində də təhqirə görə cinayət məsuliyyəti yaranır.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 23-cü maddəsinin I hissəsinə əsasən Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.
Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 106-cı maddəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti və səlahiyyət müddəti ərzində Azərbaycan Respublikasının vitse-prezidentinin şəxsiyyəti toxunulmazdır.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidentinin şərəf və ləyaqəti qanunla qorunur. Azərbaycan Respublikasının Prezidenti eyni zamanda ali baş komandandır. Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin rəmzlərinin də təmsilçisidir.
Belə olan halda, Cinayət Məcəlləsinin 323-cü maddəsinin Prezidentlə yanaşı, vitse-prezident və ailə üzvlərinin şərəf və ləyaqətini ləkələmə və ya alçaltma kimi faktlar, müharibə şəraitində olduğumuzdan, cəzanın sanksiya hissəsinin ağırlaşdırılması, fikrimcə, məqsədəmüvafiqdir.
Bununla bağlı beynəlxalq təcrübəyə nəzər salaq.
Məsələn, Niderlandda kralı təhqir etməyə görə 5 il, kralın həyat yoldaşını təhqir etməyə görə 4 il azadlıqldan məhrumetmə cəzası tətbiq edilir. Eyni zamanda qeyd edilən cinayətə görə Almaniyada 5 il, Türkiyədə 4 il azadlıqdan məhrum etmə cəzası tətbiq edilir.
Qeyd etmək lazımdır ki, əksər ölkələrdə dövlət başçısı ilə yanaşı, milli himni və bayrağı sanksiyalaşdığı mitinqlərdə təhqir etmə (Fransa, Almaniya), digər ölkələrə məxsus bayraq və himni təhqir etmə həmin dövlətin tələbi ilə cinayət məsuliyyətinə səbəb olur.
Fikir və söz azadlığında mübahisəli məsələlərdən biri də “Diffamasiyadan qorunma haqqında” Qanunla bağlı, Avropa Şurası qarşısında öhdəçilik götürülməsə də, həmin Qanunun qəbul edilməsi tövsiyə edilmişdir. Belə bir Qanun layihəsi hazırlanıb, lakin qəbul edilməyib.
Qeyd edilən Qanunda deyilir:
“Diffamasiyadan müdafiə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, bu Qanun və Azərbaycan Respublikasının digər müvafiq normativ-hüquqi aktlarından ibarətdir”. (Bax: Qanun 2.1).
“Bu Qanunun normaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdəki normalara zidd olarsa, beynəlxalq müqavilələr tətbiq edilir”. (Bax. 2.2).
“Bu Qanunun heç bir müddəası Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının ratifikasiya etdiyi beynəlxalq müqavilərlərlə qorunan və ya ifadə azadlığı ilə bağlı hamılıqla qəbul edilmiş hüquq, azadlıq və təminatların məhdudlaşdırılması kimi şərh oluna bilməz”. (Bax. 2.3).
Aşağıdakı səbəblərə görə, həmin Qanun qəbul edilməsi məqsədəmüvafiq deyildir.
1. Həmin Qanun müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 84-26, 32, 47, 50-53, 50-63, 71-ci maddələri ilə tam uzlaşmır və fərqli nəticələr ortaya çıxmaqla Konstitusiyanın müddəaları ilə ziddiyyət təşkil edir;
2. Sosial şəbəkələrdə fikir azadlığı kimi qəbul edilən böhtan və təhqir kütləvi hal almaqla fəsadları ağır nəticələrə səbəb ola bilər;
3. Cəmiyyət “Diffamasiya haqqında” Qanunun qəbuluna hazır deyildir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi tam bunu əhatə edir. Belə ki, böhtan və təhqirə görə cinayət məsuliyyəti olmadıqda, bu, mülki qanunvericilklə tənzim edilir.
4. Əksər inkişaf etmiş dövlətlərdə bu Qanun qəbul edilməmişdir.
Fikrimcə, əgər həmin Qanun qəbul edilərsə, hər bir fərd həmin Qanunun “qurbanına” çevrilə bilər.
29 noyabr 2016-cı il tarixdə Cinayət Məcəlləsinə əlavə edilən 148.1-ci maddəsinə əsasən internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablarda istifadə edərək böhtan atma və ya təhqir etmə nəzərdə tutulur.
Məlumat üçün bildirim ki, belə əməllər sosial şəbəkələr, “Google”, “YouTube”, “Twitter” və digər internet resurslar vasitəsilə yayılır. Həmin resursların mərkəzləri ölkə daxilində olmadığı üçün onlara nəzarət etmək mümkün deyildir.
Nəticədə buna dair material toplayıb cinayət işi qaldırmaq və ya mülki iddia verib cavabdehin məhkəmədə iştirakını təmin etmək mürəkkəb məsələdir.
