XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 May 2019 - 11:50

Prezident İlham Əliyev Almaniya Bundestaqının nümayəndə heyəti ilə görüşdü –FOTO

Prezident İlham Əliyev mayın 23-də Almaniya Federativ Respublikası Bundestaqının nümayəndə heyətini qəbul edib.

Strateq.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı Almaniya Bundestaqının Sosial Demokrat Partiyası, Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yohannes Kahrsın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin regionlardan başlamasının qonaqların Azərbaycan haqqında daha geniş məlumata malik olmaları üçün yaxşı imkan yaratdığını bildirib. İkitərəfli münasibətlərə toxunan Prezident İlham Əliyev Almaniya Kansleri Angela Merkelin Azərbaycana ilk səfərini xatırlayaraq bunu əlaqələrimizin inkişafında tarixi hadisə kimi dəyərləndirdi və səfərin çox uğurla keçdiyini qeyd edib. Eyni zamanda Prezident İlham Əliyev özünün də Almaniyaya səfərlərinin münasibətlərimizin möhkəmləndirilməsinə töhfə verdiyini bildirib. Dövlət başçısı əməkdaşlığımızın çox yüksək səviyyədə və yaxşı perspektivlərə malik olduğunu deyib. Prezident İlham Əliyev ölkələrimizin biznes dairələri arasında da əlaqələrin uğurla inkişaf etdiyini, ölkəmizdə xeyli sayda Almaniya şirkətlərinin müxtəlif layihələrdə iştirakının önəmini vurğulayıb. Dövlət başçısı parlamentlərarası əməkdaşlığın ikitərəfli münasibətlərimizin inkişafı baxımından rolunu qeyd edib.

Almaniya Bundestaqının Sosial Demokrat Partiyası, Almaniya-Cənubi Qafqaz parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yohannes Kahrs paytaxt Bakının və ölkəmizin regionlarının onlarda böyük təəssürat yaratdığını deyib, həmçinin Qəbələyə səfərləri zamanı məcburi köçkünlərlə görüşdüklərini və Azərbaycan hökuməti tərəfindən onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərlə tanış olduqlarını bildirib. Yohannes Kahrs Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkə olduğunu xüsusi vurğulayıb.

Görüşdə parlamentlərarası əməkdaşlığın ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm əhəmiyyət daşıdığı bildirilib, Azərbaycan və Almaniya arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.