Dövlət tərəfindən mütəşəkkil cinayətkarlığa, korrupsiyaya, terrorizm, təxribat, çirkli pulların yuyulması, kiber hücumlara qarşı mübarizə ön planda olmaqla qabaqlayıcı tədbirlərin görülməsini nəzərə almaq lazımdır.
Fikrimcə, sosial şəbəkələrdə əsas hədəf narazı olan şəxslərin narazılıqlarının səbəbləri deyil, bütün hallarda siyasi motiv axtarıb bundan istifadə etməklə təşkilatlanmaqdan ibarətdir.
Odur ki, aşağıda qeyd edilən tədbirlərin görülməsi zəruridir:
1. Əgər bütün dövlət qurumlarında “Vətəndaşların müraciətləri haqqında” 30 sentyabr 2015-ci il tarixli Qanuna ciddi riayət edilsə, mövcud narazılıqların təxminən 70 faizini aradan qaldırmaq olar.
Bəs nə baş verir? Vəzifəli şəxslərin qanunsuz fəaliyyətləri ilə bağlı konkret faktlar göstərən vətəndaşın müraciəti yoxlanılmır, şikayətin mahiyyətinə uyğun olmayan cavab verilməklə kifayətlənilir.
Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin III və IV hissələrində, normativ hüquqi aktlar haqqında Konstitusiya Qanununda birbaşa qeyd edilib ki, Qanunlar, Fərmanlar və digər normativ aktlar dərc edildiyi (hansı vaxtdan qüvvədə olması göstərilməklə) gündən qüvvədə olur. Həmin normativ aktların bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti və hüquqi şəxslər üçün icrası məcburidir. Vətəndaş ümid edir ki, şikayəti qanuni həllini tapacaq. Lakin aylar, bəzən bir ildən artıq müddət keçməsinə baxmayaraq, süründürməçiliyə yol verilməklə şikayətin mahiyyətinə uyğun olmayan cavab verilir. Nəticədə narazılığa şərait yaradılır. Baxmayaraq ki, dövlət qurumlarının rəhbərləri səyyar qaydada vətəndaşlara qəbul edib şikayətlərin mahiyyəti üzrə həllini təmin edirlər;
2. “Vətəndaşların müraciətləri haqqında” 30 sentyabr 2015-ci il tarixli Qanunun 7.13-cü maddəsinə əsasən vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır. Lakin çox hallarda həmin qanunsuzluğa yol verilir. Vətəndaş çox hallarda şikayətinin həlli ilə bağlı müracətinə verilən cavabı məqbul hesab etmədikdə təkrar müraciət edir və yenə də eyni məzmunlu cavab alır. Belə olan halda şikayət göstərilən subyektə və vəzifəli şəxsdən 3 dəfə cavab verildiyi üçün bundan sonra şikayətə baxılmayacağını bildirməklə həmin Qanunun 8.1.4-cü maddəsinə istinad edirlər. Qeyd edilən Qanun 8.1.4-cü maddəsinə əsasən vətəndaşların təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verldikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda müraciət baxılmamış saxlanılır. Burada söhbət əsaslandırılmış cavab verilməsi və yeni xüsusatın olmamasından gedir. Əgər vətəndaş əsaslandırılmış cavab alırsa əksər hallarda təkrar müracitə ehtiyac qalmır.
3. Mənəvi-əxlaqi və vətənpərvərliklə bağlı işlərin zəif təşkili, sosial şəbəkələrdə narkomaniyanın, əxlaqsızlığın təbliği, bu şəbəkələrdən dövlət quruculuğuna zərbə vurmaq üçün bir vasitə kimi istifadə olunmasını da gücləndirir. Belə ideoloji təbliğatlar daha çox xarici qüvvələr tərəfindən məqsədli şəkildə həyata keçirilir.
Maraqlı faktlardan biri də odur ki, sağlam ailədə tərbiyə aldıqda, oxuduğu məktəbdə, işlədiyi kollektivdə mənəvi-əxlaqi dəyərlərə üstünlük verildikdə, xaricə təhsil almağa və ya işləməyə gedən gənclərimizin əksəriyyətini özləri ilə apardıqları ən dəyərli şey Azərbaycan bayrağı olur. Bu, təqdirəlayiq haldır. Onlar, harada olmalarından asılı olmayaraq, dövlətini, tarixini, adət-ənənələrini ləyaqətlə təmsil edirlər. Odur ki, yeni nəsli qorumaq, onları vətənpərvər ruhda tərbiyə etmək, ictimai nəzarəti gücləndirmək və daxili sabitliyi qorumaq lazımdır. 01 fevral 2019-cu il tarixdə Bakı Konqres Mərkəzində Azərbaycan Gənclər Gününə həsr edilmiş Respublika toplatısında çıxış etmiş ölkə başçısı demişdir: “Daxili sabitliyi qorumaq hər bir ölkənin inkişafı üçün əsas şərtlərdən biridir.”
Eyni zamanda ölkə başçısı ictimai nəzarətin təmin edilməsinin vacibliyinə də böyük önəm vermişdir.